Ölkə

Zakir Həsənov Türkiyənin hərbiyönümlü QHT rəhbərləri ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 11-də Azərbaycanda səfərdə olan Türkiyənin hərbiyönümlü qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri Erdoğan Karakuş, Hamza Dürgen, Mustafa Işık və Beyazıt Yumuk ilə görüşüb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazir Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq, qardaşlıq münasibətləri üzərində qurulduğunu və bundan sonra da uğurla inkişaf edərək güclənəcəyini vurğulayıb.

Z.Həsənov qonaqlara Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tarixi əhəmiyyəti və işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər, eləcə də regiondakı hazırki vəziyyətlə bağlı danışıb.

Nazir gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu kimi QHT-lərin mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən razı qaldıqlarını ifadə edən nümayəndə heyəti göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təşkilat rəhbərləri Azərbaycan Ordusunu bir neçə gün öncə qeyd edilən 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib, şəhidlərin ailə üzvləri və yaxınlarına başsağlığı veriblər.

Nümayəndələr rəhbərlik etdikləri təşkilatların Türkiyədəki fəaliyyətləri, o cümlədən şəhid ailələri və müharibə veteranları ilə bağlı gördükləri işlər barədə ətraflı məlumat veriblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button