Ölkə

“Qafqaz evi” ideyası regionda sülhün və inkişafın qarantı ola bilər – ŞƏRH

Məlum olduğu kimi, oktyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. İlham Əliyev Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşündən sonra mətbuata açıqlamasında İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət və Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının gedişi barədə auditoriyaya məlumat verib.

“Biz hesab edirik ki, Qarabağ münaqişəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vaxtı çatıb. Hər halda bizim niyyətimiz budur. Biz erməni tərəfinə 5 əsas prinsip əsasında öz təkliflərimizi təqdim etdik. Ümid edirəm ki, Ermənistan tərəfi də siyasi iradə nümayiş etdirərək Azərbaycanla sülh müqaviləsi imzalayacaq”,- deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.

İlham Əliyev qeyd edib ki, Tbilisidə keçirilən görüşdə tərəflər Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıblar. “Bu gün söhbət zamanı biz Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi apardıq. Əgər Ermənistan tərəfi buna hazırdırsa, biz də hazırıq”, – deyə dövlət başçısı bildirib.

Gürcüstan indiki halda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar üçün ən optimal görüş yeridir. Bu gün danışıqların 3 formatı var. Birincisi, uzun müddətdir mövcud olan ənənəvi, Azərbaycan-Rusiya-Ermənistan formatıdır. Bu formatda danışıqlarda bəzi irəliləyişlər əldə olunsa da, proses yekunlaşmayıb, əsas məsələlər həll olunmamış qalır. Sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələsi hələ də həlli tapmayıb.

İkinci format Avropa İttifaqının vasitəçiliyi ilə yaradılıb. Burada Aİ və ABŞ bir paketdə hərəkət edir. Fransa prezidenti Emmanuel Makronun bu ilin sentyabrında “France 2” telekanalında verdiyi Azərbaycanın guya Qarabağda “dəhşətli müharibə başlatması” və “Ermənistanla sərhəddə bir neçə hücum təşkil etməsi” barədə məşhur və qalmaqallı bəyanatından əvvəl təklif etdiyi üçüncü formatdır. Praqada Makron vasitəçi kimi çıxış edirdi, amma məlum oldu ki, o, vasitəçi ola bilməz, çünki onun bəyanatları Fransanı danışıqlara tərəf edib.

Və nəhayət, Prezident İlham Əliyevin Gürcüstanda yaradılmasını təklif etdiyi Qafqaz formatı. Azərbaycan Prezidenti Gürcüstana məhz buna görə getdi, əsas məqsədi bu formatın yaradılması idi. Bu, əslində Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar formatıdır və müvafiq olaraq Gürcüstan da bu prosesdə platforma təqdim edə bilər. Sülh müqaviləsi bağlanandan sonra isə rəsmi Tbilisi regionun ümumi quruculuğu prosesinə daxil edilir. Beləliklə, “Qafqaz evi” ideyası region ölkələrinin məsələləri öz aralarında həll etməsi və kənar vasitəçilərə ehtiyacın qalmaması demək olacaq.

Bütün bunlar Azərbaycan Prezidentin necə praqmatik siyasətçi olduğunu və qlobal siyasi prosesləri düzgün qiymətləndirərək çevik mövqelər qoymasını aydın göstərir. Cənab Prezident həm ölkəmizi dünyada sülh tərəfdarı kimi təqdim edərək bütün formatlarda sülh danışıqlarına razı olduğunu bəyan edir, digər tərəfdən siyasi-diplomatik, iqtisadi imkanlarla Ermənistanı bu sülhə məcbur edir. İstənilən halda İrəvan sülh müqaviləsini imzalamağa, kommunikasiyaların açımasına, sərhədlərin delimitasiyasına razılıq verməyə məcbur vəziyyətdə qalır.

Region ölkələrinin də dəstəyini qazanan Bakı, Cənubi Qafqazda əsas güc olduğunu ortaya qoyur və regionun təhlükəsizliyinin, iqtisadi inteqrasiyasının əsas qarantı kimi çıxış edir. Bu mövqe həm Rusiyanın, həm Türkiyənin, həm Gürcüstanın maraqlarına uyğundur. Bu proses sosial-iqtisadi böhran içində boğulan Ermənistan üçün isə daha da vacibdir. İrana gəldikdə, Tehranın Zəngəzur dəhlizinin açılması ilə özünün iqtisadi və siyasi itkilərə məruz qalacağını düşünərək buna mane olmaq cəhdlərinə, bu haqda onu demək olar ki, Azərbaycan bu dəhlizin həmin hissəsini Arazın hər iki sahili ilə- həm İran, Həm də Ermənistandan keçirməklə hər iki ölkənin burada bərabər iştirakına imkan yaratdığını, Zəngəzur dəhlizinin İran-Ermənistan əlaqələrinə heç bir problem yaratmayacağını ciddi şəkildə əsaslandırır. Bununla bağlı İranla razılaşma əldə olunub və bu istiqamətdə işlər də görülür. İranın Qərbin sanksiyaları altında qaldığını, iqtisadi və sosial problemlər içində çətin vəziyyətə düşdüyünü nəzərə alsaq, bundan başqa çıxış yolunun olmadığı aydın görünür.

Ermənistan Qərbin təhriki ilə Meğridən keçəcək dəhlizə imkan verməyəcəyi halda, dəhliz İran ərazisindən işləyəcək, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlı qalacaq və Ermənistan yenə əvvəlki kimi regional iqtisadi və nəqliyyat layihələrindən kənarda qalacaq, böyük iqtisadi itkilərlə və müvafiq olaraq sosial problemlərlə uğraşlamalı olacaq. Bu səbəbdən də Azərbaycanla sülh razılaşmasını imzalamağa məcburdur. Bəzi revanşist qüvvələri nəzərə almasaq, Ermənistanda bunu hamı başa düşür və dəstəkləyir. Nikol Paşinyan da bundan başqa yol qalmadığını aydın dərk edir və bunu dolayı yolla dəfələrlə bəyan edib.

Göründüyü kimi, Azərbaycan Prezidenti elə bir siyasət ortaya qoyub ki, həm ölkəmizin, həm də regionun təhlükəsizliyi, iqtisadi inkişafı, sülh içində yaşaması bundan asılıdır. Region ölkələri bunu anlamağa və dəstək verməyə məcburdurlar, çünki bu, bütün region ölkələrinin maraq və mənafelərinə uyğundur. Cənab İlham Əliyevin sözləri ilə desək, regionda sülhün və əməkdaşlığın alternativi yoxdur.

Məftun Quluzadə

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 3]

Back to top button