Siyasət

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsinə tam hüquqi əsas var

Hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov Ermənistan Silahlı qüvvələrinin Gəncə şəhərinə, mülki əhaliyə ballistik raket hücumuna əmr vermiş şəxslərin Beynəlxalq Cinayət Məhkəməsinə cəlb edilməsinin hüquqi əsasları barədə fikirlərini qeyd edib.
Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

“Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatlarına start verdiyi andan işğalçı Ermənistan Ordusu ağır məğlubiyyətlərə uğrayır. Ard-ardınca qələbə, işğaldan azad edilmiş ərazilərimizin sayının günün-gündən artması Ermənistan dövlət rəhbərliyinin vahiməsinə səbəb olub. Döyüş meydanında Azərbaycan Ordusuna biabırçı şəkildə məğlub olan, silahını, texnikasını qoyub qaçan, kütləvi fərarilik edən Ermənistan ordusu və onun siyasi-hərbi rəhbərliyinin təslim olmaqdan başqa vəziyyətdən çıxış yolu qalmayıb. Bundan azğınlaşan, havadarlarından təsirli dəstək ala bilməyən və Azərbaycan Ordusu ilə döyüş meydanında təkbətək qalan Ermənistan öz genetik xislətlərinə uyğun olaraq uşaq və qadınları, dinc sakinləri, cəbhə xəttindən xeyli uzaq mülki əhalini hədəfə götürüb. Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Tərtər, Ağdam, Goranboy, hətta Ordubadı belə və digər Azərbaycan şəhərlərini və onun dinc sakinlərini hədəfə götürüb Beynəlxalq normalara görə qadağan olunmuş silahlarla vurur.

Oktyabrın 17-si gecə saat 00:55-də Ermənistan silahlı qüvvələri Vardenis rayonu ərazisindən Azərbaycanın Gəncə şəhərinə növbəti dəfə ballistik raketlərlə (Elburus 9K72) zərbə endirib. Nəticədə 2-si uşaq olmaqla 15 nəfər dinc sakin ölmüş, 50-dən çox insan yaralanmış, 20-dən çox mülki ev dağıdılmış və şəhər infrastrukturuna güclü ziyan dəymişdir.

Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəni və onun dinc sakinlərini Ermənistan ərazisindən ballistik raketlərlə vurulmasını demək olar ki, dünyanın sivil ölkələri və dünya liderləri tərəfindən kəskin qınanıb.
Dünya mediasında Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu anti insanlıq hərəkətlərinə hansı hüquqi qiymətin verilməsi geniş müzakirə edilir.

Demək olar ki, yanaşmalarda müəyyən uyğunluq var, ancaq qeyd etmək lazımdır ki, Ermənistan Silahlı qüvvələrinin cəbhə xəttindən xeyli uzaq Azərbaycanın Gəncə şəhərinə, mülki əhaliyə ballistik raketlə hücumu hüquqi baxımdan terror deyil, müharibə cinayətidir.

Terrorizm – hər hansı bir qrupun və ya şəxsin ideoloji, dini, etnik, siyasi, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin tətbiq olunması formasıdır. Ermənistanın Gəncəyə ballistik raketlərlə zərbəsində etnik, siyasi məqsədlərin olmasına baxmayaraq sözü gedən əməl dövlətlərə aid edilmir. Baxmayaraq tarixdə bəzi dövlətlər öz məqsədləri üçün terrordan gizlicə istifadə edir. Bu hal siyasi termin kimi “dövlət terroru” adlandırılır. Ermənistanın Azərbaycana qarşı hərəkəti dövlət terrorudur.

Müharibə və ya hərbi cinayət isə müharibə və hərbi konfliktlər zamanı Beynəlxalq Humanitar Hüquq normalarının ağır dərəcədə pozulmasını nəzərdə tutur. Humanitar hüquq dedikdə əsasən hərbi əsirlərin, eləcə də müharibə bölgəsində mülki şəxslərin öldürülməsi, işgəncə verilməsi və köləliyi, girov götürməsi və öldürməsi, mülki infrastrukturun əsassız şəkildə məhv edilməsi, hərbi ehtiyac olmadan evlərin və qəsəbələrin məhv edilməsi kimi ağır cinayətlərə yol verilməməsi nəzərdə tutur. Göründüyü kimi Ermənistan bir dövlət olaraq bütün müharibə cinayətləri kateqoriyasına aid ağır cinayət əməllərini sistematik şəkildə törədir.

İlk olaraq “İnsanlıq əleyhinə cinayətlər” anlayışı və onun kriteriyaları II Dünya müharibəsindən sonra Nürnberq Tribunalından sonra müəyyən edilmişdir.

Beynəlxalq cinayətlərin mühakimə edilməsi məqsədi ilə 1998-ci ildə Pomada Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Cinayət Məhkəməsinin yaradılmasına qərar verilib. Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna uyğun olaraq Məhkəmənin yurisdiksiyası bütünlükdə beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olan təhlükəlilik dərəcəsinə görə mövcud cinayətlərlə məhdudlaşır (5.1-ci maddə) və hazırda üç cinayət növünü : soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri əhatə edir.

2002-ci il iyulun 1-də qüvvəyə minmişnin Statutunda (7-ci maddə) insanlıq əleyhinə cinayət hesab olunan 15 cinayət əməli göstərilmişdir. Bu cinayətlər olduqca müxtəlifdir, onların obyektiv tərəfi adamöldürmə aktından tutmuş cinsi toxunulmazlıq əleyhinə olan əməlləri əhatə edir. Bu müxtəlifliyi ortaq məxrəcə gətirən başlıca meyar həmin əməllərin sistematik və ya geniş miqyasda törədilməsi və mülki əhaliyə qarşı yönəlməsidir. Beynəlxalq səviyyədə razılaşdırılmış bu meyar Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapmışdır:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsinə əlavə olunmuş qeyddə göstərilir ki, bu fəslin 105-113-cü maddələrində nəzərdə tutulan istər sülh, istərsə də müharibə zamanı hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik hücumların tərkib hissəsi olaraq qəsdən törədilmiş əməllər insanlıq əleyhinə cinayətlər hesab olunur.

Ermənistan Silahlı qüvvələrinin Gəncə şəhərinə, mülki əhaliyə ballistik raket hücumu Beynəlxalq hüquqa görə və eləcə də Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə uyğun olaraq “müharibə cinayətiləri” və “insanlıq əleyhinə cinayətlər” hesab edilir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun məlum faktlar üzrə açdığı cinayət işləri perspektivdə Ermənistan Respublikasının siyasi və hərbi rəhbərliyinin Beynəlxalq Cinayət Məhkəməsində (tribunalında) mühakimə edilməsinə hüquqi əsas və baza yaradır.
Onu da qeyd etmək lazımdır ki, BCM yalnız insanları mühakimə edə bilər və Dövlətlər barəsində hökm vermək səlahiyyətinə malik deyil.

Odur ki, müəyyən hüquqi proseduralardan sonra Beynəlxalq Cinayət Məhkəməsinə müraciət etməklə Ermənistan Silahlı qüvvələrinin Gəncə şəhərinə, mülki əhaliyə ballistik raket hücumuna əmr vermiş Ermənistan Respublikasının siyasi-hərbi rəhbərliyinin məsuliyyətə cəlb olunması nail olmaq mümkündür.”

Vüqar Dadaşov
Hüquqşünas

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button