Ədəbiyyat

“Təslim olub qol çəkdinmi, nooldu?”-ADƏM ASNI

Analoq.az şair Adəm Asnının şeirlərini təqdim edir:


Danışım

Gəl, sənə səndən danışım,
Sənli dünəndən danışım,
Erkən-erkən saçlarıma,
Saldığın dəndən danışım.

Sənə sən yardan danışım,
Bir ilk bahardan danışım,
O bahara sən adda yar
Yağdıran qardan danışım.

Sənə bir qızdan danışım,
Etdiyi nazdan danışım.
Şaxtası qanı donduran
Qəlbində buzdan danışım.

Əhdindən, anddan danışım,
Nakam muraddan danışım.
Bir zaman nazlı sevgilim,
İndiki yaddan danışım.

O, sənli çağdan danışım,
Sinəmdə dağdan danışım.
İlk görüşün, ilk busənin
Şahidi bağdan danışım.

Daha haradan danışım?
Sən de, oradan danışım.
Ürəyimdə qaysaqlamış
Köhnə yaradan danışım.

İstəsən məndən danışım,
Quru bədəndən danışım-
Sayəndə tək cismi qalan,
Ruhu gedəndən danışım.

Gəl sənə səndən danışım,
Sanayıb dən-dən danışım,
İlk eşqimi qərq etdiyin
Dumandan, çəndən danışım,
Gəl sənə səndən danışım…

Bakı, avqust – 2020

****
Hələ deyil cəngin sonu.

Rədd olsan da Qarabağdan,
Hər zirvədən, kənddən, dağdan,
Yağı düşmən, bil ki, bunu,
Hələ deyil cəngin sonu.

Xəbər verin Sərkisyana,
Dərisin soyduğu ana,
Öldüsə də, oğlu qalır,
Budur gəlir, qisas alır.

İntiqamın qanadıyla,
Son qisasın inadıyla,
Şığıyacaq, hayqıracaq,
Belinizi sındıracaq.

Üstünüzə od saçacaq,
Naxçıvana yol açacaq,
Əridib həsrət donunu,
Gətirəcəkdir sonunu.

Gəlsə müsyö da, ivan da,
Gözlərimiz İrəvanda.
Toplansa da, dirin, ölün,
Alacağıq Göyçə gölün.

Çox qalmayıb, bir az da gəz,
Bizimkidir Dərələyəz.
Sübut etdik dosta, yada,
Gələcəyik oraya da.

Sümsük köpək, görəcəksən,
Zingildəyib hürəcəksən,
Hayqıraraq ura, ura,
Biz girəndə Zəngəzura.

Alçaq düşmən, səni bir an,
Qoymarıq baş qaldırasan,
Xəyal deyil, həqiqətən,
Siləcəyik xəritədən.

Bakı, oktyabr – 2020

****

Nooldu

Sənə üç-dörd sualım var, Paşinyan,
Nooldu, qalmısan ordusuz, üryan?
Niyə təslim oldun, qalmadımı yol?
Sənə demədikmi gəl ağıllı ol?

“Qarabağ bizimdir, nöqtə” deyirdin,
Nooldu, siçan tək deşiyə girdin?
Nöqtənin üstünə qoyduqmu nida?!
Qarabağa dedirtdikmi əlvida?

Yeni torpaq zəbt edirdin, nooldu?
Şuşada yallı gedirdin, nooldu?
Kəlbəcərə yol çəkdinmi, nooldu?
Təslim olub qol çəkdinmi, nooldu?

Dedik axı, qovacağıq it kimi,
Gördünmü qalmısan bir meyit kimi.
Dəmir bir yumruğun görüb dadını,
Şuşa nədir, unutdunmu adını?

O yumruq sarsılmaz birliyimizdir,
Onda düyünlənən hər birimizdir.
Ordu, xalq və dövlət – hamı bir nəfər,
Birləşib çaldıqmı möhtəşəm zəfər?

Çiyin gəzirsən suçunu yıxmağa,
Cəsarətin yox açığa çıxmağa,
Zirzəmidə imza atdın sənədə,
Qalib gəldik orduna da, sənə də.

Gördünmü ordumuz necə can alar,
Necə oğullar doğubdu analar?
Son qoydular işğala, əsarətə,
Özün də mat qaldın bu cəsarətə.

Aləm bilir, təslimçilik zor oldu,
Bütün xəyalların gorbagor oldu.
Alqış ordumuza, alqış min kərə,
Qovalayıb səni, soxdu bunkerə.

Nooldu ki, rəngin saralıb soldu?
Qarabağ bizimdir, bizim də oldu.
Bu, nə qorxu – təlaş, nə həyəcandır?
Unutma, Qarabağ Azərbaycandır!

10.11.2020.

****
Mənim olsan

Demə sevgi əfsanədir,
Zəiflikdən nişanədir.
Görəcəksən sevmək nədir,
Mənim olsan.

Eşq oduna hey yanarsan,
Əzabında sınanarsan,
Məhəbbətə inanarsan,
Mənim olsan.

Sel kimi çağlar, coşarsan,
Eşqə nəğmələr qoşarsan,
Sevgidən dolub daşarsan,
Mənim olsan.

Sənsiz heçəm, boş, hədərəm,
Sən qismətsən, mən qədərəm,
Sənə sevmək öyrədərəm,
Mənim olsan.

Eşq dəryadır – sonsuz, dərin,
Görməmisən, yox xəbərin,
Qədrin bilərsən qədərin,
Mənim olsan.

Vüsal şərbətin dadarıq,
Hər bəlanı addadarıq,
Eşqi sənə tanıdarıq,
Mənim olsan.

Həyatda cüt addımlarıq,
Yaşamaqdan zövq alarıq,
Xoşbəxt-xoşbəxt qocalarıq,
Mənim olsan.

****
Qocalığım qocalır

Bir zaman altdan-altdan,
Gəncliyim qocalırdı.
Qocaldıqca həyatdan,
Gənclikdən güc alırdı.

İllər yola saldıqca,
Başıma qar yağırdı,
Gəncliyim qocaldıqca,
Saç-saqqal ağarırdı.

Gəncliyi yola saldıq,
Qalmadı ki, güc alsın,
Məcburdur ki, qocalıq,
İndi özü qocalsın.

Günbəgün yalı aşır,
Özündən uzaqlaşır.
Çoxdan gəncliklə deyil,
Özüylə vidalaşır.

Dincliyə salıb meyil,
Tez-tez xəyala dalır.
Artıq gəncliyim deyil,
Qocalığım qocalır.

Bakı, noyabr – 2020

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button