Manşet

Bursada “Qarabağ” Qadın Milli Geyim Kolleksiyası nümayiş olunub

Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən Şuşa Günləri çərçivəsində “Qarabağ” Qadın Milli Geyim Kolleksiyasının nümayişi baş tutub.

Mərasimdə tanınmış modelyer-dizayner, Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın hazırladığı milli geyim kolleksiyası nümayiş etdirilib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva gələn il “Türk dünyasının mədəniyyət paytaxtı” statusunu layiqincə daşımağa və ziyarətçiləri qarşılamağa hazırlaşan Şuşa şəhərinin zəngin tarixi və mədəni mirasının tanıdılmasına Fond olaraq töhfə verməyin qürurunu hiss etdiyini bildirib.

Fond tərəfindən iki gün ərzində Bursada keçirilən Şuşa Günlərində Azərbaycanın, o cümlədən Şuşanın milli-mənəvi dəyərlərinin dünya ictimaiyyətinə çatdırıldığını deyən Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycan xalqı Qarabağın tarixi həqiqətlərini uzun illər qəlbində yaşadıb. Bildirilib ki, Azərbaycan tarixinin 270 illik şah əsəri olan Şuşa milli geyimlərimiz, musiqimiz, ədəbiyyatımız ilə iki gün ərzində Türk dünyasına yenidən tanıdıldı. Şuşa Günləri çərçivəsində keçirilən hər tədbir bir tarixi özündə əks etdirdi.

Əsrarəngiz gözəlliyi ilə insanları valeh edən Azərbaycan milli geyimləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Nümayişdən sonra çıxış edən Gülnarə Xəlilova tədbirə dəvətə görə təşkilatçılara minnətdarlığını bildirib. Azərbaycanın milli geyim mədəniyyətinin dünyada tanıdılmasına, eləcə də gələcək nəsillərə çatdırılmasına töhfə verməsinə görə sevinc hissi keçirdiyini deyən modelyer kolleksiyada Qarabağın bölgələrinə aid ornamentlərin yer aldığını diqqətə çatdırıb.

Nümayişdən sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Gülnarə Xəlilovaya xatirə hədiyyəsi və təşəkkür bəlgəsi təqdim edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button