Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı Koronavirusla Mübarizə Fonduna köçürmə etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı çağdaş dünyanın ən böyük bəlası olan koronavirus ilə mübarizə üçün müəyyən miqdarda vəsaiti ölkə başçısının “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Teatrın mətbuat xidmətindən Analoq-a verilən məlumata görə, teatr rəhbərliyi və kollektiv ölkə Prezidentinin başlamış olduğu bu nəcib təşəbbüsə məmnuniyyətlə qatılıblar. Həmçinin teatrın rəsmi internet səhifəsində tamaşaçıları həmrəyliyə, Operativ Qərargahın sosial izolyasiya qaydalarına əməl etməyə çağıran müraciət yayımlanıb. Müraciətdə dövlətimiz və onun strukturlarının virusa qarşı yönəli tədbirlərinin öz müsbət nəticələrini verəcəyinə və xalqımızın tezliklə bu bəladan xilas olacağına inam ifadə olunub.
Yaxın günlərdə isə teatrın sevilən aktyorlarının iştirakı ilə sosial şəbəkələrdə #evdəqal aksiyası çərçivəsində video-çarxların yayımlanması nəzərdə tutulur.

Turan Etibaroğlu
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button