Ölkə

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təbrik məktubu ünvanladı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Cənab Prezident, Əziz Qardaşım.

Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə Bakını işğaldan azad etməsinin 102-ci ildönümündə bu yolda şəhid olan qəhrəman əsgərlərimizi rəhmət hissi ilə yad edir, qazilərimizi hörmətlə xatırlayıram.

Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Bu gün Zati-alinizin qardaşlığımıza layiq səyi və töhfələri ilə Türkiyə və Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə mükəmməl şəkildə inkişaf edir. Tariximizdən gələn ilham və sarsılmaz əlaqələrimizdən aldığımız güc-qüvvətlə ölkələrimiz regionumuzun sabitliyinin təminatçısına çevrilmişdir.

Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqının gözəl günləri və yüksək rifahının bundan sonra da davam etməsi üçün ən xoş arzularımı bir daha ifadə edirəm.

Hörmətlə,

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

Ankara, 15 sentyabr 2020-ci il.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button