Cəmiyyət

Su problemi: əsl səbəbləri və çıxış yolları hansılardır? ARAŞDIRMA

Bəllidir ki, bu yay mövsümündə Azərbaycanda su problemi yaranıb. Ölkənin şah damarı Kür çayının mənsəbinə yaxın hissələrində su kəskin azalıb. Kürün deltasında çay suyu minimuma düşdüyündən Xəzər dənizin suyu geri- çaya axması tarixdə ilk hal idi. Mingəçevir su anbarında suyun səviyyəsi xeyli azalıb. Nəticədə təkcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Bu səbəbdən də, bu mövsümdə xeyli məhsul su çatışmazlığından sahələrdə yandı, dövlətə, əhaliyə xeyli zərər dəydi. Problemlə bağlı aidiyyatı orqanların açıqlamaları həqiqətəuyğun deyil.

Suyu kim israf edir- əhali, yoxsa biznes obyekləri?

Azərsu rəsmiləri hər dəfə günahı öz üzərlərindən əhalinin üstünə atmağa çalışsa da, problem su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki, heç kim artıq su pulu ödəməyi xoşlamır.

Bəzi məlumatlara görə, Azərsu xeyli həcmdə suyu yaşıllıq təsərüfatlarına, necə deyərlər, “aformut” eləyir, oradan da həmin su biznes obyektlərinə yönəldilir və beləliklə həm limitsiz su israfına yol verilir, həm də uzaq ərazilərdən min bir əziyyət cə xərclə gətirilən xeyli həcmdə içməli suya görə vəsait dövlət büdcəsindən yayındırılır.

Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Ədalət naminə qeyd etməliyik ki, bu səbəblər sırasında qlobal quraqlığın da müəyyən payı vardır.

Kürdə suyun kəskin azalmasının səbəblərindən biri də, Kürə axan kiçik çayların yaratdığımız ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır.

Bu kimi məsələlər Ekologiya Naziriyi, Azərsu, Su və Melorasiya kimi aidiyyatı orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün heç bir tədbir görməyiblər.

Cavabdeh orqanların məsul şəxsləri cəzalanmalıdır

Uzun illərdir, qəzetimizdə bu problemləri qaldırır, yaxında problem yaranacağını deyir, qabaqlayıcı tədbirlər görülməsinə çağırırdıq, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazdımı?

Müşavirlərində birində dövlət başçısı bu sahədəki problemlərə də toxundu və qeyd etdi ki, su sektoruna kifayət qədər vəsait ayrılıb, lakin bəzi orqanların və məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində effektiv tədbirlər görülməyib.

Su sektoruna ayrılan vəsaitlər digər sahələrin əksəriyyətindən çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər- bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar.

Su problemi qlobal fəlakət proqnozlarında

Bəli, problem qlobaldır. Baş verənlər, əsasən, antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Bu, yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın

qonşularımız bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qtılığı yaşayan ölkələrə içməli suyun satılması haqda müqavililələr bağlayıb və dərinlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

İsrail dəniz suyunu şirinləşdirməklə ölkənin su tələbatının böyük hissini ödəyir. Türkiyə ərazisindən xaricə çıxan çayların (Dəclə, Fərat, Kür və s) üstündə böyük su anbarları yaradır, bu çayların suyunun daha çox hissəsini öz istifadəsinə ayrır və anbarlarda böyük ehtiyat saxlayır.

Azərbaycan əhaliyə nisbətdə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir və bu su ehtiyatının da 70 faizi ölkədən kənarda formalaşır. Əgər dünyada su böhranı başlasa biz çox ağır vəziyyətə düşəcəyik. Qonşu ölkələr sadəcə olaraq suyun bəri keçməsinin qarşısını alacaq və o suyu özlərinə sərf edəcəklər. O zaman hansı problemin yaranacağını təsəvvür etmək çətin deyil.

Bəs vəziyyətdən çıxış yolu nədədir?

Fikrimizcə, çıxış yolları var və hələ də gec deyil. Ekspertlərin fikrincə, aşağıda qeyd olunan effektiv tədbirlər görülsə, problemin kəskinləşməsinin qarşısını almaq olar.

1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdırıraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssiələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

Prezidentin sərəncamı vəziyyəti dəyişdirəcək

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda müxtəlif işlərin görülməsi nəzərdə tutulub. Planda alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə, subartezian və artezian quyularının qazılması, həmçinin 10 yeni su anbarının tikilməsi nəzərdə tutulur.

Əlbəttə, bu işlər həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə.

Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec də olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.sia.az

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button