Gündəm

Emin Hüseynov milli birliyimizi necə pozmaq istəyirlər?

Bəlkə də Ordumuzun parlaq qələbələr əldə etdiyi bu günlərdə ovqatımızı təlx edən bədnam müzakirəyə reaksiya verməyə ehtiyac yox idi. Cəmiyyətin mövqeyi canlı yayıma yazılan rəylərdə açıq ifadə olunmuşdu. Söhbət minlərlə söyüş və təhqirdən gedir! Sosial şəbəkələrin Azərbaycan seqmentində belə hallar adiləşib, amma Vətən Müharibəsinin başladığı 27 sentyabr tarixindən bəri ilk hadisə idi.

Müharibəyə, qələbəyə köklənmiş insanları bu qədər qıcıqlandıran, əsəbləşdirən nə ola bilərdi? Əlbəttə, ritorik sualdır: düşmən təbliğatı, cəmiyyətin birliyini parçalamaq, qarşıdurma yaratmaq, insanların mübarizə ovqatını sındırmaq cəhdləri… İndi Azərbaycan vətəndaşı olmadığı qədər həssas və oyaqdır. Hər kəlimədən, onun deyiliş formasından, zamanından niyyəti göydə tutur. Azərbaycan vətəndaşlığından məhrum edilmiş hüquq müdafiəçisi Emin Hüseynovun açdığı müzakirələrin söyüş atəşinə tutulması bu həssaslıqdan irəli gəlir. Onun adı cəmiyyətə yaxşı tanışdır: fəaliyyəti, milliyyəti ilə bağlı da çox müzakirələr olub. Dəstək də qazanıb, tənqid də olunub, trollar onu söyüb də! Amma bu dəfə Emin Hüseynov cəmiyyəti əməlli-başlı özündən çıxarıb, bunu ona söyüş yazanların müstəqil düşüncəli, hətta fərqli siyasi mənsubiyyətli insanların olmasından da görmək olar. Obrazlı desək, düşmənə qarşı yaranmış milli birlik, qəzəb, hiddət təbii şəkildə, trolsuz, filansız Eminə qarşı yönəlib.

Emin Hüseynov müzakirə açıb ki, Azərbaycan döyüşlərdə şəhid olanların sayını niyə gizlədir, niyə həlak olan hərbçilərə görə dövlət 11 min manat kompensasiya ödəyir. Bu mövzular Azərbaycanda qadağan olunmayıb, fərqli zamanlarda ciddi ictimai müzakirələr olub, media yazıb, hətta “Əsgər ölümlərinə son!” şüarı ilə razılaşdırılmamış mitinq də keçirilib. Dövlət də öz addımlarını atıb, izahat verib, problemləri ardan qaldırmağa çalışıb, ondan siyasi spekulyasiya cəhdlərinə qarşı sərt davranıb.

Bu gün Azərbaycan cəmiyyətinin gündəmində belə mövzular yoxdur. Ölkədə milli birlik, həmrəylik yaranıb, hakimiyyətin ən sərt tənqidçiləri belə siyasi mübarizəni dayandırıb dövlətə, orduya dəstək ifadə ediblər. Bir siyasi partiyanın gündəmində fərqli mövzular yoxdur. Hər kəs ordumuzun uğurlarını paylaşır, şəhidlərini anır, cəmiyyəti qələbəyə kökləyir. Heç şübhəsiz bu möhtəşəm birlik Azərbaycanda hərc-mərcliyə, siyasi çəkişmələrə ümid edən düşməni və onun havadarlarını dərindən məyus edir. Qələbənin, uğurun mənbəyi olan milli vəhdəti pozmaq üçün ən müxtəlif məkrli təbliğat vasitələrindən yararlanırlar. Hətta Gəncə, Mingəçevir və cəbhəyanı rayonların strateji hücum silahları ilə vurub kütləvi insan tələfatı yaratmaq cəhdlərinin başında bu çirkin niyyət dayanır: insanlar qorxsun, orduya dəstək zəifləsin, “müharibənin davamı olub-olmasın” kimi mübahisələr yaradaraq cəmiyyət yenidən ziddiyyətlər burulğanına atılsın.

Emin Hüseynov da bu cinahda yer alıb Azərbaycan cəmiyyətinə öz kiçik “raketlərini” atmağa cəhd edir. Bəlkə də bu ifadə kimlərəsə radikal səslənə bilər. Gəlin, səmimi olaq: ölkədə şəhidlərin sayı, onun niyə açıqlanmaması barədə müzakirə gedirmi? Əminliklə demək olar: Xeyr! Cəmiyyətdə yekdil fikir bundan ibarətdir: Biz Vətən Müharibəsi aparırıq, əlbəttə, şəhidlərimiz var və olacaq. Gənclərimizin həlak olması ürəyimizi parçalayır, düşməni lənətləyirik! Bizə başqa seçim qoymadılar. 30 ilə yaxın dözdük, müharibəsiz, qansız-qadasız, sülhlə torpaqlarımızın geri qaytarılmasına ümid etdik. Amma olmadı, düşmən daha da quduzlaşdı, Şuşada, Xankəndində min pəstah çıxarıb bizim milli heysiyyatımızla, qürurumuzla oynamağa cəhd etdi. Nəhayət, səbr kasamız daşdı, toparlanıb düşmənin cavabını veririk, torpaqlarımızı azad edirik, qisasımızı alırıq, milli ləyaqətimizi, sarsılmaz birliyimizi dünyaya göstəririk. Biz şəhidlərimizi saymırıq, onları bağrımıza basıb son mənzilə yola salırıq. İşğaldan azad edilən kəndləri, qəsəbələri, şəhərləri, dağları, meşələri isə sayırıq, onların sayı hər gün artır.

Emin Hüseynovun növbəti “raketi” pul söhbətidir. Müharibənin qızğın cağında, millətin gözünə Vətəndən başqa heç nə görünmədiyi bir vaxtda pul mövzusu ilə ictimai fikrə soxulmağa cəhd edir. Kifayət qədər ölçülü, biçili, hesablanmış məsələdir: əsgərin həyat sığortası niyə Azərbaycanda 11 min manat, ABŞ-da 400 min dollar, başqa ölkələrdə filan qədərdir. Qıcıq doğuran, insanların şüuruna təsir göstərməyə hədəflənmiş tezislərdir. Düşmən xisləti həmişə belədir, ən həssas, kövrək yerindən vurmaq! Amma bu dəfə bütün hesablar yanlışdır. Şəhidlərin sayını hesablamayan xalq dövlətin ödədiyi kompensasiyaya heç gözünün ucu ilə də baxmır. Gözlərini geniş açıb Qarabağa açılan üfüqlərə baxır. Dövlət də ora baxır, heç kim pul hayında deyil. Azərbaycan əsgəri öz Vətəni uğrunda muzdla döyüşmür, o amerikalı əsgər kimi qanını pula satıb, İraq çöllüklərində, Əfqanıstan dağlarında güllə atıb ayın sonu maaş gözləmir. Bəs erməni əsgəri nə üçün döyüşür, nəyə görə ölür? Bu sualın cavabını xalqa vermək çətindir, onun əvəzində dollar verirlər, onun qanını ailəsindən satın alırlar. Emin də nədənsə 11 min manatı dollarla ifadə etməyi xoşlayır. Amma bura Vətən Müharibəsi gedən Azərbaycandır, hər bir şəhid, onun ailəsi dövlətin, millətin qayğısı ilə elə əhatə olunub ki, heç kim puldan-paradan danışmağı ağlına da gətirmir.

Azərbaycan bu ölkədə yaşayan hər bir insan üçün Vətən olub. Tarix şahiddir, millətimiz nələr yaşayıb, necə xəyanətlər görüb. Amma kin-küdrət saxlamayıb, unudub, bəşəri dəyərləri uca tutub. Necə ki, düşmənin atdığı raketdən Gəncədə yaralanan erməni əsilli, 77 yaşlı Kalina Qriqoryanın ölümdən xilas edildiyini dünya gördü. Elə Emin Hüseynovun qardaşı, bloqçu Mehman Hüseynovu da bu xalq 140 min manat yardım yığıb xərçəngin cəngindən qurtarmışdı. Dünya o zaman da bizi alqışlamışdı…(azpolitika.info)

Analoq.az

Daha çox
Back to top button
Close