Siyasət

Ermənilər artıq məğlubiyyətin günahkarını axtarır

Azərbaycan Vətən Müharibəsini davam etdirir. 30 ilə yaxındır Ermənistanın işğal altnda saxladığı torpaqlarımızı Şanlı Ordumuz düşmən tapdağından azad edir, ərazi bütövlüyümüzü bərpa edir. Artıq əsgərlərimiz Qarabağın dərinliklərində əməliyyatları həyata keçirirlər.

Faktiki olaraq Ermənistan məğlub olub, döyüşməyə, müqavimət göstərməyə gücü, imkanları qalmayıb. Azərbaycan Ordusu isə uğurlu taktikalarla irəliləyir. Artıq Uca Bayrağımız Cəbrayılın mərkəzində, Hadrutda, Suqovuşanda da dalğalanır. Cəmi 18 günlük əməliyyatlarla düşmən darmadağın edilib.
Artıq ermənilər nəinki məğlubiyyətlərini etiraf edir, artıq məğlubiyyətlərinin günahkarını axtarır. Və deyəsən, tapıblar da…

Öncə ona diqqət edək ki, sosial şəbəkələrdə artıq neçə gündür siyasi qütblərin, erməni liderlərin tərəfdarları bir-birini “qırmağa” başlayıb. Robert Köçəryanın, Serj Sərkisyanın aktiv tərəfdarları Paşinyanı tənqid, hətta təhqir edir, onu yanlış siyasət apararaq Qarabağı əldə saxlaya bilməməkdə günahlandırırlar. Paşinyanın tərəfdarları isə deyir ki, Ermənistanın hazırkı vəziyyətə düşməsində günahkar Köçəryan, Srkisyandır, çünki onlar kodrrupsiyaya qurşanaraq dövləti gücsüz hala salıblar, buna görə Azərbaycan gücsüz, sarsılmış Ermənistana qalib gəlib.

Hətta bir çoxları Paşinyanı xəyanətdə, Sorosun əlaltısı kimi Ermənistanı uçuruma yuvarlamaqda, Moskvanın dəstəyini yoxa çıxarmaqda ittiham edirlər.
Bir qədər “zəkalı” ermənilər isə həm Köçəryan, həm Sərkisyan, həm də Paşinyanı yarıtmazlıqda, yanlış siyasətlə Ermənistanı indiki ağır duruma saldıqlarını bildirilər. Və qeyd edirlər ki, artıq bu vəziyyətdə Azərbaycanın qarşısında durmaq mümkün deyil, onlar öz torpaqlarını rahatlıqla geri alacaqlar.

Artıq “günahkar kimdir” müzakirəsi siyasi dairələrdə başlayıb və partiyalar açıq bəyənatlara başlayıblar.

Keçmiş baş nazir Aram Sərkisyanın lideri olduğu Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov açıqlama verərək, Ermənistanın düşdüyü indiki ağır duruma görə hazırkı hökuməti günahlandırıb.

O deyib ki, Paşinyan hökumətinə güclü ordu, etibarlı “Artsax Respublikası” təhvil verilib, ancaq indi…

Şarmazanov qeyd edib ki, Respublika Partiyası Paşinyanın apardığı danışıqların sonda müharibəyə gətirib çıxaracağını iki il öncədən bildirib.

O, mövcud vəziyyətin “Nikolun danışıqlara öz nöqteyi-nəzərindən başlamasının və “uzaqgörənliyinin” nəticəsidir, mövcud hökumət yaranmış vəziyyətə görə bütün məsuliyyəti daşıyır” deyib.

Deməli, artıq Ermənistan məğlubiyyətlə barışır və artıq siyasi dairələr bunun günahkarını cəzalandırmağı prioritet seçirlər. Təbii ki, burada həm də müxalif qüvvələrin – Ermənistandakı “Qarabağ klanı”nın, əvvəlki hökumətlərin Paşinyanı yıxıb, yenidən hakimiyyətə gəlmək maraqları da var.
Nəzərə çatdıraq ki, hələ sentyabrın 30-da Robert Köçəryan Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “prezidentləri” ilə bir araya gələrək, Paşinyana qarşı cəbhə açıb. O, Paşinyandan yanıqlıdır, çünki Nikol hakimiyyətə gələn kimi onu məsuliyyətə cəlb etdi, həbsə yolladı.
Eynilə Serj Sərkisyan da Paşinyandan qisasçıdır.

Bütün bunların fonunda Ermənistan ümumi məğlubiyyətinin günahkarını axrtarır. Çünki xalq qəzəblidir və kiminsə başını kötük üstünə qoyacaqlar. Paşinyanın rəqibləri isə ciddi cəhdlə çalışır ki, günahkarın mıhz indiki baş nazir olduğunu təsbit etsin, onun qəzəbli, ac Ermənistan cəmiyyətinin cənginə versinlər.
Faktlar və baş verənlər göstərir ki, cəbhədə uduzan Ermənistanda daxili iğtişaşlar qaçılmazdır. Artıq proses başlayıb.

Ümumi mənzərə ondan ibarətdir ki, Ermənistanın uzun illər həyata keçirdiyi işğalçılıq siyasəti, özünü təcrid etməsi artıq öz məntiqi nəticələrini verməkdədir. Xeyli müddətdir Ermənistana bunların baş verəcəyi haqda xəbərdarlıq edilirdi və deyilirdi, tövsiyyə olunurdu ki, işğalçılıq siyasətindən əl çəksin, Azərbaycan torpaqlarını boşaltsin və bir dövlət kimi məhv olmaq perspektivinə doğru getməsin. Çünki Azərbaycanın səbri tükənməz deyil, bir gün məsələni Ordu həll edəcək. Ancaq Ermənistanı bugünədək idarə edən şəxslərin heç biri bunu edə bilmədi və budur, işğalçı dövlət sonunu gətirib…

Azərbaycan Ordusu, dövləti Ermənistana yerini göstərir…Elşad MƏMMƏDLİ “Yeni Müsavat”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button