Sağlamlıq

İnfeksionist: “Qadağaların aradan qaldırılmasının əleyhinəyəm”

Tibbi Ərazi Bölmələrinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü, həkim-infeksionist Nəzrin Mustafayeva koronavirus pandemiyası, onunla mübarizə tədbirləri, payızda gözlənilən artımla bağlı sualları cavablandırıb. Onunla müsahibəni təqdim edirik:

– Nəzrin xanım, ötən aylarla müqayisədə ölkəmizdə yoluxma və sağalmada müsbət dinamika müşahidə edilir. Ümumi sanitar-epidemioloji vəziyyəti nəzərə alsaq, hazırda COVID-19-la bağlı Azərbaycandakı vəziyyəti necə qiymətləndirmək olar?

– Bəli, doğru vurğuladınız. Hamıya məlumdur ki, müsbət dinamika səbəbindən aylardır davam edən sərt karantin rejimi mərhələli şəkildə yumşaldılmağa başlayıb. Növbə ilə, addım-addım bir sıra qadağalar aradan qaldırılır. Bunun nəticəsidir ki, ölkədə COVID-19-a yoluxmada müəyyən stabillik müşahidə edirik.

Həm qonşu ölkələrin, həm də digər respublikaların hazırkı vəziyyətini nəzərdən keçirsək, bunu deməyə əsas verir ki, bizim vətəndaşlarımızın hər biri öhdəsinə düşən qaydalara öz miqayasında riayət etdiyinə görə hazırkı stabilliyi qoruyub saxlaya bilmişik. Təbii ki, burada aidiyyatı qurumların rolu da çox böyükdür. Biz bunu hər zaman vurğulayırıq. Amma biz bilməliyik ki, ən önəmli olan əhalinin davarnışıdır. Çünki ciddi azalma və artıma səbəb olan məhz bu faktordur.

– Ümumiyyətlə, ÜST, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın Tibbi bölməsi qarşıdakı payız aylarında həm mövsümi xəstəliklərin, həm də COVID-19-a yoluxmanın artacağı barədə xəbərdarlıq edirlər. Doğrudanmı payızda koronavirusla bağlı ikinci dalğa gözlənilir?

– Sərt karantin rejimindən sonra dərhal yumşaldılmaya gedilməsi və dərhal qadağaların aradan qaldırılmasının əleyhinəyəm. Mən düşünürəm ki, hazırda həyata keçirilən mərhələləli yumşaldılmalar daha effektlidir. Yumşalma prosesinə mərhələli şəkildə qədəm qoymaq və bir müddət dinamikanı izləmək vacibdir. Hər nə qədər müsbət dinamika müşhidə etsək də, vəziyyət nəzarət altına alınmış olsa da, unutmamalıyıq ki, pandemiya ilə mübarizə hələ də davam edir. Bizdən asılı olmayan bir sıra faktorlar var. Önümüzdə soyuq aylar bizi gözləyir, artıq məktəblərin açılışına hazırlaşırıq. Bu da özü ilə bərabar həm ictimai nəqliyyatda, həm də digər məkanlarda sıxlığın artmasına səbəb ola bilər ki, bizi də narahat edən məsələnin ikinci tərəfidir. Bütün bu fürsətlərin bizim üçün problemə çevrilməsinin qarşısını almaq üçün hər zaman ehtiyat tədbirlərini gözləməliyik. Tibbi maska, sosial məsafə həyat tərzimizə çevrilməlidir. Yumşalmalara getdikcə, bu vasitələrdən istifadəni unutmamalıyıq.

– Həmçinin, virusun istiyə dözümsüz olduğu deyilir, amma ölkəmizdə iyun-iyul yoluxmalarında bunun əksini gördük. Bu baxımdan qışda mütəxəssislərin düşündüyünün əksini müşahidə etmək ehtimalı varmı?

– Virusun istiyə dözümsüzyünə gəldikdə, bu, sadəcə əvvəlcədən irəli sürülmüş fərziyyədir. Nəzərə alsaq ki, virus sağlam şəxsə digər şəxsdən yoluxur. Sırf virusun yaşama qabiliyyətini saxlayıb-saxlamaması baxımından hava şəraiti o dərəcədə önəmli deyil. Yoluxma sayına təsir etdiyi məqam ondan ibarətdir ki, soyuq aylarda insanlar daha çox qapalı məkanlarda olmağa üstünlük verirlər, nəninki yay aylarında. Virusun artmasında bu əsas faktor olaraq, özünü göstərir. (modern.az)

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button