Cəmiyyət

Vətənpərvər din xadimlərimizi tanıyaq, tanıdaq və qiymətləndirməyi bacaraq

“Göy məscid” kimi tanınan Əjdərbəy Məscidinin imamı, eyni zamanda qazısı Hacı İlham Səlimovun verilişlərdəki çıxışlarını, məsciddəki xütbələrini imkanım olduqca dinləyirəm və çox bəyənirəm. İlham Səlimov hər şeydən öncə din xadiminə xas olan əsl nuraniyyətə, irfani cazibəyə malik insandır. Onun söhbətlərində milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik, milli düşüncə bəzilərindən fərqli olaraq ön plandadır. İbrətamiz nəqlləri, hədisləri, Quran ayələrini səlist və aidiyyəti üzrə yüksək fəsahəti ilə cəmiyyətə çatdırmağı bacaran Hacı İlham Səlimov nümunə götürüləcək məscid imamıdır, qazıdır.

Mən həmişə xurafatı, dini radikalizmi, fanatizmi, dinin siyasiləşdirilməsini tənqid etmişəm. Bəzi hallarda, bəzi təsadüfi din xadimlərinin də fəaliyyətini təndid edirəm. Ancaq təəssüf hissi ilə onu da qeyd etməliyəm ki, anti-milli düşüncədə olanları, xaricdə zəhərlənmişləri, xurafatçıları yaxud da savadsızları tənqid etməyə o qədər vaxtımız sərf olunur ki, yaxşıları, nümunəvi fəaliyyət göstərənləri, savadlı din xadimlərini örnək göstərməyə fürsət qalmır. Hər nə qədər belə olsa da düşündüm ki, mənfiləri deyiriksə, müsbətləri də deməliyik ki, ədalət pozulmasın.

Odur ki, İlham Səlimovdan başlamaq qərarına gəldim. İlham bəyi cəmi bir və ya iki dəfə görmüşəm. Ancaq xütbələrini, sorağını, savadını, yüksək keyfiyyətlərini çox eşitmişəm. Peyğəmbərin (s) bir hədisində deyilir ki, əsl mömin o kəsdir ki, üzünə baxanda Allah yada düşsün. İlham Səlimov məhz üzünə baxanda Allah yada düşən din xadimlərindəndir.

Onun söhbətlərində humanizm, insani dəyərlər, milli dəyərlər Quran ayələri, Peyğəmbər hədisləri, Əhli Beyt nəqlləri, səhabə rəvayətləri ilə yoğrularaq ruhlara aramlıq bəxş edir, qəlblərə tətminlik gətirir. Onun moizələrində hədəf, süjet xətti digərlərindən fərqli olaraq məzhəbçiliyi qaba şəkildə qabartmaq, maarifləndirməkdən daha çox savadının dərinliyini nümayiş etdirmək deyil, sadə, səmimi və səlist formada dini sevdirmək, cəmiyyəti səhih, obyektiv şəkildə maarifləndirməkdir. Müqəddəsatı mübahisə və digərlərinin dəyərlərini aşağılamaq metodu ilə yox, məhəbbətlə, elmlə, mərhəmətlə insanlara sevdirmək İlham Səlimovun müstəsna məziyyətlərindəndir.

Əsl nümunəvi din xadimi, ilahiyyatçı, məscid imamı, qazı obrazını özündə cəmləşdirən İlham Səlimovun şəhidlərimizin ziyarətində, xütbələrdə, moizələrdə xalqımız, dövlətimiz üçün etdiyi dualara mən də amin deyirəm və ona fəaliyyətində uğurlar arzulayıram.
Arzu edirəm ki, bütün din xadimlərimiz onu kimi dövlətçiliyə sadiq, milli düşüncəli, nurani, vətənpərvər olsun!

Tural İrfan
İlahiyyatçı-yazar

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 2]

Back to top button