Ölkə

Fikrət Məmmədov Ağsuda vətəndaşları qəbul edib

Ölkə Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dövlətimizin başçısının vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq iyulun 6-da ədliyyə naziri Fikrət Məmmədov Ağsu şəhərində Ağsu, İsmayıllı və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib və ədliyyə fəaliyyəti barədə müraciətlərə baxılıb, bu zaman Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğıları ilə xüsusilə maraqlanılıb. Vətəndaşların qaldırdıqları məsələlərin bəzilərinin yerində həlli ilə bağlı tədbirlər görülüb, digər müraciətlər araşdırılması üçün nəzarətə götürülərək qəbulda iştirak edən nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Bölgə sakinləri müharibə iştirakçılarının və şəhid ailələrinin daim dövlət qayğısı ilə əhatə olunduğunu bildirərək, onların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasına, yerlərdə qəbulların keçirilməsi ilə bağlı yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı nazir yerli ədliyyə orqanlarına baş çəkərək iş şəraiti ilə, habelə rayon məhkəməsinin inzibati binasında aparılan təmir işlərinin gedişatı ilə tanış olub, müvafiq göstərişlər verib. Ədliyyə işçiləri ilə müşavirə keçirərək dövlətimizin başçısının vətəndaşlara layiqli xidmət göstərilməsi, məmnunluğun təmin edilməsi, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi ilə bağlı tələblərini daim rəhbər tutmalarını diqqətə çatdırıb, xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl etmələri barədə tapşırıqlar verib.

Eyni zamanda hakimlərlə keçirilmiş müşavirədə məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, qərarların ədalətliliyinin təmin olunması, insanlara qayğılı münasibət göstərilməsi ilə bağlı tövsiyələr verilib, məhkəmələrdə, o cümlədən bu bölgənin yurisdiksiyası üzrə məhkəmələrdə aparılmış monitorinqin nəticələri, aşkarlanmış nöqsanların aradan qaldırılması diqqətə çatdırılıb.

Məhkəmələrdə hakimlərin iş yükünün azaldılması, işlərə daha keyfiyyətlə və operativ baxılmasının təmin olunması üzrə dövlətimizin başçısının Fərmanı ilə əlavə ayrılmış ştatların yeni nəsil gənc hakimlərlə komplektləşdirildiyi, o cümlədən 2022-ci il 1 iyul tarixli sərəncamlarla birinci instansiya, habelə bu bölgənin məhkəmələrinə hakimlərin təyinatının aparıldığı vurğulanıb, qarşıda duran vəzifələr qeyd olunub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button