Siyasət

Bir aylıq Qarabağ savaşı…

Otuz yaşlı da xəyal olar? Özü də elə xəyal ki, qoysaydılar bir ay içində reallaşa bilərmiş. Əvvəlcə dünyada, sonra da öz içimizdə olan düşmənlərdən çəkirmiş başımız. Ancaq bir aydır, itkilərə, faciələrə, ölümlərə rəğmən, hər kəs xoşbəxtdir. Bir aydır xəyallarımız gerçək olur çünki. Bir aydır, dünyanı ayağımıza gətirə bilmişik. Bir aydır bütün dünya bizdən danışır. Otuz illik hayqırtımızı eşitdirmişik dünyaya. Demişik ki, bizi erməni ilə Qarabağda baş-başa qoyun. Bir aylıq baş-başalıqda, dörd rayon, yüzdən çox kənd, qəsəbəmizi geri qaytarmışıq.

Bir ay ərzində təqaüdçü təqaüdündən, qoca kəfənpulundan, müəllim işindən, fermer malından, təsərrüfatçı təsərrüfatından olmağa hazırdır. Hamı kisəsində olandan pay verir dövlətinə, ordusuna, əsgərinə. Yollara tökülüb xalq, dövlətini qoruyur, əsgərinin qulluğunu tutur. Bu günlərdə dövlət, vətən, əsgər, ordu, zabit, Qarabağ, şəhid, bir də komandan sözləri qədər çox yazılan, çox oxunan söz olmadı məmləkətdə. Əslindən bir aylıq savaş nə verdi Azərbaycana və xalqa? Biz nəyə möhtac idik? İndi nə yaşayırıq? Yolumuz, yönümüz haradır? Kimi suallar da var ortada. Amma elə bu qısa giriş də göstərir ki, biz birliyə, qələbəyə, sevgiyə, diqqətə möhtac idik. Biz, hamımız…
Bu dəqiqdir, biz Qarabağ savaşı həll olunmaz qaldıqca yoxalmışdıq, milli kimlikdən, şəxsiyyətdən uzaq qalmışdıq. Balacalaşıb kiçilmişdik. İndi biz yenidən dövlət, millət, xalq, ordu oluruq.Dünyaya ən sərt şəkildə sözümüzü deyirik. Deyirik ki, bizi parçalamaq, hökm eləmək olmaz daha. Biz artıq tam, bütöv olmalıyıq.

Bundan başqa rəsmi Bakı otuz ildən çox dönəmdə Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi üçün heç bir iş görməyən ATƏT-in Minsk qrupu və onun həmsədrlərini neytrallaşdırdı. İndən belə Dağlıq Qarabağla bağlı ən xırda müzakirənin belə iştirakçı tərəflərini Azərbaycan diqtə edəcək.

Bir ayda əldə edilən daha bir nəaliyyət o ki, Azərbaycan Prezidenti İlham Əliyev Qafqazda daha mürəkkəb və yeni geopolitik mühit yarada bildi. Cənubi Qafqazdakı proseslərə kənar siyasi güclərin təsir imkanları zəiflədilib. Azərbaycan öz milli maraqlarını yeni formatda ortaya qoymaq üçün yeni şanslar əldə edib.

Eyni zamanda Cənubi Qafqazdakı bu günki güclü Azərbaycanın səyləri nəticəsində Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin silahlı qüvvələrinin əsgər və zabitlərinin Qarabağdan, döyüş meydanından qaçdığını etiraf edib. Habelə, Ermənistanın NATO, BMT, Avroittifaq, Avropa Şurası başda olmaqla, ayrı-ayrı havadar dövətlərin rəsmilərinə etdiyi müraciətlər də cavabsız qaldı. Demək olar, qonşu dövlətləri qanunsuz silah və canlı qüvvə daşımaq üçün hava və quru yollarını bağladı.

Azərbayca Dağlıq Qarabağla bağlı vəziyyəti dünya ictimaiətinə çatdırmaq üçün, otuz ildir keçilməz olan informasiya blokadasını darmadağın elədi. Ali başkomandan demək olar dünyanın bütün nüfuzlu KİV-lərinə münaqişə ilə bağlı müsahibələr verdi. Azərbaycan məğlubiyyət sindromundan azad oldu. “Torpaqlarımızı heç zaman ala bilməyəcəyik” məyusluğu, psixoloji maneəsi dövlət-xalq ittifaqının nəticəsi olaraq aşıldı. Azərbaycan siyasi-diplomatik danışıqlara açıq olduğunu göstərdi. Qısa müddətli “atəşkəslərdə”, Azərbaycan dünyaya erməni xislətini Gəncədən, Tərtərdən, Bərdədən, Zərdabdan, Mingəçevirdən, Bakıdan, Kürdəirdən, Qəbələdən, Siyəzəndən və sair dinc sakinlər yaşayan ərazilərdən tədqim etməyi bacardı. Həm diplomatik, həm informayisa dilində. Ermənistanın terrorist dövlət olduğunu bütün dünyaya göstərdi. Azərbaycan, Ermənistanın onun ərazisində başlatdığı, müharibədən dolayı, bütün dəyən ziyanları, cinayətləri sənədləşdirib, beynəlxalq hüquqi müstəviyə daşıya bildi. Qərəzsiz,kinsiz, faktoloji əsaslandırılmış. Aparılan əməliyyatların nəticəsi olaraq, status-kvo ləgv olundu, atəş xətti dağıdıldı. Azərbaycan DQ və ətraf rayonlarda qeyri-qanuni məskunlşamanı da aradan qaldırdı. Artıq DQ və ətraf rayonlar ermənilər üçün qeyri-yaşayış yeridir. Erməni ombudsman artıq ərazini doxsan minə yaxın erməninin tərk etdiyi barədə rəsmi açıqlama verib. Azərbaycan DQ ərazisinə ermənilərin cəlb etdiyi bütün xarici sərmayə qoyuluşu cəhtlərinin qarşısı, birmənalı olaraq aldı. Hətta, Kəlbəcər qızıl mədənləridə əsas payçı olan Rusiya şirkətinin silah və muzdlu qaçaqçılığı faktını ortaya qoya bildi ki, bunun nəticəsində Ermənistan heç bir əks arqument təqdim edə bilmədi. Ermənistan rəhbərliyi hərbi və siyasi sarsıdıldı. Dünya Azərbaycanın Ermənistanla təkbətək qaldığı vəziyyətdə nə ola biləcəyini anladı. Azərbaycan şimalın sülh məramlılarından, cənubun sülh mexanizmi təkliflərindən ilk dəfə sərt şəkildə imtina etdi və siyasi məsafə saxladı. Qonşulara yerini diplomatik dildə çox uğurla göstərə bildi. Onların da Azərbaycanın haqq işini müdafiə etməkdan başqa yol qoymadı.

Azərbaycan Türkiyəni əsas strateji müttəfiq elan etdi. Sülh danışıqları başlayacağı təqdirdə bütün formatlarda prosesin içində məhz Türkiənin olacağını açıq bəyan etdi. Aparıan hərbi əməliyyatların bu günə olan nəticəsinin müşahidəsi deməyə əsas verir ki, Azərbaycanın Ermənistanı ciddi iqtisadi blokadaya almaq imkanı artıq çox yaxındır. Eyni zamanda ortaya çıxan başqa vacib məqamlar da var. Dağlıq Qarabağ savaşında Türkiyə və Azərbaycan təhsilli hərbçilərin üstünlüyü əməliyyatlardan aydın duyuldu. Belə ki, əməliyyatı idarə edən zabitlərin əksəriyyəti Azərbaycan və Türkiyədə hərbi təhsil alıb. Bu avtomatik olaraq Azərbaycanda ordu quruculuğu işinə Türkiyənin cəlb olunması zərurətini ortaya çıxarıb. Yeri gəlmişkən, bu məqamı Prezident İlham Əliyev də son müsahibələrindən birində xüsusi vurğuladı: “Biz Azərbaycanda türk ordusunun bir qədər kiçik formatını quracağıq”. Baş verənlərin analizi onu da göstərir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi əməliyyatlar sonrası islahatlar üçün zəmin yaranıb.

Bundan başqa, hətta savaş sonar belə uzun müddət, informasiya cəbhəsində ciddi savaşın təşkilinə ehtiyac olacaq. Odur ki, media, diplomatik korpus, diaspora işi daha da yaxşılaşdırılmalı, əlaqəli və mərkəzləşdirilmiş formada yönəldilməlidir. Mediada ideoloji işin qurulması və idarə olunması üçün bütün boşluqlar doldurulmalı, ingilis, rus, fars, erməni dilli media formalaşdırılmalı. Müharibə müxbirləri və stringerləri yetişdirilməlidir.

Ən vacib məqam, illərdir Azərbaycanı siyasi hakimyyətinin, daha dəqiqi Prezident İlham Əliyevin əlində bütün siyasi imkanlar oldu ki, o, Dağlıq Qarabağ mövzusunu vətəndaşına unutdursun. Mövzunun ölkənin prioritet məsələləri siyahısından çıxartsın. Otuz il unutmaq və unutdurmaq üçün böyük və ciddi zamandır. Ancaq bu olmadı. Qarabağ otuz il ərzində ölkənin ən vacib məsələlərindən sayıldı. Bu gün məsələ onunla nəticələndi ki, indi Azərbaycan sürətlə Qafqazın lideri kimi önə çıxıb. Ölkə uzun illərdir gözlədiyi mücadilənin başlanmasına və böyük qələbəyə şahidlik edir. Azərbaycan dövlət olaraq özünü və xalqının kimliyini təsdiqlədi. Bütün dünyaya iradə nümayiş etdirdi. Azərbaycan iki yüz ildən çox bir zaman kəsiyində ancaq torpağı əlindən alınan, işğal edilən ölkə, xalq olmaqdan qurtuldu. İndi Qafqazda hökmran əli dəyişmək üçün həm açar, həm kilid ölkədir Azərbaycan. Dövlət olaraq öz gələcəyini, müqəddəratını həll edir. Azərbaycanı, onun siyasi liderini və xalqını bütün dünya müzakirə edir. Təbii ki, hərə özünə sərf edən, özü istədiyi kimi. Ancaq bizim üçün məsələ bu, mili ruhumuz, milli kimliyimiz, şəxsiyyətimiz, mənliyimiz, iradəmiz, dövlət və xalq olaraq bizə qayıtdı. İndi yolumuzu açırıq, işimizin tamamında kilidimizi də vuracağıq. Bir aylıq mübarizə bizə bunu öyrətdi, sözünü məqamında deməyi, iradəni ortaya qoymağı, nə zaman aşar, nə zaman kilid olacağı artıq bacaracaqsan Azərbaycan. Milli mənliyinin və var olmağının yolu ancaq bundan keçir.

Jalə Mütəllimova

27.10.2020

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button