Aktual

“Cənab Prezidentlə görüşdə iştirak etmək gənc kimi məni qürurlandırdı” – Ülvi Məmmədov

Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib.

Ölkədə müxtəlif sahələr üzrə uğurlu gənclər Cənab Prezidentlə görüşüblər. Azərbaycan Skautlar Assosiasiyasının Baş katibi Ülvi Məmmədov (Camalsoy) da həmin forumda iştirakçı kimi yer alırdı. Ülvi Camalsoy öz təəssüratlarını belə ifadə etdi:

“Gülüstan sarayında təşkil olunan Gənclər Forumunda iştiraka məni layiq görən şəxslərə təşəkkürümü bildirirəm. Bu böyük nailiyyətdir. Azərbaycan Gəncləri Günü 25 il öncə – 1997-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi.

Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Bu cür möhtəşəm gündə, günün 25 illiyində 3 milyona yaxın gəncdən Forumda iştirak üçün layiq görülən təqribən 200-ə yaxın gəncdən biri olmaq çox qürurverici idi. Məhz bu Forumda 25 il öncə təsis edilən sanballı, beynəlxalq statuslu bir təşkilatı – Azərbaycan Skautlar Assosiasiyasını təmsil etmək fəxarət hissi idi.

Bütün dünyada Skautinq hərəkatı uşaq, yeniyetmə və gənclərin kamil vətəndaş kimi yetişməsinə dəstək göstərir. Skaut fəaliyyəti mənsub olduğu yaş qruplarının 6 istiqamət üzrə: fiziki, sosial, əqli, psixoloji, sosial və xarakter inkişafını təmin edir. Cari zaman üzrə dünyada 57 milyon insan skautdur. Onlar daha yaxşı dünya yaratmaq üçün çalışır. Edərək öyrənir, cəmiyyətin malik olduğu problemlərin həlli üçün çalışırlar.

Məhz cənab Prezidentin Forum zamanı biz gənclərə verdiyi nəsihətlər də bu istiqamətdə idi. Fiziki inkişafla bağlı Azərbaycan Rus Gəncləri Assosiasiyasının üzvü, dostum Denis Quzlayevin cənab Prezidentə verdiyi suala cavab olaraq İlham Əliyev deyir:
“Əziz dostlar, əziz gənclər, məsləhət görürəm ki, idmanla məşğul olun, fiziki sağlamlığınızı qoruyun, gücləndirin. Bu, mümkündür. Məşq etmək lazımdır və hədəfə çatmaq üçün, necə deyərlər, tər tökmək lazımdır. Bunsuz həyatda heç nə alınmır.”

Məndən başqa Azərbaycan Skautlar Assosiasiyasının rəhbəri olduğum Müvəkkillər Şurasının Beynəlxalq fəaliyyətlər üzrə Müvəkkili Fərid Süleyman və Lənkəran rayonu üzrə Müvəkkili Orucəli Abbaszadə də forumda iştirak edirdilər. Onlar da mənsub olduğu digər təşkilatları təmsil edirdilər. Heç kimə sirr deyil ki, Azərbaycan Skautlar Assosiasiyasının bir qism böyükyaşlı üzvləri II Vətən Müharibəsi zamanı istər ön, istərsə də arxa cəbhədə Vətənə xidmət etmişlər. Vətən müharibəsi qazisi, gənclər üçün Prezident mükafatçısı Orucəli Abbaszadə dediklərimə misal ola bilər. Forum zamanı onun “Milli ruhda yetişən bu gənclər bundan sonrakı dövrdə hansı addımlar atmalıdır ki, mənfur düşmənin Azərbaycan xalqının başına gətirdiyi bu bəlalar bir də təkrarlanmasın və müasir Azərbaycan gənci nələr etməlidir ki, ölkəmizin inkişafı üçün daha çox töhfə vermiş olsun?” sualına Prezident İlham Əliyev cavab verir:

“…Bu gün bizim qəhrəman gənclərimiz – dövlət tərəfindən yüksək orden, medallarla təltif edilmiş gənclərimiz gənc yaşlarında uşaqlar üçün nümunə olublar, 18, 20, 25, 30, 35 yaşında nümunə olublar. Onlar bu məsuliyyəti dərk edirlər və həyatda özlərini elə aparmalıdırlar ki, bu yüksək məsuliyyət daim onların üzərində olsun, uşaqlar, yeniyetmələr onlara baxıb, onlar kimi olmaq istəsinlər. Müharibədə iştirak etmiş və qəhrəmanlıq göstərmiş on minlərlə Azərbaycan gəncinin üzərinə indi bax, bu məsuliyyət düşür və əminəm ki, gənclər bunu dərk edir və öz əməlləri ilə yeni yetişən nəsil üçün də nümunə olacaqlar.”

Prezident İlham Əliyev biz gənclərin suallarına səmimi və ətraflı cavab verərək bizi maraqlandıran mövzulara toxundu. Bizim günümüzdə bizimlə birgə olan və öz dəyərlivaxtını bizə ayıran cənab Prezidentə təşəkkür edirəm!”

Bəs Ülvi Məmmədov kimdir?

Ülvi Üzeyir oğlu Məmmədov (Camalsoy) 1999-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində həkim ailəsində anadan olmuşdur. 2003-cü ildə ailəsi ilə birgə Xaçmaza köçmüşdür.

Hazırda biri xaricdə, biri ölkədə olmaqla 2 paralel bakalavr təhsili alır.

Bir çox ölkələrdə təşkil edilən təhsil, mübadilə proqramlarında iştirak etmiş və ölkəmizi layiqincə təmsil etmişdir. 2019-cu ildə Sloveniyanın Kraynska Gora şəhərində baş tutan Skaut və Bələdçilər Akademiyasından məzun olmuşdur. Erasmus+ beynəlxalq təcrübə-mübadilə proqramında da iştirak etmişdir. Avropa Şurası tərəfindən keçirilən bir neçə təhsil proqramında hüquq təhsili alır.

İlk rəsmi əmək fəaliyyətinə 2018-ci ildə ARB Şimal televiziyasında başlamışdır. 2019-cu ilin dekabr ayından Şamaxı regional “ASAN xidmət” mərkəzinin Baş mütəxəssisi, həmçinin “YAŞAT Fondu”nun əməkdaşı, könüllülər, təlimlər və əməyin mühafizəsi üzrə mütəxəssisi, 2021-ci ilin oktyabr ayından Gənclərin İnkişafı və Karyera Mərkəzinin Şabran nümayəndəliyinin Direktoru vəzifəsində çalşır. Daha öncədən qəzetlərdə jurnalistika fəaliyyəti ilə məşğul olub.

2021-ci ilin may ayından etibarən Azərbaycan Skautlar Assosiasiyasının Baş Katibi vəzifəsini daşıyır. Həmçinin Dünya İqtisadiyyat Forumunun “Global Shapers Shamakhi Hub”ının yaradıcı üzvlərindəndir. 2019-cu ildən “Lira” Gənc İstedadlar İctimai Birliyinin Mətbuat katibidir.
Şimal regionunda fəaliyyət göstərən “Ətraf Mühit” İcmasının həmtəsisçisidir. Bir çox yerli və beynəlxalq təşkilatlarda könüllü fəaliyyəti ilə məşğul olmuş və bunun təbliğatını aparmışdır.
Azərbaycan Skautlar Assosiasiyasının bir neçə irihəcmli yerli və beynəlxalq layihələrinin həyata keçirilməsinə rəhbərlik etmişdir.

2019-cu ildə məhsuldar jurnalistika sahəsindəki fəaliyyəti ilə əlaqədar mükafatlandırılmışdır. 2020-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilmişdir. 2020-ci ildə “İlin ASANçısı”, iki dəfə “Ayın ASANçısı” mükafatına layiq görülmüşdür.

Ülvi Məmmədovun “Ülvi Tofiq” adı ilə bədii və elmi məqalələri mətbuatda: saytlarda, qəzetlərdə, jurnallarda dərc edilmişdir. “Öz günəşini yarat” adlı kitabın müəllifidir.

2017-ci ildən bəri peşəkar təlimçilik fəaliyyəti ilə məşğuldur. Şəxsi inkişaf təlimlərini müxtəlif qurum əməkdaşları üçün həyata keçirmişdir. Müxtəlif yerli və beynəlxalq düşərgələrdə təlim və oyunların təşkilində fasilitator kimi çıxış etmişdir. İnsan hüquqları mövzusunda müxtəlif təlimlər keçir. Daha çox Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində məşğul olur.

İngilis, ərəb və türk (tədris dili) dillərini bilir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button