BannerRedaktor seçimi

RADİKAL MÜXALİFƏT ÜÇÜN QAÇILMAZ YOL: TARİXİN ARXİVİ Bəhruz Quliyev yazır

Və ya lidersizlik faktoru “ənənəviləri” necə təlaşlandırır?

II yazı

Beləliklə, mövcud konyukturada “lider” axtarışına çıxan “ənənəvilər” paralel olaraq özlərini cəmiyyətə zorla, hətta zaman-zaman hökmlə “demokratik düşərgə” adı altında sırımaqda davam edirlər. Birinci yazıda da qeyd olundu ki, təkcə “lider” axtarışına çıxılması və müxalifətin siyasi səhnəni tərk edib-etməməsi ilə bağlı ünvanlanan sualın özündə yekun cavab reallığı dayanır – “ənənəvilər” özlərinə “yeni lider” axtarırlarsa həm əvvəlki uğursuzluqlarını, yaxud seçdikləri “liderin” keyfiyyətsizliyini etiraf edirlər, ya da ümumiyyətlə, “müxalifət hərəkatı” adlandırılan terminin hazırkı məqamda heç bir yerinin olmadığını dərk edirlər. Lakin daha bir amil budur ki, “ənənəvilər” guya (!) kreativlik və ideyaverici düşüncə tərzləri ilə özlərini “siyasi bilgin” kimi təqdim etsələr də, əslində heç yerə getmək fikrində olmadıqlarını açıq-aşkar sübuta yetirmiş olurlar.

Radikalizmdən imtina edərək konstruktivliyə keçid edənlər hansı sualı verirlər?

Bir tərəfdən “novatorluq” çağırışları, başqa tərəfdən isə özlərindən başqa heç bir müxalif cinahı real müxalifət kimi qəbul etməmək gerçəkliyi “ənənəvilərin” əsl “simalarını” daha qabarıq fonda təqdim etməkdədir. Ümumiyyətlə, hazırkı mövzu ətrafında baş sındıran, amma nəticəyə vara bilməyən bəlli düşərgə təmsilçiləri nədənsə vaxtilə onlardan qopmuş fərdləri hələ də özlərinə aid etməkdədirlər. Misal üçün, parlamentdə əyləşən müxalifət deputatlarının əksər çoxluğunun məhz AXCP sıralarından çıxdıqlarını öz təbirlərincə iqtidara az qala “minnət” qoyan “ənənəvilər” unudurlar ki, həmin fərdlər məhz AXCP-nin hazırkı sədrinə qarşı etiraz olaraq bu partiyanın sıralarını tərk ediblər və eyni zamanda, əsas ittiham kimi mövcud sədrin zamanında öz liderinə qarşı amansız xəyanət etməsini göstəriblər. Bu gün daxili siyasi arenada hakimiyyətin həyata keçirdiyi siyasətinə, islahatlarına dəstək olan, ideyalarla çıxış edən, eyni zamanda yerlərdə yaşanan nöqsanların aradan qaldırılması yönündə fəaliyyət göstərən konstruktiv müxalifətə məxsus deputatlar “ənənəvilərdən” fərqli olaraq radikal xarakterli addımları əsla qəbul etmirlər. Bəli onların düşüncə və fəaliyyət tərzləri təxminən bu sualla tamamlanır – axı nəyə görə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq mühitinə geniş şərait ola-ola biz dağıdıcılıq prinsiplərindən çıxış etməklə suyu bulandırmalıyıq, belə situasiya sabitliyə, dövlət maraqlarının regional arealdan beynəlxalq areala doğru genişlənməsinə əngəllər yarada bilər. Əlbəttə ki, ilk növbədə dövlətin, xalqın maraqları ön götürülməlidir və həmçinin bu maraqlara qarşı müxtəlif mövqelərdən edilən hücumlarda da iqtidarla eyni cinahdan çıxış etmək lazımdır ki, dövlətin təməllərinə xələl toxunmasın. Bax, bu konstruktivlikdən irəli gələn məsələlərdir.

Ancaq gəlin baxaq və nəticə hasil edək, “ənənəvilər” vaxtilə onları rədd edərək siyasi baxışlarını konstruktivlik üzərində qurmuş müxalifətçiləri AXCP-nin adına çıxarkən əsl reallığı dərk etmək qabiliyyətinə malikdirlərmi? Görünür ki, yox, heç də belə deyil.

Adeptliyin son həddi: “yeni liderin” məhz köhnə Əli Kərimlinin olduğunu zorla ictimai rəyə sırımaq

Adeptlik (cərəyanın qızğın tərəfdarı) şakərindən qurtulmağı bacarmayan AXCP -“Milli Şura” cütlüyünün rəhbərlik “strukturları” və ətrafdakı bəzi bir neçə radikal xarakterli partiyalar 30 illik uğursuz fəaliyyətlərini bu və ya digər şəkillərdə ssenariləşdirdikləri siyasi nağıllarını yazmaqla ört-basdır etməyə çalışırlar. Xüsusilə, “Milli Şura” adlı qurumun “xanım” başbilənlərindən birinin nədənsə (?!) “yeni lider” axtarışına çıxması, özəlliklə köhnəlmiş və ictimai rəyin gözlərini döyənək etmiş bir fərdin – Əli Kərimlinin üzərində dayanması həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, onların əsas hədəflərindən biri də cəmiyyətdə sözügedən süni mənzərəni yaratmaq, axtardıqları “yeni liderin” isə məhz Əli Kərimlinin olduğunu zorla sırımaqdan ibarətdir, yəni köhnəni “təzələmək”…

Müasir siyasi fəlsəfədə xalqın, dövlətin maraqlarının bütün digər maraqlardan üstün tutulması həm şərtdir, həm də siyasi uğuru, dəstəyi əhatə edən mühüm tandemdir. Siyasi terminlə ifadə etsək altruizm vasitəsi yüksək siyasi əxlaqın da bariz nümunəsidir. Lakin bizlər 30 illik fəaliyyətləri dövründə – istər iqtidarda olduqları vaxtlarda, istərsə də müxalifətdəki fəaliyyətlərində nəinki bu əxlaqın, bütövlükdə bir çox sosial və siyasi əxlaqların, davranış hədlərinin onlara aid olmadıqlarını müşahidə etmişik. Bütün bunlar isə göstərir ki, əgər “Milli Şura”dakı “X” adlı “xanım” yenidən AXCP sədri Əli Kərimlinin ətrafında küçə tamaşası qurursa bəri başdan bu tamaşasının anşlaqsız keçəcəyinə əmin olsun.

Xalq maraqlarını ikinci, üçüncü və hətta arxa plana keçirən antaqonizmlik amili

Antoqonizmin (şəxsi maraqların dövlət və xalq maraqlarından üstün qutulması) izafiliyi isə “hakimiyyətə iddialı” olan “ənənəvilərin” ən böyük nöqsanlarıdır. Əbəs deyil ki, yalnız dövlət maraqlarına deyil, həm də daxillərində çoxsaylı qarşıdurmalara gedən həmin fərdlər sanki həyatlarının hər dəqiqəsini, hər saniyəsini ziddiyyətliklə yaşayırlar. Real müxalifətçilik anlamını qavramayan, ya da müxalifətçiliyi yalnız ziddiyyətli davranış kimi anlayan bu cameə heç bir halda irəliyə gedə bilmədiyini gördükcə daha da radikallaşır, aqressivləşir və bütün bunlar siyasi çərçivədən şəxsi mənfəət çərçivəsinə doğru transfer olunur. Daha dəqiq desək, özlərinə əzbər etdikləri “xalq” termini ikinci, hətta üçüncü plana, yaxud ümumiyyətlə arxa plana keçid alır. Xalqsız, dəstəksiz, təkcə ayrı-ayrı qruplar əldə edə bilən müxalifət isə nəinki özünə “yeni lider” axtarışına çıxmamalıdır, əksinə – siyasi səhnəni tamamilə tərk etməli, yerini isə əsl müxalifətə verməlidir!

Burada daha bir fərqli xüsusiyyəti diqqətə çatdırmaq yerinə düşərdi. Fakt budur ki, iqtidarın həyata keçirdiyi islahat mexanizmlərindən biri də gənc nəsil üçün yolların açılmasıdır. Bu gün istər yerli icra strukturlarında, istər Milli Məclisdə, istərsə də müxtəlif dövlət qurumlarında gənclərə önəm verilir və bu önəm öz uğurlu nəticələrini də əks etdirməkdədir.

Söz yox ki, dünyada heç nə əbədi deyil və əvəzlənmə prinsipləri hər yerdə var. Eləcə də siyasət mühitində həmin prinsip öz mövcudluğunu qoruyur. Belə olan halda daha bir faktor kadr potensialının artırılması tələbidir ki, hakimiyyət bu sahədə də bir sıra layihələrini gerçəkləşdirməkdədir. Həmin istiqamətdə cızılan konturlar isə bəhrəsini verir. Bəs “ənənəvilər” nə işlə məşğuldurlar?

Məgər “ənənəvilərdə” Əli Kərimlidən, Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən, Tofiq Yaqubludan və başqalarından sair insanlar yoxdurmu?

Görünən budur ki, 30 ildir eyni yerdə addımlayaraq təkcə dövlətçilik maraqlarına qarşı deyil, həm də özlərinə qarşı xəyanətlər edən radikal qruplar ümumiyyətlə, gəncliyə önəm verməyiblər. Haqlı sual irəli sürərək soruşa bilərik: məgər “ənənəvilərdə” Əli Kərimlidən, Cəmil Həsənlidən, Gültəkin Hacıbəylidən, Tofiq Yaqubludan və başqalarından sair insanlar yoxdurmu? Təbii ki, yoxdur! Olsa belə, baş qaldıranın, yeni ideyalar və kreativliklər irəli sürənin isə qarşısı dərhal alınır, baryerlər, maneələr qoyulur, sonda isə gənclər partiyadan uzaqlaşdırılırlar. Əsas təsir mənbəyi isə sosial şəbəkələrdir. Bu gün AXCP-nin – Əli Kərimlinin “idarəçilik” metodu trolluq siyasəti yürütməklə həyata keçirilir – baş qaldıran, etiraz edən istənilən gənc söyüşlərə, təhqirlərə məruz qalır və sonda o a da qapını çöldən çırpmaqla həyatını zəhərləyən partiya sıralarından gedir. Və biz hələ onilliklər boyu təhsillərini, ailələrini, gələcəklərini məhv edərək AXCP-nin çirkab burulğanında batan, həbslərə düşən onlarla müxalifətçi gəncləri demirik…

“Müxalifət” olaraq maliyyə gəlirlərini gizlədən AXCP kimi partiyaların gizlətmə oyunbazlıqlarının isə ayrıca faktları var və bu faktlar kifayət qədər çoxdur. Yenə də sualla müraciət edə bilərik: hərgah hakimiyyətdən hər hansı maliyyələşmə faktı mövcud deyilsə bəs ötən illər ərzində sosial-məişət həyatınızı necə qurmusunuz? Yaxud, niyə bir dəfə də olsun gəlir mənbələrinizi müvafiq dövlət strukturuna təqdim etmirsiniz? Açığını desək, Əli Kərimlinin “dostlar yardım edir” tipli köhnə fikirləri də əlbəttə ki, qeyri-səmimiyyət üzərində qurulub və həmin “dostların” heç də ölkədə olmadıqlarını da yaxşı bilirik. Həmin “dostlar” isə dəfələrlə anti-Azərbaycan xarakterli hesabatlar, qətnamələr və s. kağız külliyyatını təkrar-təkrar dərc edən Qərb dairələridir. Hazırkı dövrə qədər “qara bank əməliyyatları” ilə məşhur olan Əli Kərimli çevrəsi də bunu yaxşı bilir. Elə xalq da “ənənəvilərin” maliyyələrinin haradan axdığını çox gözəl bilir, dərk edir.

Kimlərinsə “siyasi təhtəlşüur” tipli çağırışlarında, “əzabkeş, əzilən rəiyyət” fonunda təqdim etdikləri yazı-pozularının heç bir təsir qüvvəsi, yoxdur, olmayacaq da…

Azərbaycan xalqında hər vəchlə, get-gedə daha da aqressiv üsullarla, hətta ən xəyanətkar gedişlərlə və eləcə də sosial şəbəkələrdə yazdıqları söz yığnağı vasitələri ilə hərəkətə keçdiklərini sanan radikal müxalifət fərdlərinə, “yeni lider” axtarışında olan və bu vasitə ilə köhnə siyasi ünsürü – Əli Kərimlini zorla sırıyan “ənənəvilərə” qarşı etimadsızlıq votumu yaranıb. Həmçinin, onu da qoyaq bir kənara. Əgər bu ətrafda istənilən fərdin “yeni lider” kimi təqdim olunması belə xalqı haqlı olaraq hiddətləndirə bilər.

Bu, həmin xalqdır ki, 44 günlük Vətən müharibəsində cəm oldu, vahid oldu və Liderinin ətrafında sıx birləşməklə yağı düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. Bu gün də güclü siyasi iradə və xalq-hakimiyyət vəhdəti təməllərini ən möhkəm dayaqlara əsaslandırıb. Və ən əsası, kimlərinsə “siyasi təhtəlşüur” çağırışlarında, “əzabkeş, əzilən rəiyyət” fonunda təqdim etdikləri yazı-pozularının heç bir təsir qüvvəsi, yoxdur, olmayacaq da. Bəli, “ənənəvilər” əslində məlum dairələrin sifarişlərini icra edən “bolşevik ruhlu” siyasi rəiyyətdirlər və onlar həm də yuxarıda qeyd etdiyimiz kimi antaqonizm təsirindən çıxa bilməyən qruplardırlar. Belə bir hal isə davam etdikcə xalqda, cəmiyyətdə bir fikir öz yerini daha da möhkəmləndirir – bu “müxalifət” getməlidir, özü də “təzəli”, “köhnəli” dedikləri “liderləri”, eləcə də yan-yörələri ilə birlikdə. Yalnız belə olan halda ölkədə siyasi, sivil müxalifət əhatəsi yarana və yalnız bu halda Azərbaycanda kirli maraqları olan xarici təsirlərin qarşısı daha keyfiyyətli vasitələrlə alına bilər.

Bəhruz QULİYEV,

“SƏS” qəzetinin baş redaktoru.

P.S. Sonda xalq öz sözünü deyir və xalq öz sözünü əslində çoxdan deyib və həmin sözünü bundan sonra da dəfələrlə deməyə, təkrar etməyə hazırdır!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button