Ölkə

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovla bağlı şikayətlər səngimir

Xəbər verdiyimiz kimi, Hövsan qəsəbəsi Hafiz Quliyev küçəsi, bina 24-ün sakini Almaz Məmmədova Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovdan və 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MİS, “JEK”) rəisi Mircəfər Həşimovdan qanunsuz tikiliyə imkan verdikləri üçün şikayətçi olduğunu bildirib. O, bununla bağlı Cebhe.info-ya müraciət edib. Şikayətin işıqlandırılmasından sonra Əziz Əzizov Cebhe.info-ya “ultimatum” göndərib, ardınca isə saytın direktoru Rəfail Becanovu “Allaha tapşırıram” deyərək problemi həll etməyin yolunu bunda görüb.

Əziz Əzizov “Bu tikilidə işlər Əziz Əzizovun vaxtında deyil, İlqar Abbasovun zamanında başlayıb. Yazıda mənim yox, İlqar Abbasovun adını çəksinlər”,- deyə “ultimatum”unda sabiq icra başçısının adının çəkilməsini istəyib. Sonra isə özü şəxsən şikayət olan əraziyə gələn Əziz Əzizov “O sayt pul alıb mənim haqqımda yazı yazıb, mənə böhtan atıb. O saytın rəhbərini Allaha tapşırıram”,- deyərək dövlət məmuruna yaraşmayan tərzdə mövqe ortaya qoyub.

Qeyd edək ki, şikayətlə bərabər Əziz Əzizovun Cebhe.info ilə bağlı fikirləri də saytımızda işıqlandırıldı. Ötən müddət ərzində isə sözügedən ünvanın (Hafiz Quliyev küçəsi, bina 24-V.M) sakinlərinin şikayətləri təmin edilmədi, problem olduğu kimi qaldı.

Xatırladaq ki, şikayət İcra Hakimiyyətinin 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilin obyektə çevrilməsinə verdiyi qanunsuz icazə əsasında tikinti aparılması ilə bağlı idi.

Qeyd olunurdu ki, sözügedən tikili yaşayış binasına təhlükə yaradır. Maraqlı məqam isə ondan ibarətdir ki, İcra Hakimiyyətinin qanuni adlandırdığı tikilini Fövqəladə Hallar Nazirliyi (FHN) qanunsuz hesab edir.

Cebhe.info-ya verilən məlumata görə, 7 sentyabrda FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları şikayət olunan əraziyə gedib və tikinti aparılan obyektin qapısına “plomb” (möhür) vurub. 2 gün dayandırılan işlər sonradan yenidən bərpa olunub. Hazırda həmin ərazidə tikinti davam edir. Görünən odur ki, İcra Hakimiyyəti ilə FHN “münasibətlərini” aydınlaşdırırlar. Hansı “güclü” olacaqsa, onun da sözü keçəcək. Əks halda, bir dövlət qurumunun qadağan etdiyi tikintiyə İcra Hakimiyyəti “yaşıl işıq” yandırmaz, nəticədə isə bina sakinləri təhlükə ilə üz-üzə qalmazdı.Şikayətçi Almaz Məmmədova Cebhe.info-ya deyib ki, nə tikinti dayandırılır, nə də sakinlərə dəymiş zərər ödənilir:

“Birinci dəfə şikayət sizin saytda işıqlandırılanda məni 104 saylı “JEK”ə (Mənzil Kommunal İstismar Sahəsi-V.M) çağırdılar. Orada mənə dəymiş zərərin ödənilməsi ilə bağlı razılaşma təklif olundu. Görüşdə obyekt sahibin vəkili İlqar Məmmədov, Mənzil İstismar Sahəsinin (MİS, “JEK”) rəisi Mircəfər Həşimov, “JEK”-in ərazi üzrə mühəndisi Tural müəllim və mən iştirak edirdim. Mənə 200-300 manat pul təklif etdilər, mən də bildirdim ki, bu vəsait dəymiş zərəri ödəmir, sakinlərə ən az 2 min manat pul ödənilməlidir. Orada da açıq şəkildə dedim ki, şikayətçiləri razı salmaq üçün ilk növbədə binaya vurulan zərər, qanunsuz olaraq sökülən arakəsmə və dayaq beton divarlar bərpa olunmalıdır, sonra da sakinlərə dəymiş zərər ödənilməlidir. Binada elə sakinlər var ki, onların evi təmirlidir və onlara dəymiş zərər isə daha çoxdur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button