BannerSiyasət

Azərbaycana sanksiya tələb edənlərin YİYƏSİ KİMDİR? – Bakını oyuna gətirmək istəyirlər

Artıq bir həftədir davam edən Rusiya-Ukrayna müharibəsini dünyada qlobal və geosiyasi proseslərin yeni mərhələsi də adlandırmaq olar. Bu iki ölkə arasında savaşın başlamasından cəmi bir gün qabaq (Fevralın 22-də) Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” İlham Əliyev və Vladimir Putinin iştirakı ilə imzalanan Bəyannamənin imzalanması görünür erməni lobbisinin maliyyələşdirdiyi Qərb dairələrinin yuxusunu qarışdırıb.

Amma əlavə edim ki, məlum sənəd Azərbaycan parlamenti tərəfindən hələ ratifikasiya edilmədiyi üçün hüquqi qüvvəyə minməyib. Digər tərəfdən, Azərbaycan suveren ölkədir və milli maraqları naminə atacağı addımlarda heç kəsə hesab vermək məcburiyyətində deyil.

Ukrayna Prezidenti müharibənin sona yetməsi üçün göstərdiyi səyə və humanitar dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edir, 11 milyon manatlıq 24 ton humanitar yardıma görə İlham Əliyevə öz minnətdarlığını çatdırır. Azərbaycan hazırda MDB məkanında Ukraynaya ən çox humanitar yardım edən ölkədir.

Bu azmış kimi, ardınca Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün görüşməyə hazır olduğu iki, üç şəhər arasında məhz Azərbaycanın paytaxtını variant kimi təklif etməsi bir daha rəsmi Bakının çox uğurlu xarici siyasətindən, balanslı münasibətlərindən xəbər verir. Azərbaycan bəzi ölkələrdən fərqli olaraq Ukrayna və Rusiyaya vasitəçilik missiyasını təklif edir. Onu da əlavə edim ki, həm rəsmi Moskva, həm də Kiyev Azərbaycanın vasitəçiliyinə müsbət yanaşır. Bu. özü-özlüyündə Azərbaycanın nə qədər doğru siyasi xətt seçdiyindən xəbər verir.

Lakin ötən gün Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hods tərəfindən Rusiyanın müttəfiqi qismində Azərbaycan və Qazaxıstana da sanksiyalar tətbiq edilməsi ilə bağlı çıxışı olduqca absurd və özünü gülünc obyektinə çevirmək üçün işlədilən söz yığınından başqa bir şey deyil.

Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, heç bir hərbi-siyasi blokun tərkibində yer almayaraq özünün neytral statusu ilə beynəlxalq siyasətdə böyük hörmət qazanan, Vətən müharibəsindəki zəfəri ilə Qərbin ermənipərəst dairələrini, Ermənistanın havadarlarını da onun diqtə etdiyi şərtləri qəbul etməyə məcbur qoyan Azərbaycanı Rusiya-Ukrayna müharibəsində tərəf kimi göstərib qaralamağa cəhd etmək rəsmi Bakını çətin duruma salmaq məqsədi daşıyır.

Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan, ərazisində Rusiya hərbi bazalarını yerləşdirmiş, uzun illərdir Rusiyanın ən yaxın müttəfiqi hesab edilən Ermənistanın adının Marqaret Hodsun siyahısında olmaması əslində təklifin haradan qaynaqlandığını qənşərə çıxarmış olur.

Hansı ki, Rusiyanı Ukraynaya qarşı müharibədə birmənalı dəstəkləyən bir neçə ölkədən biri məhz Ermənistandır. Rusiyanın Avropa Şurasından kənarlaşdırlmasının əleyhinə səs verən də Ermənistandır. Qazaxıstandakı nümayişlər zamanı dinc əhalini gülləbaran etmək məqsədilə Rusiya ilə birgə ora əsgər göndərən də Ermənistandır. Sanksiyaların ünvanı bəlli deyilmi?

Azərbaycan Qoşulmama təşkilatının üzvü və sədri olaraq hazırda davam edən Ukrayna-Rusiya müharibəsində tərəfsiz mövqeyini açıq-aşkar nümayiş etdirir. Rəsmi Bakı Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmadığı kimi Rusiyanın Ukraynaya hərbi müdaxiləsini də heç bir halda dəstəkləmir. Misal üçün Azərbaycan bundan öncə də Rusiyaya qarşı təşkil edilən “Krım platforması”na qatılmamış, ancaq Rusiyanın ilhaq etdiyi Krımı da Ukraynanın ərazi bütövlüyü olaraq tanıdığını açıqca elan etmişdi.

Görünür britaniyalı xanım deputat bu qeyd etdiklərimi ya tam mənasında bilmir, ya mövcud təklifini bir müddət öncə Rusiya ilə Azərbaycan arasında imzalanan “Müttəfiqlik əməkdaşlığı haqqında Moskva Bəyannamə”sinə əsaslanaraq irəli sürür, ya da ermənipərəst mövqeyini heç cürə gizlədə bilmir.

Əslində bunlardan üçüncüsü (Marqaret Hodsun ermənipərəst mövqeyi – red.) daha məntiqli görünür. Çünki “sözə baxma, deyənə bax” məntiqi ilə yola çıxsaq o zaman bir çox məsələ agah olar. Bir az keçmişə nəzər salsaq, Leyboristlər partiyasının öz ikiüzlülüyü ilə ad çıxarmış nümayəndəsi olan xanım Hodsun Azərbaycana qarşı çıxışları hələ 2017-ci ildən başlayıb. Onun ölkəmiz əleyhinə açıqlamaları erməni mətbuatı tərəfindən hər zaman kütləvi şəkildə tirajlanıb.

Bundan əlavə Leyboristlər partiyasının erməni lobbisi ilə bağları da dəfələrlə Qərb KİV-lərində işıqlandırılıb. Qondarma genosidin tanınması məsələsini də Britaniyada ən çox qabardan elə leyboristlər olması Hodsu Azərbaycana qarşı belə danışmağa vadar edən qüvvələrin kimliyini aşkara çıxarmış olur. Bir daha aydın olur ki, erməni lobbisinin maliyyələşdirdiyi bu şəxslər dünyanın Ruisyaya qarşı sanksiya ilə çıxış etdiyi bir vaxtda Azərbaycanı da bu siyahıya qatmaq üçün fürsət əldə etdikləri qənaətindədirlər.

Amma Marqaret Hodsun Azərbaycana qarşı açıq qərəzli mövqeyi heç nəyi dəyişmək iqtidarında deyil. Çünki Azərbaycan Britaniyanın etibarlı tərəfdaşıdır. Bakı-London ikili əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. 44 günlük müharibə zamanı da Britaniyanın Azərbaycana verdiyi dəstək məlumdur. Azərbaycan beynəlxaq hüququn normaların qeyd şərtsiz riayət edir. Əks bir vəziyyət olmadığı təqdirdə heç bir ölkə Bakını sanksiyalar ilə hədələyə bilməz.Milli.Az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button