Müsahibə

Razi Nurullayev: “Ya AXCP kimi tanınacağıq, ya da adımızı dəyişəcəyik” – MÜSAHİBƏ

“Cənab Prezident özü də ana müxalifət mövqeyindən çıxış etməyə başlayıb, bir çoxlarından daha sərt tənqid edir”

“Deputat seçilməyim mükafat deyil, mükafat etdiyin işə görə həmin anda aldığındır”

79 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayevin müsahibəsi:

– İlk dəfədir, Milli Məclisdə təmsil olunursunuz. Deputat olmaq necə hissdir?

– Deputat kimi özümü çox yaxşı hiss edirəm. Bunun məsuliyyəti mənim üçün ağırlıq yaradır. Çünki seçildiyim rayonda – İmişlidə çox ciddi sosial problemlər, narazılıqlar var. Bu problemlərin həlli istiqamətində addımlar atmaq olduqca məsuliyyətlidir. Bunu edəcəm, insanların gözləntisi çoxdur. Çalışacam ki, insanların gözləntisini doğruldum, onların yanında dayana bilim.

– Milli Məclisdə nə müşahidə etdiniz?

– Milli Məclisin ilk iclasında iştirak etmişəm. Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi, canlı dinlədim, dövlət başçısını yaxından görmək imkanım oldu. Parlamentdə dövlətçilik mühiti, iş ab-havası var. Milli Məclisin rəhbərlərinin seçimində 1-2 nəfər bitərəf qalırdı. İstərdim ki, elə bir mərhələyə gəlib çataq ki, ciddi yarış, rəqabət, etiraz edənlər olsun. Yəni xarici ölkələrdəki parlament kimi… Milli Məclisdə masaların bu cür düzülüşünü doğru hesab etmirəm. Masaların düzülüşünün dairəvi olması məqsədəuyğundur. Debat, müzakirə mühiti yaradılmalıdır.

– Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisin ilk iclasındakı çıxışında hansı məqam diqqətinizi çəkdi?

– Prezident çox səmimi, qətiyyətli çıxış etdi. İlham Əliyev 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra qətiyyətli addımlar atır, xalqın yanında dayanır, onların eşitmək istədiklərini deyir, ciddi mesajlar verir. Görünür ki, Prezident cəmiyyəti tamamilə dəyişmək istəyir, radikal dəyişikliklərə meyillidir, xalqı narazı salanları cəzalandırmaqda israrlıdır. Dövlət başçısı deyir ki, deputat xalqın yanında olmalıdır, gördüyünü deməlidir, çəkinməməlidir, qorxmamalıdır. Yəni çatışmazlıqları üzə çıxarıb, onu yaradanları tənqid etmək lazımdır. Mən də bunu etmək istəyirəm və edəcəyəm. Deputat seçildiyim rayonda çox ciddi qüsurlar var, yüzlərlə şikayət məktubu almışam, məktublar gəlməkdə davam edir. Seçicilərimlə görüşlər keçirəcəyəm, kömək etməyə çalışacağam, şikayətlərini dövlət strukturlarına çatdıracağam. Onları narahat edən elə məsələlər var ki, bunu paket şəklində Prezident İlham Əliyevin özünə göndərməyi düşünürəm. Bəzi məsələləri mətbuata açıqlamaq olmur. Həm seçildiyim ərazidə, həm də digər yerlərdə sahibkarlara ciddi problemlər yaradırlar. Hələ iş adamlarının hesabına varlanmaq istəyən məmurlar var. Həmin məmurların fəaliyyəti nəticəsində sabah üçün sandığında bir manat olmayan da, sandığında bir milyon manatı olan da narazıdır. Bu məsələlər ölkə rəhbərliyi səviyyəsində nəzarətə götürülməlidir. Kasıb təbəqənin narazı olması başadüşüləndir, bəs orta təbəqə nə üçün narazıdır? Çünki pulları əllərindən alınır, ən azından buna cəhd edilir.

– Azərbaycan Respublikası Prezident Administrasiyanın Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev, demək olar, əksər partiya sədrləri ilə görüşlər keçirib. Hökumətin bu addımını necə qiymətləndirirsiniz?

– Dialoq mühitinin yaradılmasına müsbət yanaşıram, uğurlu variantdır. Elə problemlər var ki, dialoqla həll etmək olar. İlk dəfədir ki, Prezident Administrasiyasının şöbə müdiri siyasi liderlərlə fərdi görüşlər keçirir. Bu da ölkədə aparılan islahatların görüntü xarakteri daşımadığını göstərir. Hökumət siyasi partiyaların da proseslərdə aktiv iştirakında maraqlıdır. Prezident çıxışında qeyd etdi ki, siyasi partiyaların ölkədəki dəyişikliklərdə rolu, töhfəsi olmalıdır. Parlamentdə azlıqda olan siyasi partiya nümayəndələrinin rəhbər strukturlarda təmsilçiliyinə şərait yaradılması buna sübutdur. Neçə illədir, bunu deyirdik… Proseslərin bu cür inkişaf etməsindən sevinirəm.

– Azərbaycan hökuməti Milli Məclisdə Sizi ana müxalifət kimi qəbul edir. Necə düşünürsünüz, parlamentdə təmsil olunan digər siyasi partiyalarla fraksiya yaradıla bilərmi?

– Həmişə inteqrasiyanın tərəfdarı olmuşam, bu gün də o mövqedəyəm. Parlamentdə təmsil olunan, fikirlərimizin üst-üstə düşdüyü siyasətçilərlə söhbətimiz, yəqin ki, olacaq. Fraksiya formalaşdırılmasını istəyərdik, amma bunun alınıb-alınmamasını söyləmək gələcəyin işidir. Hələlik bu barədə söhbət olmayıb, irəliyə qaçmaq istəmirəm. Biz ana müxalifət olmağa iddialıyıq. Burada söhbət müxalifət olmaqdan da getmir, dövlətin milli maraqlarına xidmətdən gedir. Həmişə xalqın sözünü deyəcəyik, sərt tənqidlərdən belə, çəkinməyəcəyik. Seçkiqabağı təşviqat kampaniyasında seçicilərə nə demişdiksə, həmin vədlərə əməl etməyə çalışacağıq. Narazılıq yaradan, vəzifəsinin öhdəsindən gələ bilməyənləri hədəfə alacağıq. Bu bizim deputatlıq statusumuzdan irəli gəlir. Deyərdim ki, cənab Prezident özü də ana müxalifət mövqeyindən çıxış etməyə başlayıb. Çünki bir çoxlarından daha sərt tənqid edir, düzgün hədəfləyir, xalqın narazı olduğunu dilə gətirir. İndiyə qədər onu informasiya blokadasında saxlayıblar, bir çox məsələləri mətbuatdan öyrənib, bu gün də buna cəhdlər var… Ona görə də xalqın seçdiyi deputat problemləri parlamentin tribunasından səsləndirməlidir, mövqeyini açıqlamalıdır.

– Növbədənkənar parlament seçkilərinin nəticələrini necə qiymətləndirirsiniz?

– Seçkiqabağı təşviqat kampaniyasını necə apardığımı izləyənlər bilir. Çox uğurlu kampaniya apardım. Bir daha əmin oldum ki, seçki institunun təkmilləşdirilməsinə ehtiyac var. Daha uğurlu seçkilər keçirə bilərik. Bunun üçün seçki mütəxəssisləri hazırlanmalıdır, seçki prosesinə sistemli şəkildə hazırlaşmaq lazımdır. Seçki elə şeydir ki, burada nəticədən asılı olaraq razı və narazı tərəflər olur. Təbii ki, məğlub olanlar narazı olmalıdırlar. Bir məsələni vurğulamaq istərdim, Azərbaycanda seçkilərə qazanc mənbəyi kimi baxanlar var. Yerli məmurlardan tutmuş lap yuxarıda oturanlara qədər umanlar var. Onlar öz xeyirlərinə nələrisə həll etməyə çalışırlar. Bu da normal seçki prosesinə əngəl törədir. Bu, Prezidentin tapşırığına arxa çevirməkdir. Gördüklərimi zamanla açıqlayacağam. Korrupsiyadan, rüşvətdən uzaq olan şəxsin gözünün qarşısında neqativ hallara cəhd ediləcəksə, bilsinlər ki, onların adları açıqlanacaq, ictimai müzakirəyə çıxarılacaq. Razi Nurullayev belə məsələlərdə susan deyil. Xalqın tələblərinə, ölkədə aparılan islahatlara uyğun nə etmək lazımdırsa, Razi Nurullayev onu edəcək.

– Ölkə rəhbərliyini tənqid etmək məmurları tənqid etməkdən asandır…

– Tam məsuliyyətimlə deyirəm ki, Azərbaycanda ən asan, qorxusuz, təhlükəsiz məsələ Prezident İlham Əliyevi tənqid etməkdir. Prezidenti tənqid edənlərdən cəzalandırılanlarını görməmişəm. Təhqir başqa şeydir… Məmuru, hətta “JEK” müdirini, icra başçısını, onun müavinini tənqid etmək cəsarət tələb edir…Müxalifət nümayəndələrinin içərisində həmin məmurları tənqid etməyi özlərinə veto qoyanlar var. Bəlkə də işləri onlardan keçir, ola bilər, təzyiq faktoru var…Prezidenti tənqid etmək sərbəstdir, belə olan halda deyəcəklər ki, bu siyasətçi Prezidenti tənqid edirsə, onun haqqında fikir söyləyə bilirsə, deməli, xalqın yanında dayanan budur. Təəssüflər olsun ki, cəmiyyətdə bu cür fikirlər mövcuddur. Yalnız Prezidenti tənqid edənlərin çıxışlarını izləyin, görün, hansı məmuru tənqid etmirlər…

– Seçkiqabağı təşviqat kampaniyası zamanı bir neçə namizədə etirazlar olmuşdu. Sizinlə bağlı da sosial şəbəkədə video paylaşılmışdı. Buna aydınlıq gətirərdiniz…

– Təşviqat və səsvermə vaxtı seçki məntəqədlərində baş verənlərin 50 faizi təxribat xarakterli idi. Təbii ki, baş verənlərin yarısında həqiqət payı var. Mənimlə bağlı da belə bir video yayılmışdı, bu, təxribat idi. Həmin vaxt seçicilərlə görüşdən çıxırdım, bir nəfər arxadan çəkirdi, tənqid edirdi… Ona heç fikir verən olmadı. Bu, ucuz, şou tipli təxribat idi. İmişlidə doğulub, böyümüşəm, seçicilərin mənə sevgisi var. 79 saylı İmişli seçki dairəsində yeganə namizəd idim ki, çıxışlarım canlı yayımlanırdı. Elə çıxışım var ki, sosial şəbəkədə 300 min baxış yığıb. Bu, təbii ki, xalqın dəstəyidir.

– Siz seçkilərə qatılanda əmin görünürdünüz, sanki, deputat seçiləcəyinizi bilirdiniz. Öncədən hökumətlə hər hansı danışıqlarınız olmuşdumu? Bu cür iddialar var ki, Razi Nurullayev hökumətlə razılaşıb, seçkilərə qatılıb…

– Bu cür fikirlər təkcə mənim deyil, deputat seçilən hər kəs haqqında deyilir. Deputatı olduğum seçki dairəsi üzrə mənimlə birlikdə 16 namizəd mübarizə aparırdı. Həmin 16 nəfərin seçilmək inamı məndəkindən 10 dəfə çox idi. Xüsusi vurğulamaq istəyirəm ki, bütün seçki dairələri üzrə mübarizə aparan 1 319 namizəd çox inamlı idi. Seçilməyənlər seçilənlərdən daha çox inamlı görünürdü. Bu, təbiidir.

– Razi bəy, o da iddia olunur ki, deputat seçilməyiniz 2015-ci ildən indiyədək Əli Kərimliyə qarşı olmağınız olub. Yəni, mandat bir mükafatdır. Bu cür iddialara münasibətiniz necədir?

– 2010-cu ildən adı çəkilən insanla bir yerdə olanda, hər kəs məni əks mövqeyə malik insan kimi tanıyırdı. Hamı bilirdi ki, Razi Nurullayev Avropa mədəniyyətli, sivil bir insandır. Ona görə də həmişə məni sıxışdırırdılar. Orada yeganə adam idim ki, bütün mətbuat orqanlarına müsahibə verirdim, bu məsələyə görə də tənqid olunurdum.

– Əli Kərimlinin müavini olarkən bunu mənə müsahibənizdə demişdiniz…

– Bəli. Həmişə demişəm ki, hakimiyyətlə dialoqa getmək lazımdır. Radikallıq müsbət nəticə vermir, xalq da bundan əziyyət çəkir. Hakimiyyətlə anlaşmaya getdiyimi iddia edənlərə demək istəyirəm ki, 2010-cu ildə deputatlığa namizədliyimi irəli sürmüşdüm, deputat seçilmədim, 2015-ci ildə də parlament seçkilərində namizədliyimi irəli sürmədim. Nəhayət, bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etdim, deputat seçildim. Bu, mənim deputat olmaq istəyimin 20-ci ilidir. Əgər kimsə mükafat almaq üçün 20 il gözləməyi düşünürsə, onlara bunu tövsiyə etmirəm. Deputat seçilməyim mükafat deyil. Mükafat etdiyin işə görə həmin anda aldığındır. Mükafat almamışam, deputat seçilməyim apardığım mübarizənin, prinsipiallığımın nəticəsidir. Elə insanlar var ki, siyasəyə bu gün qoşulur, sabah deputat olur… Bəs həmin insanlara nə ad verək? Haqqımda bu cür ifadələrin səsləndirilməsi məni insanların gözündən salmağa hesablanıb. Hər kəs bir şeydən zövq alır, onlar da kiməsə çamur atmaqdan zövq alırlar.

– AXCP adına iddianızla bağlı nə yenilik var, proses necə gedir? Milli Məclisdə bitərəf kimi təmsil olunursunuz…

– Bəli, Milli Məclisdə bitərəf kimi təmsil olunuram. İstərdim ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi tanınam, parlamentdə də bu cür təmsil olunam. Amma bu, istək olaraq qalır. Bunu həll etməyə səlahiyyətim və gücüm yoxdur. Bundan sonra əzmlə çalışacağam ki, partiya məsələsinə aydınlıq gətirim. Bunu partiya daxilində də tələb edənlər var. Ya Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi tanınacağıq, ya da adımızı dəyişəcəyik. Üzvlərimiz deyir ki, niyə parlamentdə partiya olaraq təmsil olunmamalıyıq… Bu məsələlər müzakirə olunur.

– Tərəfdarlarınız adı dəyişməyə ya AXCP adına iddianı davam etdirməyə üstünlük verirlər?

– Biz Əbülfəz Elçibəy tərəfdarlarıyıq, onun yolunu davam etdiririk. Əbülfəz Elçibəyin adı olan yerdə xalq cəbhəsi var. O ada vurğunlar olanlar, Elçibəyin fanatları partiya adının Azərbaycan Xalq Cəbhəsi Partiyası olmasını istəyirlər. Əksi olanda, sanki, Əbülfəz Elçibəyin dəyəri itmiş olur…

– Bəs proses niyə uzanır?

– Bunun səbəbini deyə bilmərəm. Sizin nə qədər məlumatınız varsa, mən də sizin qədər məlumatlıyam…

– 2015-ci ildə Yeni Demokratiya Hərəkatını təsis etdiyinizi elan etmişdiniz. Hətta mətbuat konfransı da keçirdiniz. Bəs sonradan necə oldu ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının adına iddia etdiniz?

– Doğrudur. “Yeni Demokratiya” elan edildikdən sonra tərəfdarlarım – cəbhəçilər bunu qəbul etmirdilər. Bu mənlə bağlı məsələ deyildi. Həmin insanlar xalq cəbhəsi olmayan yerdə mübarizə aparmaq istəmirdilər. Ona görə də “Yeni Demokratiya”nı inkişaf etdirə bilmədim, AXCP adına iddia etdim…

– Siz AXCP adından imtina edərək, başqa ad seçsəniz, cəmiyyət necə qarşılayacaq? Deyə bilərlər ki, Razi Nurullayev Əli Kərimliyə məğlub oldu və geri çəkildi…

– Mənim üçün bunun əhəmiyyəti yoxdur. Xalq da bunu əhəmiyyətsiz hesab edir. Bu, yalnız siyasi dairələrdə müzakirələrə səbəb ola bilər, bunu da faciə saymıram.

– Maliyyə vəziyyətiniz necədir?

– Çox çətindir, məşəqqətlidir. İstəyimiz odur ki, siyasi partiyaların qərargah problemi həll edilsin. Dövlət yer ayırmalıdır. Biz nəyə görə ailəmizin, dostlarımızın, tərəfdarlarımızın büdcəsi hesabına ofis saxlamalıyıq? Prosesi çox çətinliklə yola veririk. Maliyyə mənbəyi olmadan fəaliyyət göstərmək, böyümək çətindir. Regionlarda ofis qurmaq isə, ümumiyyətlə, mümkün deyil. Onlar çayxanalarda, kiminsə evində toplaşırlar.

– Müxalifət partiyaları ilə münasibətləriniz hansı səviyyədədir? Onların Sizə olan münasibətini necə qiymətləndirirsiniz? Məsələn, Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata müsahibəsində belə deyib: “Parlamentdə siyasi institutların palitrasına baxaq, biri çıxır, biri gəlir. Tutaq ki, Razi Nurullayev gəlib, partiyası qeydiyyatdan keçməyib, cəmiyyət qəbul etmir. AXCP adlı partiyanın sədri Əli Kərimlidir. Bu, kiminsə şəxsinə münasibət deyil, siyasi instituta münasibətdən söhbət gedir. Mən də Razi Nurullayevi AXCP sədri kimi qəbul edə bilmirəm, başqaları bu cür… Razi Nurullayevin Xanhüseyn Kazımlının partiyasını əvəz etməsi nəyi dəyişir ki? Milli Məcisdə hansı müxalifət partiyası var ki?”

– İqbal Ağazadənin mövqeyindən xəbərsizəm. Əgər deyibsə, böyük qüsurdur. Mənim siyasi partiyalara münasibətim çox yaxşıdır, əməkdaşlıq üçün həmişə açıq olmuşam. Təbii ki, hər kəs deyil, bizimlə bir yol gedə biləcək, masa ətrafında söhbət edə biləcəyimiz insanlarla inteqrasiya etmək istəmişəm. Bu gün də həmin mövqedəyəm.

– Onların sizə münasibəti necədir?

– Hər bir siyasi partiya lideri ilə bağlı şəxsi münasibətlərim var, bəziləri ilə, hətta dostuq. Amma partiya şəklində əməkdaşlıq edə bilmirik. Buna görə onları günahlandırmıram. Çünki AXCP adına məndən əvvəl Əli Kərimli iddia edib, partiya sədri olub. O, bu gün də iddia edir. Mən də özümü AXCP sədri adlandırıram. Mənimlə əməkdaşlıq etməyənlər Əli Kərimli ilə də əməkdaşlıq etmirlər.

– Milli Məclisdə işinizi konkret hansı istiqamətlər üzrə quracaqsınız?

– Sosial məsələlər üzərinə fokuslanmışam. Bayaq da qeyd etdiyim kimi, seçildiyim seçki dairəsində çox ciddi sosial problemlər var. Mən o insanların yanında olmalıyam, kömək etməliyəm. Xarici dilləri, diplomatiyanı çox yaxşı bildiyimə görə beynəlxalq təşkilatlarla çox ciddi işləməyi, Azərbaycan həqiqətlərini çatdırmağı düşünürəm. Yeni təşəbbüslərin iştirakçısı və təşkilatçısı olmağa çalışacağam. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərin hazırlamasında aktivlik nümayiş etdirəcəyəm. Bir sözlə, əlimdən nə gəlirsə, edəcəyəm. Pravda.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button