Köşə

Aqil ABBAS: BEKARÇILIQDAN İNDİ DƏ RAYONLARI LƏĞV EDİRİK

Hərə də bir təklif verir. Mənasız təkliflər haqqında ötən günlərdə bir köşə yazmışdım. Bu gün də təkrar dərc edəcəm.

Gəncənin millət vəkilləri təklif irəli sürüblər ki, Gəncənin Kəpəz və Nizami rayonları ləğv edilsin. Guya bu sərfəli olacaq.

Hörmətli Vahid müəllim Əhmədov da təklif edib ki, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları (bilmirəm Xızını əlavə edib, yoxsa yox) birləşdirilsin. Həm də onu da təklif edib ki, digər bölgələrdəki rayonlar da birləşdirilərək 11 rayon yaradılsın.

Xüsusən də Türkiyəni misal çəkirlər ki, 82 milyon əhalinin yaşadığı o boyda ölkədə cəmi 83 rayon var.

Amma Türkiyədə də rayonların sayı azaldılmır, artırılır. Əvvəllər 81 idi, indi 83 olub. Məsələn, Iqdırı Qarsdan ayırıb ayrıca rayon elədilər, yəni qardaşlarımızın diliylə desək, il. İlləri valilər idarə edir və hər ildə də bir neçə ilçə var, onları da kaymakanlar. Və hər kaymakan da öz ilçəsinin sahibidi. Və ilin polisi, jandarması, prokuroru da valinin tabeçiliyindədi. İlçələrin hüquq-mühafizə orqanları da kaymakanların. İl və ilçələrin iqtisadi cəhətdən idarə edilməsi bələdiyyələrin səlahiyyətindədi. Amma bələdiyyələrin fəaliyyətinə də valilər və kaymakanlar nəzarət edir. Yəni onu demək istəyirəm ki, Türkiyədə də icra hakimiyyəti orqanları var. Bu belə.

Vaxtilə gərək ki, 63-cü il idi, Xruşşov da rayonları birləşdirdi. Məsələn, Ağcabədi rayonu ləğv edilərək Ağdamın tabeliyinə verildi. Lakin bu, özünü doğrultmadığına görə uzun sürmədi və yenidən birləşdirilən rayonların statusları bərpa olundu.

Təklif edirlər ki, Abşeron rayonu ləğv edilərək Bakıya birləşdirilsin. Abşeron kənd təsərrüfatı rayonudu, Bakı kənd təsərrüfatı şəhəri deyil.

Əksinə, Qaradağ rayonu da Bakıdan ayrılıb müstəqil rayon olmalıdır ki, Bakının yükü bir az azalsın. Qaradağ rayonunun bütün ərazisi və obyektləri Bakı şəhərinin qırmızı xəttindən kənardadı. Mən təklif vermədim ey, ümumiyyətlə deyirəm.

Və sonda. Əgər Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilirsə, onda bu məntiqlə Bakı şəhərinin rayonları da ləğv edilməlidir.

Yadıma düşmüşkən, illər əvvəl AZAl-ın prezidenti Cahangir Əsgərov Aeroportun prokurorundan xoşu gəlmədiyinə görə, ümumiyyətlə, Aeroportun prokurorluğunu ləğv elətdirdi. Bu da belə.adalet.az

Analoq.az

Daha çox
Back to top button
Close