Gündəm

Kəlbəcər və Laçında “Franck Muller”in sahibi qanunsuz SES-lər işlədir

Azərbaycanın müzəffər ordusunun bir sıra rayon mərkəzi və kəndlərimizi, xüsusən qızıl yataqları ilə zəngin olan Zəngilan rayonu Vejnəli kəndini azad etməsindən sonra Ermənistanın Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamlarının Azərbaycan ərazisində genişmiqyaslı talan əməliyyatları gündəmə gəlib.

Ölkəmizin rəsmi qurumları tərəfindən Qarabağdakı yataqların istismarına cəlb edilmiş bir sıra Ermənistan və xarici şirkət və onların sahiblərinin adları sadalanmağa başlanıb, onlar haqqında axtarış verilib və cinayət işləri qaldırılıb. Belə ki, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

Adları “qara siyahı”da keçən belə kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

Onun adı əsasən Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru kimi keçir. V.Sirmakesin “Vallex Group”-un rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyanla birgə adı çəkilən yatağın 2009-2017-ci illər ərzindəki qanunsuz istismarından cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə etdiyi vurğulanır.

V.Sirmakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib

Xatırladırıq ki, 2020-ci ilin sentyabrında ermənilərin işğal altındakı Kəlbəcər ərazisindəki çaylar üzərində inşa etdikləri, Azərbaycan təbiəti və ekologiyasına külli miqdarda zərər vura qanunsuz su elektrik stansiyaları barədə Moderator.az-da təqdim etdiyimiz araşdırma materialında da üzdəniraq məşhur erməni iş adamı V.Sirmakesin adı keçir.

Deməli, bu üzdəniraq dünya şöhrətli iş adamı barəsindəki cinayət işində bu sadalayacağımıza faktlar da qeyd olunmalıdır.

Materialda qeyd edildiyi kimi, separatçı rejim rəhbərliyinin işğal altındakı Azərbaycan torpaqlarında(sentyabrın 27-dək) 8 SES işlədən “Artsax” SES-də payı yoxdur. Əvəzində şirkətin üçü xaricdə qeydiyyatdan keçmiş şirkətlər olan 4 böyük səhmdarı var.

Belə ki, “Artsax” SES ASC-nin səhmlərinin 17,2% -nin sahibi “Multikontinental Distribution” MMC-dir. Bunun 75% -dən çoxu Ermənistanın Marseldəki fəxri konsulu, İsveçrə mənşəli bir iş adamı Vartan Sirmakeşə məxsusdur. Şirkət İngiltərədə qeydiyyatdan keçib.

Azərbaycan ordusunun torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarınadək “Artsax” SES işğal altındakı ərazilərimizdə 8 SES-i idarə edib. Onlardan ən güclüsü Sərsəng su anbarı üzərində qurulmuş 50 MVt-lik SES, ikincisi isə 7.562 MVt gücündə olan “Lev-1” SES-dir. Digər 6 SES isə yenə də Kəlbəcər və Laçın ərazilərindədir.

Qeyd edək ki, “Artsax” SES ASC-nin səhmlərinin 10,4% -i də Almaniyada qeydiyyatdan keçmiş “KGAL New Frontiers” şirkətinə məxsusdur. Vladimir Şekoyan şirkətin xüsusi məsləhətçisidir. 2017-ci ildən bəri “Artsax” SES ASC İdarə Heyətinin üzvüdür. Şekoyan, mərkəzi ABŞ-da yerləşən və altı ölkədə ofisləri olan beynəlxalq maliyyə və iqtisadi investisiya şirkəti – “KGAL New Frontiers”-ə rəhbərlik edir…

Yeni araşdırmalarımızdan bəlli olub ki, 2015-ci ildən Laçın rayonu ərazisində – Həkəri və Zabux çaylarının birləşdiyi məkanda məhz V.Sirmarkesin təşəbbüsü və maliyyəsi ilə Ermənistanın “ArmWaterProject Company Ltd” ən böyük irriqasiya şirkətinin layihəsi əsasında Qarabağda Sərsəng SES-dən sonra ikinci olacaq yeni SES-in tikintisinə başlanıb. Həmin anbarın su tutumu 12 mln. kub metr, SES-in gücü isə 30 mln. kV/saat olmalı idi.

Çox güman ki, söhbət ötən araşdımamızda adı keçən və artıq 2019-cu ildə istifadəyə verilmiş Laçın rayonunun Ağanus və Güləbird kəndləri ərazisində – Həkəri çayı üzərində qurulmuş və “Hakari” MMC-nin idarə etdiyi və 2034-cü ilədək “icazəsi” olan SES-dən (quraşdırılma gücü 8․04 MVt, orta illik istehsal gücü 45-82 milyon kilovat-saatdır) gedir. Müdafiə Nazirliyinin son 10 günlükdəki məlumatlarına əsasən demək olar ki, hazırda həmin ərazi Azərbaycan Ordusunun ən azı artilleriya nəzarəti altındadır. Deməli, Zəngilandakı Vejnəli qızıl yatağı kimi işğalçı və terorçu ölkəyə dəstək verən kriminal biznesmen V.Sirmakeşin bu qaninsuz obyekti də əlindən çıxıb. İnşallah, Kəlbəcərdə Tərtər və Lev çayları üzərindəki SES-lər də əlindən çıxacaq… Və ümumiyyətlə, ordumuzun müzəffər yürüşü sayəsində bu erməni biznesmenin saatı artıq Azərbaycan torpaqlarında işləməyəcək…

“Franck Muller Group” təsisçisinin Azərbaycan torpaqlarında əlindən çıxmış digər qeyri-qanuni obyektləri barədə növbəti yazımızda bəhs edəcəyik…

Sultan Laçın

Analoq.az

Daha çox
Back to top button
Close