QarabağSiyasət

“Bu görüşdə Putindən Azərbaycana hər hansı təzyiq gözləmirəm”-ŞƏRH

“Bu görüşdə Putin tərəfindən Azərbaycana hər hansı təzyiq gözləmirəm”.Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Hikmət Hacızadə Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvətini şərh edərkən deyib. Politoloqun fikrincə, Rusiya prezidenti tərəfləri sülhə çağıracaq:

“Putin əvvəldən qərar qəbul edib ki, konkret olaraq bu münaqişəyə müdaxilə eləməsin və ənənəvi olaraq Ermənistanın tərəfini tutmasın. Sadəcə, tərəfləri sülhə çağıracaq, sülhpərvərliyini nümayiş etdirəcək. Bu görüşdə konkret nəsə olmayacaq, heç nə gözləməyək”.

Hikmət Hacızadənin sözlərinə görə, görüşdə həmçinin Azərbaycan tərəfi öz sözünü deyəcək, masanın üstünə konkret tələblərini qoyacaq:

“Əsas tələb budur ki, Ermənistan qoşunları bizim torpaqlarımızdan çıxmalıdır. Ermənistan dünənə kimi deyirdi ki, biz bu torpaqlardan çıxmayacağıq, nə istəyirsiniz, edin. Amma onların bu görüşdə münasibəti necə olacaq, bunu əvvəldən demək çətindir. Bəlkə Ermənistanın Xarici İşlər nazirinə yeni bir tapşırıq veriblər? Bu görüşdə Putin tərəfindən Azərbaycana hər hansı təzyiq gözləmirəm”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərini Moskvaya dəvət edib. Bu barədə Kremlin rəsmi saytında məlumat verilib.

Analoq.az

Daha çox
Back to top button
Close