Cəmiyyət

“Bu uşaqların yaşlarından böyük dərdləri var…”- TURAL QOCA

Bir gün işimlə bağlı Gəncə şəhərinə səfərə getmişdim. Axşam saat 11 radələrində balaca, gözəl bir qız uşağı əlində tum mənə yaxınlaşıb məsum, yorğun səslə əmi, tum satıram istəmirsiz? deyə soruşdu. Dedim yox istəmirəm. Oldu əmi, sağ olun deyib başqa insanlara tərəf gedəndə uşağın məyusluğunu, gözlərindəki kədəri görüb ürəyim dözmədi və bir anlıq düşünmədən qərar verdiyim üçün vicdanımdan utandım, gözlərim doldu. Uşağı geri çağırıb, pul uzadıb dedim götür bunu gözəl bala. O da pulu götürməmişdən əvvəl tumu mənə uzatdı ki, götürün. Dedim sağ ol istəmirəm, səndə qalsın başqasına satarsan pulu sənə pay olaraq verirəm. Uşaq yox əmi, tumu götürməsəniz pulu götürməyəcəm deyib geriyə çəkildi. Nə qədər təkid etdim sözündən dönmədi. Pulu götürməsi üçün məcbur tumu götürməli oldum. Həmin an simasında xoş bir sevinc yarandı və pulu götürüb şirin bir təbəssümlə çox sağol əmi, deyib getdi. Bir körpə uşağın haqqını vermədən pul götürməməsi uşağın nə qədər əxlaqlı olmasından xəbər verirdi. Və bu yaxşı mənada mənə çox təsir etdi. Həmin an anladım ki, uşağın simasındakı o əsrarəngiz gözəllik qəlbinin gözəlliyi imiş. Bu uşağın düşüncəsi, əxlaqı bəzilərimizə nümunə olmalıdır. Çox təəssüflər olsun ki, cəmiyyətimizdə ailəsinə dəstək olmaq üçün küçələrdə salfetka, tum satan uşaqlar çoxdur və onların bu addımlarına laqeyd yanaşan insanlar da az deyil.

Bugünkü gün elə insanlar var ki, qazandıqları pulların haqqını vermirlər, bu az imiş kimi üstəlik insanların haqqına girirlər və nəticədə insanın qəlbini parçalayan belə bir mənzərə ilə qarşılaşmalı oluruq. Bir Azərbaycan vətəndaşı kimi insanlara səslənirəm belə uşaqlar görəndə əllərini geri çevirməyin, dəstək olmağa çalışın.

Düşünün ki, belə uşaqlar oyuncaqlarla oynayan vaxtlarını səhərdən axşama kimi, isti-soyuq demədən küçələrdə ac-susuz salfetka, tum və bunun kimi digər məhsullar satmağa sərf edirlərsə, demək ki, yaşlarından böyük dərdləri var.

Heç kim həyatada olacaqlardan sığortalı deyil bilmək olmaz sabah başımıza nələr gələcək ona görə də, çalışın yaxşılıq edin ve əmin olun ki, etdiyiniz yaxşılıqları bir gün Allah Sizlərə artıqlaması ilə geri qaytaracaq.

Tural Qoca.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button