Redaktor seçimi

“Bu savaşda Azərbaycanı müdafiə edən hər bir dövlət, hər bir təşkilat, hər bir fərd Allah yanında savab qazanacaq”-TURAL İRFAN

Azərbaycan öz torpaqlarında savaşır və haqlıdır. İslam dininə, “Qurani Kərim”ə görə müsəlmanlar hər zaman bir – birinə dayaq olmalıdırlar. Qardaş Türkiyə, Pakistan İslam Respublikası və Əfqanıstan bu gün öz müsəlmanlığını ifadə edir və Azərbaycanı dəstəklədiklərini bəyan edirlər.

Lakin təəssüf ki, indiyəcən müsəlmanlıqdan, İslam dəyərlərindən, Əhli Beyt eşqindən dəm vuran bəzi adını müsəlman qoyan ölkələr küfrün, yağının, məscidləri, Allah evlərini viran edib təhqir edənlərin yanında qərar tutdular. Əslində Azərbaycann onlara heç ehtiyacı da yoxdur. Fəqət onlar qeyri – səmimiliklərini və iç üzlərini ifşa etdilər.

Riyakarcasına bizə atəşi dayandırmağı “tövsiyyə” edirlər. Lakin 30 il ərzində Ermənistana işğalı dayandırmağı niyə tövsiyyə etmədilər? Yaxşı olar ki, onlar indi bizə atəşkəs tövsiyyəsi verməkdənsə, düşmənə işğalı dayandırmaq və Azərbaycan torpaqlarından rədd olmaq göstərişi versinlər.

Azərbaycan öz torpaqlarını müdafiə edir. BMT-nin dörd qətnaməsi var ki, qeyd – şərtsiz ermənilər Qarabağdan və ətraf rayonlardan çıxmalıdır. Qurana görə, İslam qanunlarına görə Azərbaycan Ordusu haqlıdır, mücadilə və mübarizədə, savaşda tam əsaslıdır. Odur ki, şəraitlə bu savaşda ölənlərimiz həm dini baxımdan, həm də Azərbaycanın qanunlarına əsasən şəhid statusuna malikdir, cənnətlikdir. Sağ qalan, yaralanan savaşçılar qazi hökmündədir.

Bu savaşda Azərbaycanı müdafiə edən hər bir dövlət, hər bir təşkilat, hər bir fərd Allah yanında savab qazanacaq. Ermənistanın yanında olanlar isə (lap Peyğəmbər soyundan gəlsə belə) cəhənnəmi satın alanlardır.
Quranda buyururulur ki, sizi yurdlarınızdan çıxaranlarla savaşın, Allah yolunda öldürülənlərə isə ölü deməyin…

Erməni faşistləri heç biri dini, dünyəvi dəyərlərə məhəl qoymur, fitnə fəsad törədir, küfr və nifaq yolu ilə Azərbaycan xalqına qarşı murdar düşmənçilik edir, namərdcəsinə dinc əhalimizə təcavüz edir.
Ona görə də bu savaşda bütün müsəlmanlar, bütün haqq və səmavi dinlərin yandaşları Azərbaycanın yanında olmalarını özünə borc bilməlidirlər. Hər bir müsəlman üçün fərzdir, vacibdir ki, bu savaşda Azərbaycan xalqının, dövlətinin yanında olsun, ona dəstək versin.

Bu savaşda biz haqlı olduğumuz üçün qalib gələcəyik. Çünki Allah hər zaman haqlının yanındadır.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button