Ədəbiyyat

Rauf Qərib Alagözün şeirlərində “Qəriblik” və ya “Çəməndə güllərin əsməyi “

Rauf Qəribi mən uzun illərdi tanıyıram, ilk tanışlığımız internetlə başladı, adi bir mübahisə sonra yaxından tanşlığıa və hətta dostluğa gətirib çıxardı. Mübahisə də ondan ibarət idi ki, Qərib mənim sərbəst şeirlərimi qəbul etmirdi və mən biləndə ki, o qədim Borçalımızdandı və Zəlimxan Yaqubla yaxındı və nahayət qərara aldıq ki, oturaq bir çay içək. Günlərin bir günü çay içdk və bu çay söhbəti aramızdakı “Problemi” yuyub apardı. ədəbiyyat anlamında mən çay stolunu qarşılıqlı anlaşma üçün vacib bir şərt sayıram, onda adamlar bir-birini daha yaxından başa düşürlər. Sonra iş elə gətiirdi ki, mənlə BSU-nun yaradıcılıq fakültəsində görüş oldu. Qərib də həmin fakültə də oxuyurdu. Burda da bir-birimizi yaxşı tanıdıq. Yenə günlərin bir günü BSU-nun Yaradıcılıq fakültəsində dərs dedim və Qərib də oldu mənim ən sevimli tələbəm.
Ilk baxışda sadəlövh görünən, amma həyatın hər dolambaclarından keçən dostlara çox sədaqətli bir insandı Qərib. Daim tələsən, yuxa şeirlər yazan, şeirlərində maraqlı detallara, axtarşılara üstünlük verən maraqlı şairdi Qərib.

Və bu günlər şeirlər qovluğunu mən verdi, müəllim, vaxtınız olanda baxarsınız -dedi. Indi hemin şeirlərlə üz-üzəyəm. Qəribin şeirlərinin əksəriyəti nəğmə şəklindədi, bu nəğmələr uşur Borçalıya, Təbrizə, Dərbəndə və Qarabağa. Mənə elə gəlir ki, ancaq nəğmələr üça bilir, ona görə də Qərib şeirlərinin əksəriyyətini nəğmə üstündə yazıb. Çünki nəğmə olmadan bir yerdən başqa bir yerə uçub getmək mümkün deyil.

Ay tələsik gedən gözəl,
Yavaş yeri, ayaq saxla.
Mən qəribəm bu yerlərdə,
Apar məni qonaq saxla.

Və yaxud

İnsafın olaydı, könül bağımdan,
Gülümü dərəndə, ay qara gözlüm.
Azadlıq istəyir ruhum bədəndən,
Mən səni görəndə, ay qara gözlüm.
“Azadlıq istəyir ruhum bədəndən” misrası Qəribin bütün şeirlərinin baş mövzusudur, əsas ideya xətdidir. Burda da uçub getmək məsələri gündəmdə qalır. Şair azadlıq aşiqi olduğundan, hətta ruhun da azadlığını istəyir.

Qəribin şeirləri həyatın və dünyanın amansız yollarından keçir, bəzən sarsılır, dayanır, bəzən də həmin yerlərdən tələsik uzaqlaşır. Qərib şeirlərində həyata yüngülcə toxunur, ehtiyatla hadisənin nədən ibarət olduğunu öyrənir.

Sanki hər şey çevrilibdir tərsinə,
Təmizliyi itiribdir tər sinə,
Bilmək olmur düzü nədir, tərsi nə?
Yay qış ilə, payız yazla fırlanır.
***
Ağlar gözlər saxtalaşıb, saxtadır,
Quru gözdə qanlar laxta-laxtadır,
Sanki qəlblər daşdır, ya da taxtadır,
Çox çox ilə, az da azla fırlanır.

Yaşadığımız dünyaya bu cür ironik, daha dəqiq desək gülməli tərz, amma bu tərzin altında hadisəyə ciddi münasibət şeirin əsas iməzmununu təşkil edir. Qərib monoloqlar şairi deyil ki, uzun uzadi vətəni tərifləyib böyük bir nitq söyləsin. O, gördüyü cizgiləri qisa şəkildə özünə məxsus tərzdə tərənnüm və təsvir edir. Onun yaradıçılığında vətən anlayışı mühüm yer tutur. Yuxarıda dediyim kimi, vətənin dağı- daşı, düzü- çəməni, insanları, şəhərləri müxtəlif üsullarlra tərənnüm olunur. Onun oğuluna xitabən yazdığı şeirdən də görərik ki,vətən anlayışı şair üçün hər şeydən birincidir.

Səni böyütmüşəm vətənim üçün,
Canını qurban et torpağa, oğul.
Vətən namusundur, qeyrət yolunda,
Tabutun sarılsın bayrağa, oğul.
***
Ah-nalən qəlbimi yaxmaz, inan ki,
Qəlbimdə şimşəklər çaxmaz, inan ki,
Gözümün yaşları axmaz, inan ki,
Qoymasan yurduma qar yağa, oğul,
Canını qurban et torpağa, oğul.

Vətənini həyatı qədər sevən şair birdən- birə gileylənir. Kədərə, qəm dəryasını qərq olur. həyatın çətin anlarında “Məni məndən soruşmayın” deyir. Şeirin sonuna çatanda görürsən ki, şairin kədəri içtimai kədərdi. Qarabağ dərdini şair fərdləşdirir. “Mən mən deyiləm, mən vətənəm, qaçqınam, köçkünəm”- deyir.

Vətənin dərdlərini könül qəminin müstəvisində açıb göstərir. Əgər vətənin ərazi bütövlüyü pozulubsa, bütün insanlar qəribdir. Burda ancaq qar yağır, çovğun əsir, çəməndə güllər əsmir . Aşağıdakı bənddə çəməndə güllərin əsməyi çox gözəl poetik bir tapıntıdır. Çəməndə çiçək əsmirsə, demək, dünya və həyat kədərlidir.

Əgər əsirsə, həyat şəndir.
Məni məndən soruşmayın,
Mən Qəribəm vətənimdə.
Qarlar yağır, çovğun əsir,
Güllər əsmir çəmənimdə

Qəribin şeirlərin demək olar ki, 95 faizi sevgi şeirləridir. Bu şeirlərdə Qərib elə qəribdi, qərib. Yəni bu yerlər üçün o doğma deyil, sevgisi ilə, dərdi ilə qəribdir. Vaqif Bayatlı Odər bir şeirində dediyi kimi, “Şairlər qəribdi bu yer üzündə”.
Klassik ədəbiyyatımızdə olduğu kimi, Qəribin şeirlərində aşiq öz sevdiyindən gileyli və kədərlidir. Sevgili aşiqə laqeyiddir, onun göz yaşlarına biganədir. Demək, bütün zamanlarda eyni cür sevmək olurmuş və eyni cür də unudulmaq bir tale işi imiş.

Ey məni özünə can bilən canan,
Canımdan can çıxır, hardasan indi?
Deyirdin: ”Kədərə atmaram səni”,
Həsrət məni yıxır, hardasan indi?
Canımdan can çıxır, hardasan indi?

Bu bənd mənə dünyanın “Nəsimi gərdişini” xatırlatdı. Elə bil Nəsimi bu fırlanan dünyaya xitabən bu şeiri oxuyur və intonasiyadan görünür ki, Qəribin qəribliyi min illərin sevgi şeiri və sevgi kədəri ilə bağlıdır. Qərib saz üsündə gəlib ədəbiyyata. Qədim Borçalımızın şair ürəkli, səmimi bir oğludur. Onun şeirləri Borçalının folklorundan baş qaldırır, havalanır, min illərin dünya qəmi ilə bizi tanış edir. Dünyanın qəmi yaman şirindi. Vətən həsrəti, yurd həsrəti ilə qərib olan, amma dostları və sevənləri arasında qərib olmaya Qərib dostuma yeni-yeni yaradıcılıq uğurları azru edirəm.

Qəşəm Nəcəfzadə,

Azərbaycan Yazıçılar Birliyinin İdarə heyətinin üzvü, “Azərbaysan” jurnalının poeziya şöbəsinin müdiri. Beynəlxalq Rəsul Rza mükafatı laureatı, Avropada keçirilən 38-ci Beynəlxal Poziya Festivalının iştirakçısı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button