Siyasət

“Bu gün sınanan təkcə Tofiq deyil, həm də dövlətin qanunlarıdır”-MİRŞAHİN AĞAYEV

“Siyasətçi Tofiq Yaqublunun həbsi və elan etdiyi aclıq aksiyası ətrafında yaradılmış ajiotajda mən təkcə haqqın-ədalətin bərpasına cəhd yox, həm də prinsipial olaraq dövlətin gücünü sındırmaq eksperimenti də görürəm. Açıq danışaq. Əlbəttə mən Tofiq Yaqubluya həbsdən azad edilməsini arzulayıram.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş, şəxsi həyatında faciə yaşamış bu adamın başına gələn hadisənin araşdırılması, həbs edilməsi, hökmlə barışmaması və başqa təfərrüatlar bir çemodana qablaşdırılmamalıdır.

Çünki Tofiq Yaqubluya hökm müharibədəki iştirakına, yaşadığı övlad dağına görə, antiiqtidar çıxışlarına, Prezidentin ünvanına səsləndirdiyi, yumşaq desək, əxlaqa və tərbiyəyə o qədər də yaxın olmayan fikirlər səsləndirdiyinə görə elan etməyiblər”.

Yeniavaz.com xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
M.Ağayev qeyd edib ki, T.Yaqubluya berilən cəza konkret hadisə ilə bağlıdır: “Avtomobil qəzası zəminində qeydə alınan xuliqanlıq faktı ilə.

Burda istərdim ki, opponentlərə sadə bir sual verək. Necə olur ki, icra başçıları, səfir, Xarici İşlər nazirliyinin məsulları, Dövlət Sərhəd Xidmətinin, Fövqəladə hallar nazirliyinin əməkdaşı, hətta Elmlər Akademiyasının Prezidenti Ramiz Mehdiyevin yaxın qohumları, ümumiyyətlə nüfuzundan asılı olmayaraq hər kəs həbs olunur və siz bu həbsləri “haqq yerini tutdu!”, belə də olmalıydı!, çəkmə məzlumun ahını, çıxar ahəstə-ahəstə!” deyə emosiyalar altında qəbul və şərh edirsiniz, amma Tofiq Yaqublunun həbsi ətrafında axirət “razborkası” açırsız.

Axı hakimiyyətə opponent olmaq üstünlük deyil. Əslində cavabı bilirəm, çünki bir proses iqtidar təmsilçilərini, digər proses isə iqtidarın qatı əleyhdarlarını əhatə edir.

Amma qanunun iqtidarı, müxalifəti olmamalıdır axı, yox? Növbəti görüşümüzdə mən Sizə faktlarla təqdim edəcəyəm məlumatsız yeniyetmələrə və gənclərə sırıdığınız demokratik dövrünüzü… Hə, bir də. Mən bütün çıxışlarında Ədliyyə Nazirliyini sərt, hətta tərbiyəsizcəsinə tənqid edən kimlərinsə məhkəmənin Yaqublu haqqında verdiyi hökm də daxil olmaqla başqa qərarlarını ədalətli şərh edəcəyinə inanmıram.

Baxmayaraq ki, Tofiq Yaqublunun məhkum olsa da, Siti Hospitala köçürülməsinə icazə verilməsini həkim Adil Qeybulla Ali siyasi rəhbərliyin iradəsinə bağlayır, bunu məhz humanizm jesti kimi anlayır, amma sosial şəbəkədə qaragüruh mühiti yenə də əlindən gələni edir ki, Tofiq Yaqubluya daha pis olsun. Bu gün sınanan təkcə Tofiq deyil, həm də dövlətin qanunlarıdır. Biletdə bir neçə sual var. Hansı anlayış güclü çıxacaq?

Aclıq aksiyası keçirərək hakimiyyətə təzyiq göstərmək və bununla da məqsədə nail olmaq. Yoxsa, sosial şəbəkələrin tədricən ciddi söz sahibi kimi etiraf edilməsinə nail olmaq və istənilən qərarı bu yolla qəbul etdirmək.

Çünki qaragüruhun 15 iyul, Parlament binasının zəbti ilə ilk məşqindən sonra Gələcək planlar üçün daha bir məşqə ehtiyac var.

Bəlkə, məhkəmələrin, onların simasında qanunların şəbəkə qaydaları qarşılığında özünü, qanunu qoruma bacarığı və nəhayət bu tıxacda əsil həqiqətin harda, kimin tərəfində olmasını müəyyən etmək-hansı anlayış? Məncə, ən vacibi bu sonuncudur. Allah şəfa versin, amma Tofiq Yaqublu məsələsi məncə, özünəməxsus testdir…”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button