Redaktor seçimi

Kəndimizin 18 yaşlı şəhidi-GÜLNAR SƏMA YAZIR

Ruslanın da şəhid olma xəbərini bazar günü eşitmişdik. Üstündən düz iki həftə keçmişdi. Yenə bazar günü idi: 25 oktyabr 2020-ci il. Bu dəfə on səkkiz yaşlı əsgərimiz Hüseynin şəhid olması xəbəri ilə sarsıldıq.

Quliyev Hüseyn Həbib oğlu 26 iyun 2002 – ci ildə Tovuz rayonunun Qəribli sovetliyinin Ağbaşlar kəndində anadan olub. 2008-ci ildə Abşeron rayon Xırdalan şəhər 5 nömrəli məktəbinə gedib və cəmi üç il təhsil ala bilib. Təhsili kimi ömrü də yarımçıq qaldı 18 yaşlı gəncimizin.

Hüseyn təhsilini istəyərəkdən yarımçıq qoymayıb. Sosial durumlarının qaydasında olmaması onu təhsil alma hüququndan da məhrum edib. Nəhayət, 2017-ci ildə bizim kəndimizə, yəni Tovuz rayonunun Dondarquşçu kəndinə köçüblər. Öz əlinin qabarı ilə böyümüş Hüseynə 1 iyul 2020-ci il tarixində çağırış gəlib və o, 6 iyul tarixində vətənə olan borcunu ödəmək üçün hərbi xidmətə yola düşüb. Cəmi dörd ay çəkən əsgərlik həyatı Ağcabədidən başlayıb, Horadizdən keçərək Füzulidə tamamlanıb.

Hüseyn əsgərliyə bizim kəndimizdəki acınacaqlı vəziyyətdə olan evlərindən getmişdi, elə son mənzilə də həmin evdən yola salındı. O da kəndimizin digər 16 şəhidinin yanında torpağa tapşırıldı.

Evlərində ilk uşaq, ilk əsgər idi Hüseyn. İndi onun yoxluğu əsaslı təmirə və köməyə ehtiyacı olan evlərində xüsusilə hiss olunur. Hələ kiçik yaşlarında olan iki qardaşı və bir bacısı böyük qardaşlarının qanı bahasına qorunan bu ölkədə rahat evdə yaşamağa layiqdirlər.

Qeyd etdiyim kimi, onlar bizim kəndimizə sonradan köçsələr də, Hüseynin şəhid kimi tapındığı kənd bizim kəndimiz oldu. Ümid edirəm ki, onların evlərinin sənədləşmə məsələlərində olan kəm-kəsir aradan qaldırılacaq, qaz və işıqla bağlı problemləri həll olunacaq. Bütün şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşan dövlətimizin bu ailənin sosial yardıma olan ehtiyacını həll edəcəyinə inanıram.

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Varlığın kimi yoxluğun qarşısında da qarşısında baş əyirəm, gəncəcik əsgər. İnşallah ruhun qələbə sevinci ilə rahatlıq tapar. Tanrıdan vətənim Azərbaycana haqq işində uğurlar diləyirəm. Görünür, mənfur erməni mifini dağıtmaq şərəfi də Azərbaycan əsgərinə həvalə olunubmuş. Qələbə sevincini döyüşçülərimizin sağ-salamat qayıtması ilə qeyd edək, inşallah.

Gülnar Səma

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button