Hadisə

“Qızım intihar etməyib, onu əri asıb…”

Masallı rayonunda arvadına işgəncə verməkdə və onu intihar həddinə çatdırmaqda ittiham olunan 1983-cü il təvəllüdlü Ruhəddin Qasımovun məhkəməsi başa çatıb.Teleqraf.com-un xəbərinə görə, Ruhəddin Qasımov 2007-cı ildə evləndiyi Xırmandalı kənd sakini, 1985-ci il təvəllüdlü Nəsibə Əhmədova ilə ər-arvad kimi yaşadığı dövrdə onunla amansız rəftar edib, müxtəlif vaxtlarda döyüb bədən xəsarətləri yetirməklə onu özünü öldürmə həddinə çatdırıb.

Qadın tövlədə özünü niyə asdı?

Ruhəddin Qasımov Nəsibə Əhmədovaya həmin kənddə yaşayan valideynləri və yaxın qohumları ilə münasibət saxlamağa, qohumlarının evinə gediş-gəliş etməyə, eləcə də arvadının valideynləri və yaxın qohumlarının onlara gələrək Nəsibə Əhmədova və azyaşlı uşaqları ilə görüşməyə, vəziyyətləri ilə maraqlanmağa qəti icazə verməyib. O, arvadına qapalı həyat tərzi yaşatmaqla daim mənəvi iztirab verib, onu şəxsi təsərrüfatlarında olan ağır fiziki işlərdə işləməyə məcbur edib, mütəmadi olaraq ailədə mübahisə yaradaraq onu və valideynlərini söyüb-təhqir edib.

Ruhəddin Qasımov 2019-cu ilin yanvar ayında Nəsibə Əhmədovaya qarşı amansız rəftar edib, küt əşya ilə onu döyüb.

Ruhəddin Qasımov həmçinin fevralın 5-də saat 14 radələrində özlərinə məxsus olan təsərrüfatda qoyun-quzuların tövlədən buraxılmaması səbəbindən Nəsibə Əhmədova ilə yenidən mübahisə edib, onu döyüb.

Ərinin bu hərəkətlərinə dözməyən Nəsibə Əhmədova özünü öldürmək məqsədilə həmin gün saat 14 radələrində yaşadığı evin həyətində yerləşən tövləyə girib, baş yaylığı ilə özünü asıb.

“Maddi imkansızlıqdan toyumuz olmadı”

İstintaq orqanı tərəfindən Ruhəddin Qasımovun barəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruhəddin Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Qeyd edib ki, 2007-ci ildə həmkəndlisi Nəsibə Əhmədovanı öz razılığı ilə qaçırıb və ailə həyatı qurub: “Maddi imkanım zəif olduğuna görə toyumuz olmadı. Lakin sonradan rəsmi nikah bağladıq. Ər-arvad kimi birgə yaşadığımız dövrdə 2008-ci ildə qızım Nərgiz, 2010-cu ildə oğlum Əlimərd, 2013-cü ildə oğlum Əli dünyaya gəldi.

Ailə qurduqdan sonra bir il ərzində atamaın evində və bir neçə il bibim Bəsirə Qasımovaya məxsus evdə yaşadıq. Daha sonra hazırki yaşadığım evi tikdirdim, ailəmlə birlikdə ora köçdük. Təsərrüfatla məşğul oldum, mal-qoyun saxlayaraq, əkin-biçinlə məşğul olaraq ailəmi dolandırırdım. Arvadım Nəsibə bu işlərdə mənə daim kömək edirdi. Əvvəllər spirtli içkilər qəbul etdiyim üçün arvadımla aramızda narazılıqlar baş verib, bir neçə dəfə onu döymüşəm”.

“Söz-söhbət yaydı ki, guya mebel tələb edirəm”

Ruhəddin Qasımovun sözlərinə görə, son 5-6 ildə spirtli içki içməyib, arvadı Nəsibə ilə münasibəti yaxşı olub, onu təhqir etməyib, döyməyib: “Nəsibə evdar qadın kimi ev işləri ilə, həm də həyətdə əkin əkməklə məşğul olurdu, mal-qara, qoyun-quzu saxlamaqda mənə köməklik edirdi. Nəsibənin qohumları, ata-anası ilə gediş-gəlişim olmayıb. Bu səbəblə Nəsibənin də onlarla görüşməsinə, gedib-gəlməsinə icazə verməmişəm.

Səbəb odur ki, 2009-cu ildə bibimin evində yaşadığım dövrdə Nəsibə vasitəsi ilə qaynanam Məfturədən yatmaq üçün iki nəfərlik çarpayı istəmişdin. Qayınanam istədiyim taxtı vermədi, əksinə, söz-söhbət yaydı ki, guya onlardan mebel tələb edirəm”.

Süfrə arxasında mübahisə…

Təqsirləndirilən şəxs qeyd edib ki, fevralın 5-də səhər saat 8 radələrində yuxudan oyanıb: “Arvadım həmin vaxt məndən tez yuxudan oyanıb uşaqları məktəbə yola salmışdı. Mən evdən çıxdım, Masallı şəhərinə getmək üçün kəndin mərkəzinə gəldim. Şəhərə getmək üçün avtomobil olmadığına görə günorta saat 13 radələrinə qədər kəndin mərkəzində qaldım. Saat 13 radələrində evə gəldim, artıq qızım Nərgiz və oğlum Əlimərd məktəbdən evə qayıtmışdı. Nəsibə günorta süfrəsini açdı, yemək çəkdi. Həmin vaxt həyətdə olan tövləyə baxarkən, quzuların tövlədə olduğunu gördüm. Bu səbəbdən Nəsibəyə əsəbləşdim, qoyunları otarmaq üçün nə üçün həyətə buraxmadığını soruşdum.

Yemək yeyərkən Nəsibədən quzuları niyə tövlədən sahəyə buraxmamasını bir daha soruşdum, çörəyimizi həmin heyvanlardan qazandığımızı dedim. Nəsibə heyvanları tövlədən nəzarətsiz buraxdıqda, onların başqa sahəyə girəcəyini bildirdi. Odur ki, Nəsibəyə heyvanların yanında durmalı olduğunu dedim. Bununla əlaqədar aramızda narazılıq yarandı, lakin dalaşmadıq, onu vurmadım.

Nəsibə süfrədə olan qazan yeməyini götürüb çölə çıxdı. Mən isə azyaşlı uşaqlarımla birlikdə süfrədə oturdum, yeməyə davam etdim”.

“Tövlədə yaylıqdan asılmış vəziyyətdə çabaladığını gördüm”

Ruhəddin Qasımovun ifadəsinə görə, bir qədər keçəndən sonra qızı Nərgizə süfrəni yığışdırmaq üçün anasını həyətdən çağırmağı tapşırıb: “Nərgiz az müddət sonra geri qayıdaraq anasının həyətdə olmadığını dedi. Nəsibəni çağırmaq üçün özüm həyətə düşdüm. Onu həyətdə görməyəndə tövlədə olacağını düşündüm, tövləyə getdim. Tövlənin taxta qapısı içəridən bağlı idi. Qapının taxtalarının arasından baxdım. Nəsibənin tövlədə yaylıqdan asılmış vəziyyətdə çabaladığını gördüm. Qışqıraraq tez tövlənin qapısını açdım.

Nəsibənin boğulmaması üçün bədənini qucaqladım, yuxarıya qaldırdım. O, baş yaylığını tövlənin tavanınında olan şalbana ilişdirilmiş pres ipinə bağlayaraq yaylığı boynuna keçirmişdi. Yaylığın bağlandığı yerdən əlimlə tutdum, aşağıya çəkməklə yaylığı cırdım, Nəsibəni azad etdim. Sonra onu çiynimə qoyaraq aşırılmış vəziyyətdə tövlədən çıxartdım və qışqıraraq köməyə adam çağırdım.

Köməyə qonşulardan Alışan və Ülviyyə adlı qadın gəldilər. Daha sonra əmim Aməd və başqaları gəldilər. Əmim kənd məntəqəsindən feldşer Ağaverdini çağırdı. Ağaverdi Nəsibəyə tibbi yardım edərək onun sağ olduğunu bildirdi. Daha sonra təcili yardım avtomobili gəldi, onu xəstəxanaya apardı. Nəsibə 7 gün xəstəxanada qaldı. Xəstəxanada olduğu müddət ərzində uşaqlarıma nəzarət etdiyim üçün yanına gedə bilmədim”.

“Bu hadisədə günahım yoxdur”

Ruhəddin Qasımov qeyd edib ki, fevralın 12-də Nəsibə xəstəxanada vəfat edib: “Onun meyitini valideynləri öz evinə apardılar və özləri dəfn etdilər. Nəsibənin valideynləri və digər yaxın qohumları onun intihar etməsi, ölməsi ilə bağlı mənə qarşı acıqlı olduqları üçün yas yerinə getmədim.

Nəsibə əvvəllər özünü öldürməyə cəhd etməyib, hər hansı psixi və sair ağır xəstəliyi olmayıb. Hadisədən əvvəl, həmçinin hadisə günü Nəsibəni döyməmişəm. Bu hadisədə mənim günahım yoxdur. Günahsız yerə mühakimə olunuram. Bu səbəbdən bəraət istəyirəm”.

“Qızımı insan kimi yaşamağa imkan verməyib”

Cinayət işi üzrə zərərçəkmiş Nəsibə Əhmədovanın hüquqi varisi Nəsir Əhmədov bildirib ki, qızı xaraktercə sakit olub: “Nəsibə təxminən 15-16 il əvvəl arvadım Məfturənin xalası oğlu Raufla ailə qurub, lakin az müddət sonra qızımın həmin evliliyi öz istəyi ilə pozulub. 13 il əvvəl həmkəndlimiz Ruhəddinlə ailə qurdu. Onların arasında əvvəllər mübahisələr olub. Hətta 6-7 il əvvəl Nəsibə acıq edərək mənim evimə gəldi. Geri qayıtdıqdan sonra Ruhəddin onu döyüb. Bu barədə qohumlarımdan eşitmişəm.

Nəsibə ailə qurduqdan sonra onun ailəmlə, eləcə də digər qohumlarımla əlaqəsi kəsilib. Ruhəddin heç kəsi evinə qonaq getməyə qoymayıb. Ona görə də Nəsibənin bizimlə əlaqəsi olmayıb.

Nəsibənin əri Ruhəddin Qasımov onunla ər-arvad kimi yaşadığı dövrdə mütəmadi olaraq onu döyüb, ləyaqətini alçaldıb, insan kimi yaşamağa, valideynləri ilə ünsiyyət saxlamağa imkan verməyib”.

“Qızım intihar etməyib, onu Ruhəddin asaraq öldürüb”

Nəsir Əhmədovun ifadəsinə görə, fevralın 12-də qızı xəstəxanada vəfat edib: “Onun meyitini evə apardıqdan sonra məlum oldu ki, meyitin üzərində döyülməyə xarakterik çoxlu xəsarət izləri var. Həmin xəsarətlərin bir qismi meyitin arxa kürək və bel nahiyəsində, sol qolunda açıq-aşkar görünürdü. Bundan başqa, meyitin boyun və boyunun arxa hissəsi şişkinlik vardı. Bütün bunlar göstərir ki, hadisədən əvvəl Nəsibə əri tərəfindən mütəmadi olaraq döyülüb.

Hadisə günü onların arasında quzuların tövlədə qalması, həyətə buraxılmaması ilə bağlı mübahisə olub. Həmin vaxt Ruhəddin Nəsibəni döyüb, onun şərəf və ləyaqətini alçaldıb.

Biz Ruhəddinin Nəsibəyə qarşı zorakılıq etdiyini əvvəllər bilməmişik. Ona görə də şikayət etməmişik. Çünki Ruhəddin bizi Nəsibə ilə ünsiyyət saxlamağa imkan verməyib. Nəsibə ruhi xəstə olmayıb, hərəkətlərini və davranışını bilib. Hesab edirəm ki, qızım intihar etməyib, onu Ruhəddin asaraq öldürüb”.

Masallı rayon Məhkəməsinin hökmü ilə Ruhəddin Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunub. Onun cəzasının əvvəli 15 oktyabr 2019-cu ildən hesablanması barədə hökm edilib.

Hökmdən narazı qalan Ruhəddin Qasımov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv olunmasını, bəraət hökmünün çıxarılmasını istəyib.

Ruhəddin Qasımovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ruhəddin Qasımovun şikayəti təmin edilməyib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button