Qarabağ

Azərbaycan-Ermənistan cəbhəsində tərəflərin imkanları – ANALİZ

Müharibədə arxa cəbhənin və iqtisadi-maliyyə imkanlarının rolu nədən ibarətdir?

Azərbaycanın öz işğal olunmuş ərazilərində gedən anti-terror əməliyyatları diqqəti ön plana- qaynar döyüş əməliyyatlarına yöənəltsə də, bu müharibənin arxasında görünməyən cəbhənin əhəmiyyəti heç də ön cəbhədən az deyil. İstənilən müharibədə öz cəbhənin arxasında güclü arxa cəbhə dayanır. Bu cəhətdən 2 ölkə müqayisə olunmayacaq dərəcədə fərqlidir.

Müasir texnologiyalara malik ordu daha güclüdür

Məlum olduğu kimi, müharibənin, ordunun arxasında güclü iqtisadiyyat, ciddi maliyyə resursları dayanmalıdır. Bunların olmadığı, yəni zəif olduğu halda ordunu təmin etmək, müharibəni davam etdirmək mümkün olmur. Napaleon demişkən, müharibə, ilk növbədə pul deməkdir. Müasir dövrdə orduların hərbi-texniki arsenalı yeni və effektiv silah və texnikalara malik olmalıdır ki, bunun üçün də təbii ki, ciddi maliyyə vəsaitləri tələb olunur.

Hər silahın, texnikanın da konkret istifadə müddəti var, o müddət bitəndə yenisini almalısan, yenisi üçün də vəsait olmayanda həmin silah və texnika artıq adi dəmir yığınından başqa bir ey olmur.

Üstəlik, ən müasir texnologiyaların müharibədə rolu əvəzssizdir. Buraya güclü aviasiya, zərbə dronları, radioelektron mübarizə vasitələri, radar sistemlərini, yüksəkdəqiqlikli artilleriya və reaktiv yaylım atəş sistemləri və s daxildir.

Bunun əyani nümunəsini Qarabağ cəbhəsində hamı gördü. Azərbaycanın yüksək effektivli, müasir və güclü hərbi texnologiyaları döyüşlərdə əzici üstünlük nümayiş etdirdi. Ermənistan isə, köhnə, zəif, vaxt keçmiş texnikaları ilə heç nə edə bilmədi. Hətta, yaşayış məntəqələrimizə atdığı orta mənzilli raketlər belə ya partlamadı, ya da havada vuruldu.

1 həftədə Azərbaycan Ordusu düşmənin 1000-dən artıq texnikasını- tankları, topları, reaktiv sistemləri, radar qurğularını, hərbi döyüş maşınlarını və s. dəqiqliklə vuraraq sıradan çıxardı. Bu Ermənistan arsenalının əhəmiyyətli bir hissəsidir. Qarabağdakı hərbi dislokasiyanın ixtiyarında olan texnikanın isə demək olar ki, çox böyük əksəriyyətidir.

Nəzərə alsaq ki, ordumuz ən güclü silahlarını, orta mənzilli raketlərini və düşməninkindən 3 qat çox olan aviasiyasnı hələ heç işə salmayıb, artıq hər şey aydın olur. 2 ölkənin hər qarışını nəzarətdə saxlayan kosmik peyklər haqda isə heç danışmağa dəyməz. Azərbaycan bu imkana malikdir, Ermənstan isə yox.

Müharibəni təkcə ordu, dövlət yox, bütün xalq aparır

Müharibələrdə təkcə dövlət, ordu yox bütün xalq, bütün iqtisadi infrastruktur iştirak edir. Bu günkü müharibədə də təkcə ordumuz yox, bütün xalqımız iştirak edir. Hamı ödədiyi vergilərlə, işlədiyi işlə, verdiyi əməklə, istehsal etdiyi əmtəə ilə ordumuzun arsenalını müasir və güclü silah texnika ilə doldurub. Bu isə artıq çox böyük maliyyə vəsaiti deməkdir ki, bu xərcin öhdəsindən əksər dövlətlər gələ bilmir.

Bundan başqa, informasiya müharibəsində milyonlarla azərbaycanlı gecə-gündüz döyüşür, erməni dezinformasiyalarına və əks-təbliğatına qarşı mübarizə aparırlar. Kibermüharibədə isə müqayisəlunmaz üstünlük var. İTK mütəxəssis qruplarımız düşmənin strateji elektron resurslarını sıradan çıxarıb və rabitə vasitələrini böyük ölçüdə bloklayıb.

Buraya siyasi və diplomatik cəbhədə döyüşənləri də əlavə etsək mənzərə tamamlanar. Bir sözlə bütün cəbhələrdə müqayusəolunmaz üstünlük bizim tərəfimizdədir, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, haqq da, ədalət də, beynəlxalq hüquq da, vicdanlı dünya ictimaiyyəti də bizim tərəfimizdədir.

Mövcud iqtisadi imkanların müharibəyə davamlılıq fərqi

Azərbaycanın iqtisadi inkişaf tempinin uzun illərdir dünyada ən yüksək göstəricilərdən biri olması faktdır. Ölkənin Ermənistanınkından 25 dəfə çox olan nəhəng strateji maliyyə rezervləri, 5 dəfə çox olan dövlət büdcəsi, 6 dəfə çox olan ümumdaxili məhsul səviyyəsi, dəfələrlə aşağı olan xarici borcu, xarici ticarətdə, rəqib ölkənin mənfi saldosuna qarşı müsbət saldosu, 4 dəfə çox olan hərbi büdcəsi, 5 dəfə çox olan insan resursu və s faktorlar hər şeyi aydın göstərir.

Ermənistan isə bütün sahələrdə ciddi böhran keçirir, həm də çox uzun illərdir. Ölkə faktiki olaraq defolt vəziyyətdədir. Statistik göstəricilərə nəzər salmaq kifayətdir ki, bu vəziyyəti aydın görəsən. Müvafiq olaraq, sosial böhran şiddətlənir.

Bu günlərdə Ermənistan parlamenti 2020-ci ilin büdcə layihəsinin icrası vəziyyətini müzakirə edib. Müzakirlərdə ilin yekununa büdcədə defisit həcminin artacağı qeyd edilib. Parlamentin rəsmi saytı xəbər verir ki, iclasda büdcədə defisitin səviyyəsi ÜDM-in 7,4 faizə çatması nəzərdə tutulub. Cari ilin büdcəsində, ilin sonunda dövlət borcları 12,6 milyardlıq ümumdaxili məhsulun 67 faizinə çatacaq ki, erməni ekspertlərin fikrincə, bu, dünyada ən pis göstəricidir və iqtisadi böhranın xeyli dərinləşdiyini göstərir.

Ermənistan Nazirlər Kabineti ümumdaxili məhsulun daha 644,2 milyon dollar azalacağını gözləyir. ÜDM-in 6,8 faiz azalması, dövlət borcunun kəskin artması, mənfi tədiyyə balansının yüksəlməsi nəticəsində iqtisadi böhranın güclənməsini hökumət pandemiya ilə bağlamağa çalışsa da, müstəqil istisadçılar burada əsas səbəbin pandemiya olmadığını, iqtisadi geriləmənin uzun illərdir davam etdiyini qeyd edirlər.

Bu faktlar ölkənin borcla yaşadığını və defolta doğru getdiyini aydın göstərir. Bu səbəbdən, ölkədə sosial vəziyyətin getdikcə ağırlaşması parlamentdə bir çox deputatların sərt etiraz çıxışlarına səbəb olub. Deputatlar belə bir zəif iqtisadi güclə Qarabağda Ermənistan ordu korpusunun saxlanmasının və Azərbaycan ordusunun azadetmə əməliyyatlarına cavab verəcək imkanların olmadığını bildirərək qeyd ediblər ki, dövlət hərbi əməliyyatların 1 ay belə davam etməsini təmin edəcək resurslara malik deyil. Bu vəziyyətdə, orduya, müharibəyə dəstək vermək imkanlarından söhbət belə gedə bilməz.

İşğal olunmuş ərazilərin azad olunması prosesi necə gedir?

İlk günlər prosesin bir qədər yavaş getməsi tətbiq edilən hərbi strategiya, ən çətin relyef şəraiti və ön xətdəki güclü müdafiə sistemi ilə bağlı idi. Hərbi komandanlıq canlı qüvvə itkisinə yol verməmək üçün, ilk günlərdə piyada hissələrin hücumuna o qədər də üstünlük vermədi. Artilleriyanın, pilotsuz uçan aparatların dəqiq zərbələri ilə düşmənin texniki vasitələrinin çox böyük əksəriyyəti sıradan çıxarıldı. İndi quru qoşunlarının işğal altında olan yaşayış məntəqlərimizi terrorçulardan azad etməsi üçün qarşısındakı ciddi təhlükə mənbələri minimuma endirilib.

İlk həftədə 30 illik müdafiə sistemləri bütün cəbhə boyu yarıldı. Bundan sonra ordunun irəliləyişi sürətli keçəcək. Bu səbəbdən Qarabağın azad edilməsinin oktyabrı keçməyəcəyi heç kimdə şübhə doğurmur.

Qaldı ki əsgərlərin ruh yüksəkliyinə, peşəkarlıq səviyyəsinə, mənəvi psixoloji vəziyyətinə bu haqda müqayisə aparmağa belə dəyməz. Ordumuzun əsgərləri bunu döyüş meydanında cəmi bir neçə günə sübut etdilər. Azərbaycanda milyonlarla insan cəbhəyə can atdığı halda, Ermənistanda və Qarabağdakı erməni ordu korpusunda hamı döyüşdən qaçmağa çalışır, bir çox hallarda döyüşsüz təslim olurlar.

Müharibənin davamı üçün külli miqdarda sursat, texnika tələb olunur. Bizdə müvafiq sənaye var, Ermənistanda isə yoxdur.

Yeri gəlmişkən, beynəlxalq ekspertlərin hesablamalarına görə, Ermənistan bütün imkanlarını tam səfərbər etsə belə, maksimum 1 ay müharibəyə davam gətirə bilər.

Azərbaycanda isə bu müddət illərlə ölçülür. Təkcə strateji rezervlər 50 milyarddır. Daxili fondları və digər ehtiyatları da nəzərə alsaq, bu sahədə ağlagəlməz üstünlük olduğunu görərəik.

Müharubədən sonrakı bərpa işləri: hansı imkanlar var?

Ümumiyyətlə, hesab edirik ki, Qarabağın bərpası üçün sürətli proqramla cəmi 2 il kifayət edər. Bunun üçün maliyyə bazası da var- 50 milyardlıq strateji rezervlər və daxili imkanlar. Əlavə olaraq, xarici və yerli investotrları da buraya cəlb etmək mümkündür.

Ərazilər azad olunduqca, tikinti-quraşdırma işləri geniş vüst alacaq. Burada xeyli yeni iş yerləri yaranacaq. İlk 1 ildə azı yarım milyon nəfər köçkünü yenidən məskunlaşdırmaq mümkündür. Daha sonra növbəti yarım milyonu.

Qarabağda aqrar sektorun, həmçinin yüngül və yeyinti sənayesinin inkişafı üçün potensial imkanlar var. Turizmin inkişafı üçün isə bu bölgə dünyada ən ideal yerlərdən biridir.Bir neçə il ərzində burada böyük bir iqtisadi baza formalaşacaq.

Məcburi köçkünlərin öz torpaqlarına qayıtması nəticəsində Bakının və iri şəhərlərin yükü də xeyli azalacaq. Boşalan yüz minlərlə mənzil sosial ev fonduna yönəldiləcək. Nəticədə yüz minlərlə vətəndaşımız uzunmüddətli kreditlə, asanlıqla və çox ucuz qiymətə mənzil ala biləcək.

Bu qələbədən sonra ölkəmizin həll edəsi böyük problemi qalmayacaq, xırda problemlər də 1-2 ilə həllini tapacaq. Müharibədən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyacaq. İndiyədək hərbi xərclərə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün on milyardlarla vəsait xərclənirdi. İndi bu vəsaitlərin çoxu iqtisadi və sosial inkişafa qoyulacaq. Azərbaycan qısa müddətdə inkişaf etmiş, müsir ölkəyə çevriləcək.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button