Cəmiyyət

Dövlət çimərlik açır, Sabunçu İH dənizi hasarlayır-VİDEO

Sabunçu rayonu ərazisində dənizə girişin hasarlanmasıyla bağlı Analoq.az-a oxucular tərəfindən videokadrlar göndərilib.

Videokadrlardan görünür ki, dənizin sahili dəmir hasarla bağlanılıb. Ərazidə xilasedici işləyən Səbuhi İsayev adlı şəxs əvvəlcə bildirib ki, dənizdə adam batdığı üçün giriş qadağandır.

Bildiyimiz kimi, xüsusi karantin rejimi günlərində dənizə giriş qadağa olunduğu üçün dənizdə kiminsə çimməyi və batması ağlabatan deyil. Onu da qeyd edək ki, dənizdə boğulmayla bağlı Fövqaladə Hallar Nazirliyinin rəsmi saytında bu günlərdə da belə bir məlumat yerləşdirilməyib.

Səbuhi İsayev adlı şəxs daha sonra bu ərazinin dövlət tərəfindən, Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən bağlandığını bildirib.

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəsi Vüqar Əsədovla əlaqə saxlayıb məlum videoyla bağlı açıqlama aldıq. Qəsəbə nümayəndəsi videoya baxdıqdan sonra dənizin hasarlanmasını inkar etdi.

Halbuki, videoda dənizin dəmirlə hasarlanması barədə söhbət açılır. Daha sonra Vüqar müəllim həmin ərazidə “Yaxt klub” tikildiyini bildirdi. Müsahibimizdən o ərazinin rayon İcra Hakmiyyəti tərəfindən hasarlandığı ilə bağlı soruşduqda, bildirdi ki, bu, yalan məlumatdır.

Maraqlıdır, videoda danışan xilasedici İsayev Səbuhi niyə rayon icra hakimiyyətinin adından danışır? Əgər ərazini RİH hasarlamayıbsa, bəs kim hasara alıb. Necə ola biər ki, RİH-in bundan xəbəri olmasın?

Qeyd edək ki, Milli Məclisdə Xəzər dənizi sahilinin hasarlanması problemi ilə bağlı dəfələrlə məsələ qaldırılıb. Deputatlar qeyd ediblər ki, Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Parlament üzvləri bildiriblər ki, bu hasarlanmalar aradan qaldırılmalıdır.

Bundan başqa, məsələ ilə bağlı dövlət başçısı da dəfələrlə irad bildirib və bu halların qarşısının alınmasının zəruriliyini qeyd edib. Lakin, görünən odur ki, bəzi rayon icra hakimiyyətləri, məmurlar, biznesmenlər dövlət başçısının və parlamentin bu tənqidlərindən nəticə çıxarmayıblar.

Mövcud karantin rejimi görünür bəzilərinə qanunları rahatca pozmaq üçün şərait yaradır.

Qanunun tələbinə görə, ümumi istifadə üçün nəzərdə tutulan məkanları dənizdən 20-50 metr enində məsafədə hasarlamaq, mənimsəmək qadağandır. Qanuni məsafədə qanuni şəkildə hasarlanan ərazilərdə isə hər 200 metrdən bir eni 6 metrdən az olmayaraq dəniz sahilinə birbaşa sərbəst avtomobil giriş-çıxışı qoyulmalıdır.

Cinayət Məcəlləsindən çıxarış

Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi, istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma— 4 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ümidvarıq ki, yuxarı dövlət orqanları bu problemin araşdırılmasını və qanunu pozanlar haqda müvafiq ölçü götürülməsini təmin edəcək.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button