Qarabağ

Düşmənin cəbhədə vəziyyətinin acınacaqlı olduğunu Rusiya nəşri də təsdiqləyir

Qarabağda gedən müharibə haqda daha bir xarici KİV ermənilərin vəziyyətinin acınacaqlı olduğu haqda onların öz dillərindən xəbərləri dünyaya çatdırıb. Virtualaz.org xəbər verir ki, Estoniyanın Milli teleradioşirkətinin (ERR) müxbiri Anton Alekseyev ötən gün Qarabağda olub, işğal altındakı Xocavəndə qədər gəlib çıxa bilib. Amma vəziyyət mürəkkəb və təhlükəli olduğu üçün bu gün oktyabrın 9-da seher saatlarında Yerevana qayıdıb. O bildirir ki, cəbhədə baş verənlər haqda dəqiq informasiya yoxdur, amma döyüşlərdən qayıdanlar erməni tərəfinin vəziyyətinin acınacaqlı , itkilərinin isə həddən artıq çox olduğunu təsdiq edirlər.

“Cəbhədə olan bir kişi ilə danışdıq. O, dostunu dəfn etmək üçün Ermənistana qayıdıb və deyir ki, situasiya erməni tərəfi üçün acınacaqlıdır”,-estoniyalı müxbir bildirir.

Daha sonra həmin erməni hərbçisindən sitat verir: “Sən öz düşmənini görmürsən, ancaq dronlar görünür. Bu dronlarla və raketlərlə müharibədir. Hər şey distant baş verir. Haradansa raket uçub gəlir-və sən artıq yoxsan”.

A.Alekseyev əlavə edir ki, ermənilər müharibənin ancaq Putinin Ərdoğanı yola gətirməsindən sonra dayana biləcəyini deyirlər. Onun sözlərinə görə, hazırkı şəraitdə heç bir danışıq mümkün deyil. “Belə situasiyada hansı danışıqlardan söhbət gedə bilər-mən bilmirəm!”,-o bildirir.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın “Novaya qazeta” nəşrinin müxbiri İlya Azar da Şuşa və Xankəndindən hazırladığı reportajında Ermənistan ordusunun bütün cəbhə boyu acınacaqlı vəziyyətdə olduğunu, minlərlə itki verdiyini yazmışdı. Rusiyalı jurnalist cəbhədən Ermənistana qayıdan erməni könüllülərinin danışdıqlarına istinad edirdi. Ölən dostunu Gümrüdə basdırmaq üçün qayıdan könüllü erməni döyüşçüsü deyirdi ki, onların vəziyyəti acınacaqlıdır, müharibəni uduzublar və Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmirlər. O, təkcə Cəbrayıl istiqamətində ermənilərin minlərlə itki verdiyini deyirdi və erməni ordusunda silah-sursat, ərzaq təchizatının acınacaqlı olduğunu bildirirdi.

Bu reportaj dərc olunandan bir gün sonra Ermənistan XİN İlya Azarın akreditasiyasını ləğv etdi və onu ölkədən çıxardı. Baxmayaraq ki, İlya Azar daha əvvəl ermənilərlə yaxın idi, rəsmi Bakının icazəsi olmadan işğal altındakı ərazilərə səfər etdiyi üçün Azərbaycan XİN-in qara siyahısına salınmışdı.

Düşmənin cəbhədə vəziyyətinin acınacaqlı olduğunu daha bir Rusiya nəşri-Znak.com portalı da dünənki reportajında göstərib. Həmin reportajda Ağdərədəki döyüşlərdən Xankəndinə qayıdan erməni hərbçisinə istinadən bildirilirdi ki, cəbhənin bu istiqamətində də vəziyyət ermənilər üçün acınacaqlıdır. Həmin erməni hərbçisi Ağdərə torpaqlarının qanlı sıyığa çevrildiyini, minlərlə itkinin olduğunu deyirdi.

Ermənistan Müdafiə Nazirliyi bu günə qədər cəmi bir neçə yüz itkini təsdiqləyib, lakin sosial şəbəkələrdə öz övladlarından, yaxınlarından xəbər ala bilməyən minlərlə adamın kömək çağırışları yayılır. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, təkcə Ermənistandan olan və Qarabağda döyüşlərə göndərilən 5 minə qədər əsgər və zabitdən xəbər yoxdur. Onlar itkin düşmüş sayılır. Ermənistan hökuməti yanında vahid informasiya mərkəzinə rəhbərlik edən və cəbhədəki vəziyyət barədə hər gün saxta, yalan məlumatlar tirajlayıb erməni ictimaiyyətini hələ də “qələbə” nağıllarına inandırmaq istəyən Arsurun Ovanisyan belə çağırışların getdikcə artmasına görə özünün Facebook səhifəsindən müraciət yayıb.

Sitat: “Bəzi vətəndaşlar bu günlərdə oğullarının fotolarını sosial mediada dərc edərək onların tapılmasına kömək istəyir. Münaqişə bölgəsində şiddətli döyüşlər davam edir. Bu da öz növbəsində həlak olanların cəsədlərinin tapılmasını çətinləşdirir. Bu savaş tamamilə fərqlidir, ilk müharibədən və 2016-cı ilin Aprel döyüşlərindən fərqli olaraq bir kabusdur. Üzr istəyirik və buna anlayışla yanaşmağınızı xahiş edirik”.

Hələlik erməni ictimaiyyətinin itkilərin real miqyası barədə təsəvvürləri olmaya bilər, lakin söhbətin minlərlə itkidən getdyi tezliklə aydın olacaq və o zaman düşmən ölkədə çox ciddi vətəndaş etirazlarının başlamasının qaçılmaz olacağı təxmin edilir…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button