Ölkə

“Getsin otursun xarabasında, köçkünün kafesi olar?” – “Azərişıq” ASC-nin işçisi

Qaçqın və məcburi köçkünlərin bütün dönəmlərdə ölkə rəhbərliyinin qayğı və diqqəti ilə əhatə olunması hər kəsə məlumdur. İstər mərhum dövlət başçısı Heydər Əliyevin dövründə, istərsə də Prezident İlham Əliyevin zamanında birmənalı olaraq bu təbəqədən olan insanlar onlara dövlətin, hakimiyyətin yanaşmasından məmnunluq ifadə ediblər.

Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva isə qaçqın və məcburi köçkün məsələsinə xüsusi diqqət ayırır və hər zaman onların yanında olduğunu əməli işi ilə bəyan edib. Bu siyasətə qarşı çıxanlar isə ciddi şəkildə cəzalarını alıblar. Ölkəmizdə start verilən islahatlar, görülən işlər bu sahədə daha da böyük irəliləyişlərə gətirib. Ancaq bütün bunlara baxmayaraq hələ də öz yarıtmaz işi ilə bu istiqamətdə görülən işlərə kölgə salan məmurlar var. Və məntiqi yanaşma ilə belə məmulara havadarlıq edənlər ölkədə aparılan islahatlara, görülən işlərə kölgə salmaq istəyənlərdir.

Keçək əsas mətləbə…

Göygöl rayonu Toğanalı kəndində yerləşən Dəlidağ kafesini işlədən məcburi köçkünlər üzləşdikləri haqsızlıqla bağlı redaksiyamıza müraciət ediblər. Şikayətdə ötən il ildırım vurması nəticəsində elektrik sayğacının sıradan çıxdığı qeyd edilir. Buna görə müvafiq qurumun işçiləri kafeyə 600 manat cərimə yazıblar. İldırıma görə cərimə…

Kafe sahibləri buna etiraz edəndə rayonun Elektrik Şəbəkəsindən bildiriblər ki, doğrudan da bu cərimə hadisəyə görə ən azı 2 dəfə artıqdır. Kafe sahibləri bu cərimənin 300 manatını ödəyiblər. Buna baxmayaraq rayon elektrik şəbəkəsinin rəisi Vaqif Məmmədov həftə səkkiz, mən doqquz bu kafenin işğını kəsdirir. Pandemiya və Göygölün bir müddət öncəyə qədər karantin zonası olduğu nəzərə alınsa, ortadakı durum hər kəsə bəlli olar. Tək Vaqif Məmmədovdan başqa. Bunu deməyə əsas da var.

Məsələ ilə bağlı Vaqif Məmmədovla əlaqə saxlayıb vəziyyətin necəliyi, məcburi köçkünlərə ölkə rəhəbrliyinin diqqət və qayğısını çatdırdıq. Və o da etiraf etdi ki, doğrudan bu cərimə 600 manat olmalı deyil. Qeyd etdi ki, məsələni qanunvericiliklə müəyyən edilmiş qaydaya salmaq onun işi deyil. Səhv, düz, nə yazılıbsa, o da ödənilməlidir.

“Oranı işlədənlər məcburi köçkünlərdir, bu il koronavirus səbəbundən işləyə bilməyiblər, siz o cəriməni qanunvericiliklə uyğunlaşdıra bilərsinizmi?” sualına isə cənab Məmmədov əsəbi şəkildə “Köçkün getsin otursun xarabasında, köçkünün kafesi olar?” cavabını verib. Ona bildirəndə ki, bəs, bu cür yanaşması ilə ölkə rəhbərliyinin siyasətinə qarşı çıxır, cavab verib ki, o deyil, biz bu siyasətə qarşı çıxırıq. Səbəb kimi də məcburi köçkünlərin pozulmuş hüquqlarını müdafiə etməyimizi göstərib. Redaksiyadan: İnanırıq ki, müvafiq dövlət qurumları faktı araşdıracaq və tədbir görəcək. Bundan öncə sabiq vergilər naziri Fazil Məmmədovun adamı kimi Şəmkir Elektrik Şəbəkəsinə rəhbərlik etmiş Vaqif Məmmədovun elə Şəmkirdəki işləri də araşdırılacaq. Modern.az olaraq, məsələ ilə bağlı “Azərişıq” ASC-nin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat katibi Vaqif Aydınoğlu saytımıza açıqlamasında məsələnin mütləq araşdırılacağını qeyd etdi. O, əlavə etdi ki, növbəti iş həftəsində məcburi köçkünlərin müraciətinə baxılacaq.pravda.az

Analoq.az

Daha çox
Back to top button
Close