Sağlamlıq

Hamının gözlədiyi şad xəbər təsdiqləndi – ÜST: “Bu il pandemiyanın kəskin mərhələsinə son qoya bilərik”

“2 ildən çoxdur ki, bütün dünyanı cənginə alan COVID-19 pandemiyası hər ölkədə fərqli şəkildə müşahidə olunur. Dünyada hələ də virusa yoluxma və ölüm hallarının yuxarı olduğu, peyvəndləmə əhatəsinin kifayət qədər az olduğu ölkələr və regionlar var”.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyindən deyilib. Bildirilib ki, məhz həmin bölgələrdə xəstəliyin kəskin fazasının davam etməsi yeni ştamların yaranmasına səbəb olur ki, həmin ştamların ötürücülük amili virusun qlobal çərçivədə yayılmasına gətirib çıxarır:

“Bu da bizə onu deməyə imkan verir ki, pandemiya hələ də bitməyib və xəstəliyə yoluxma riski tamamilə aradan qalxmayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ilin iyuluna qədər hər bir ölkə əhalisinin 70%-nin peyvənd olunmasını hədəf kimi müəyyənləşdirib. Məhz risk qruplarının çoxluq təşkil etdiyi peyvənd olunmuş əhali nisbətinin artırılması pandemiya ilə mübarizə üçün ən mühüm addımdır. Eyni zamanda, ilkin tibbi yardımdan başlayaraq güclü kliniki idarəetmə və nəzarət ilə ölüm hallarının azaldılması və ictimai səhiyyə tədbirlərini davam etdirməklə müvafiq səhiyyə xidmətlərinin təkmilləşdirilməsi digər görülməsi nəzərdə tutulan fəaliyyətlərə daxildir.

Biz inanırıq ki, bütün bu strategiya və tədbirlərin kompleks şəkildə tətbiqi nəticəsində bu il pandemiyanın kəskin mərhələsinə son qoya bilərik”, – açıqlamada qeyd edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button