Cəmiyyət

Anadan hərbiçi doğulan şəhid kapitanımız-ANIM

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa Vətəndir!

Torpağı vətən edən ər oğullarımız… Bu xalq, bu vətən, dünya durduqca yaşayacaq, yaşatmalıyıq da. Adına Can Azərbaycan dediyimiz VƏTƏNimizin bugünkü varlığına görə heç vaxt qarşılığını verə bilməyəcəyimiz bir borcumuz var, bu yolda döyüşən, əbədiyyətə qovuşan igidlərimizə. Vətən millətin evi, millət də vətənin ailəsidir. Vətəni sevmək təkcə torpağını sevmək demək deyil, həm də Vətənin hər bir sərvətinin qədrini bilmək, göz bəbəyi kimi qorumaq deməkdir. Müqəddəs kitabımızda deyildiyi kimi: Vətəni sevmək imandandır!

Xalq olaraq daha bir şanlı tarix yaşadıq-2020-ci ilin 27 sentyabrı xalqımızın, XXI əsr hərb salnaməmizin, böyük tarixi keçmişə malik olan müasir Azərbaycanımızın ən şanlı, ən parlaq zəfər səhifəsinin başlanğıcı oldu. 28 il həsrəti ilə yaşadığımız Şuşaya qovuşmaqla, işğalda inildəyən torpaqlarımızın azad olunması ilə sonuclandı 44 günlük savaşımız. Millət olaraq bir olduq, Ali Baş Komandanın ətrafında Dəmir Yumruğa çevrildik, müzəffər əsgər olduq… Haqq yolunda olduq, haqq qalib oldu!

Bu yolda öndə olanlar onlar oldu… Vətən torpağının hər zərrəsi üçün canından keçməyə hazır olanlar, qorxudan uzaq, vətəni ana bilib, ölümün gözünə dik baxan QƏHRƏMAN ƏSGƏRLƏRİMİZ! ONLAR QAZİ OLDULAR, ŞƏHİD OLDULAR, ANA VƏTƏN DÜŞMƏN ƏSİRLİYİNDƏN QURTULDU!

Şəhid kapitan Əliyev Fizuli Vidadi oğlu da ürəyi vətən sevgisi ilə döyünüb, vətən sevgisi ilə də dayanan vətən oğullarından idi. Torpağı vətən edən ər oğullarımızdan biri… Bu gün 37 yaşını tamamlayacaqdı… Fizuli Əliyev 27 yanvar 1985-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Hələ uşaqlıq illərindən hərb sənətinə xüsusi marağı ilə diqqət çəkərmiş. Ana bildiyi vətənin erməni girovluğunda inləməsi daimi narahatçılığının yeganə səbəbi olub. Hərbiçi olub, düşmənə layiqli yerini göstərib, torpağı işğalçıdan təmizləmək yeganə və ən ümdə arzusu idi. Elə bu arzu, bu amalla da orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli daha sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olur. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir və ali hərbi təhsilini bitirdikdən sonra leytenant rütbəsi ilə hərbi fəaliyyətiə başlayır. Təhsil aldığı dönəmdə də, xidməti illərində də əsl hərbiçilərə məxsus özəlliklləri ilə diqqət çəkib, hörmət, nüfuz sahibi olub. Nümunə sayılıb, örnək göstərilib. Hətta ANADAN HƏRBİÇİ DOĞULAN kimi də dəyərləndirilib.

Uzun müddət Murov dağında xidmət edib. “N” saylı hərbi hissənin “Həmlə” Taborunun Qərargah rəisi olaraq xidmətini davam etdirmişdir. Nəhayət, ordumuzun kapitanı Fizuli Əliyevin illərlə arzuladığı zaman yetişir… İllərlə ürəyi Qarabağa, əbədi-əzəli torpaqlarımıza qovuşmaq eşqi ilə “alışıb-yanan”, itirilmiş torpaqlarımızı düşmən tapdağından azad etmək arzusu ilə yaşayan yenilməz Ordumuz 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatına qərar verdi və bununla da Vətən müharibəsi başladı.Və bu müqəddəs savaşda Fizuli Əliyev də iştirakçı oldu. Tanrı ona bu fürsəti tanıdı… “Fiqo” ləqəbli vətən oğlu Talış kəndindən sonra Suqovuşanın azadlığı uğrunda gedən qızğın döyüşlərdə vuruşur. Müstəsna rolu ilə seçilir, Suqovuşanın azadlığında özünü təsdiq edir. Bu gün də cəbhə yoldaşları- zabit-əsgər heyəti “Fiqo”nun cəsarətindən, hərbiçi taktikasından, müxtəlif epizodlardakı cəsarətindən, vətən sevgisindən danışır… Qəhrəmanımız 8 oktyabr 2020-ci ildə Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalır.

Şəhid kapitanımız II Şəhidlər Xiyabanında dəfn olunub. Xidmətləri yüksək qiymətləndirilib: Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Fizuli Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildi. Bundan əlavə döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli digər Sərəncamı ilə Fizuli Əliyev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə Fizuli Əliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.

Sözsüz ki, şəhid kapitanımızın ən böyük təltifi işğaldan azad olunan torpağımız, kəndlərimiz, şəhərlərimiz oldu… On milyon Azərbaycan insanının sevgisi, sayqısı oldu.

Rahat uyu, mənim qəhrəman zabitim, şəhid qardaşım. Uğurunda can verdiyin, ana bildiyin torpaq düşmən tapdağından azad olundu. Sən həmişə varsan, var olaraq da qalacaqsan… Bu xalq, bu ölkə, bu dünya durduqca var olacaqsan. Şəhidlər ölməz, yeni yaşın kutlu olsun, VƏTƏN OĞULU!/yenixeber

İlqar Salmanov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button