Ölkə

Xankəndi Azərbaycanın nəzarəti altına keçir ANALİTİK+FOTOLAR

Humanitar yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb

Şanlı Azərbaycan Ordusunun Qarabağ cəbhəsində 44 gün ərzində işğalçı Ermənistana verdiyi hərbi və siyasi dərsin ardınca, imzalanmış üçtərəfli bəyannaməyə əsasən, növbə ərazilərimizin tam olaraq nəzarətimiz altına keçməsinə gəldi. Daha dəqiq desək, hərbi əməliyyatlar dayandıqdan dərhal sonra müəyyən olunmuş qrafik əsasında işğalçı qüvvələrin yerdə qalan hissəsinin ərazilərimizdən çıxarılması prosesinə start verildi. Artıq Ağdam və Kəlbəcər rayonları tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır və bu gün Laçın rayonu da bir güllə atılmadan tam nəzarətimiz altına keçmək üzrədir. Bütün bu reallıqların arxasında dayanan yeganə həqiqət, yeganə faktor birmənalıdır – Azərbaycanın düşmən üzərində tam qələbəsi və Ali Baş Komandan cənab İlham Əliyevin Dağlıq Qarabağa heç bir statusun verilməyəcəyi ilə bağlı dəfələrlə səsləndirdiyi bəyanatları.

Qarabağ münaqişəsinin birdəfəlik həlli mexanizminin bütün rıçaqları Azərbaycanın əlindədir

Söz yox ki, növbəti proseslər diplomatiya xətti ilə davam edir və əlbəttə ki, qəbul olunmuş məlum bəyannamə əsasında. Yəni Xankəndi də daxil olmaqla, Dağlıq Qarabağın bütün (!) ərazisində Azərbaycan qanunları icra ediləcək, Azərbaycan bayrağı əsəcək, bu da birmənalıdır!

Digər bir reallıq qardaş Türkiyə dövlətinin istər siyasi, istərsə də hərbi mənada bizə dəstəyi və bu dəstəyin davamlı xarakter alması faktıdır. Əbəs deyil ki, artıq Türkiyənin müvafiq rəhbər dairələri türk hərbi kontingentinin Azərbaycana gəlməsi istiqamətində kiçik detalların dəqiqləşdirildiyini bəyan edir, qısa müddətdə burada olacaqlarını vurğulayırlar. Sözügedən reallıq da belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Qarabağ münaqişəsinin birdəfəlik həlli mexanizminin bütün rıçaqları Azərbaycanın əlindədir.

Sosial şəbəkələrdə özlərindən “ağıllı” tipli “siyasi moizələr” oxuyan, ümumxalq maraqları üçün heç vaxt bir araya gəlməyən həmin tiplərin bundan sonra da nəyə isə iddia etmələri xalq üçün heç bir rol oynamır

Lakin təəssüf ki, istər müharibə dövründə, istərsə də atəşkəs bəyannaməsindən sonra işləri-gücləri yalnız pessimistlik yaratmaqdan, uğursuz düşüncələrlə ictimai rəyi çaşdırmaqdan ibarət olan adamlar da var və onlar hazırda aparılan hərbi-diplomatik səylərə kölgə salmağa cəhdlər göstərməkdədirlər. Halbuki, belələrinin əksəriyyəti “siyasi partiya lideri” adı altında illər boyu Qarabağ mövzusundan öz çirkin məqsədləri üçün istifadə ediblər, spekulyasiyalara yol veriblər. Əlbəttə, xalq, ictimai rəy artıq bu cür populist, “millətçilik” pərdəsi altında sözün əsl mənasında polyaçilik sərgiləyənləri hesaba almır, ciddi qəbul etmir. Artıq onların bütün kartları açılıb və hansı “məzhəbə” qulluq göstərmələri də bəllidir. Yalnız sosial şəbəkələrdə özlərindən “ağıllı” tipli siyasi moizələr oxuyan, xalq, dövlət, ümumxalq maraqları üçün heç vaxt bir araya gəlməyən həmin tiplərin bundan sonra da nəyə isə iddia etmələri xalq üçün rol oynamır. Amma bütün bunlara rəğmən, bir daha həmin satqın və xəyanətkarların Qarabağ ətrafındakı uğurlu diplomatiya siyasətimizə kölgə salmağa yönəlmiş çirkin niyyətlərini ifşa etmək üzərimizə düşən məsuliyyətdir…

Rəsmi məlumatda qeyd edilir ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir

Beləliklə, bugünlərdə Müdafiə Nazirliyinin rəsmi informasiyasında bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingentinin təminatı ilə bağlı Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış protokola əsasən müvafiq fəaliyyətlər həyata keçirilir.
Noyabrın 28-də Rusiyadan ölkəmizə dəmir yolu vasitəsilə daxil olan hərbi qulluqçular, avtomobil və xüsusi texnika, o cümlədən digər maddi-texniki təminat vasitələri müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçib.
Sülhməramlılar üçün nəzərdə tutulan yük noyabrın 29-da Yalama-Bakı-Yevlax-Bərdə dəmiryolu marşrutu üzrə Bərdə şəhərinə çatdırılıb.
Vaqonlardan boşaldılan yüklər əvvəlcədən planlaşdırılmış qaydada Azərbaycan Müdafiə Nazirliyi Hərbi Polisinin müşayiəti altında Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil nəqliyyatı vasitəsilə təyinat məntəqəsinə çatdırılıb.
Rəsmi məlumatda qeyd edilir ki, gələn bu heyət və yük üçtərəfli bəyanatda qeyd olunan Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçusu, müvafiq sayda hərbi texnika, avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingentin bir hissəsidir.

Ermənistandan gələn hər hansı yük və s. humanitar yardımlara isə artıq nəzarətimizə keçən Laçın dəhlizində yoxlanılacaq

Söz yox ki, müharibədən sonra humanitar məsələlərin reallaşdırılması vacib məqamdır və burada əsasən, yardıma ehtiyacı olan mülki əhalinin təminatları faktoru dayanır. Ancaq daha bir reallıq budur ki, artıq Xankəndidə aparılan yardımların bir hissəsi də, məhz Azərbaycanın ərazisindən keçir və həmin faktın özü də sübut edir ki, artıq Xankəndinə nəzarət prosesi Azərbaycanın nəzarəti altına keçmək üzrədir. Təbii ki, daha sonrakı müddətdə orada əvvəllər yaşamış ermənilərin və doğma yurd-yuvalarına geri dönəcək azərbaycanlıların yerləşdirilməsi, qeydiyyat və s. məsələsi də gündəmə gələcək və bu prosesdə də Azərbaycan dövləti öz hüququnu, diktəsini davam etdirəcək. Ermənistandan gələn hər hansı yük və s. humanitar yardımlara isə artıq nəzarətimizə keçən Laçın dəhlizində yoxlanılacaq. Çünki o da bəllidir ki, Rusiya sülhməramlıları ilə yanaşı, həmin dəhlizin əsas məntəqəsində Azərbaycan Silahlı Qüvvələri yerləşəcək. Daha bir mühüm amil isə Türkiyə hərbi kontingentinin Azərbaycan tərəfinin təyin edəcəyi istənilən yerdə xidmət göstərəcəyi ilə bağlı verilən qərardır. Maraqlıdır ki, bütün bunları bilən bəzi “ağıllı” siyasətbazlar, əslində təxribatçılıqla məşğul olurlar və söz yox ki, irəli sürdükləri hər hansı bir fikirləri nə xalq üçün, nə də cəmiyyət üçün maraq kəsb etmir./sia.az/

Rövşən RƏSULOV

Analoq.az

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button