Ölkə

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNUN ƏMƏKDAŞI AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ ƏRƏB DÜNYASINA ÇATDIRIR

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Analoq.az-a verilən məlumatda bildirilib ki, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Elnur Mustafayev ərəbdilli televiziya və radio kanalları vasitəsilə Azərbaycan həqiqətlərini, son zamanlar cəbhə bölgəsində və Respublikamızın digər bölgələrində ermənilərin törətdikləri təxribatlar barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqda davam edir.

Oktyabrın 3-8-də BBC Arabic televiziya və radio kanallarına bir neçə dəfə müsahibə vermiş Elnur Mustafayev, sonrakı günlərdə də eyni kanalda, eləcə də digər ərəbdilli kanallarda hər gün mütəmadi olaraq çıxışlar edir, teledebatlara qatılır.

Şərqşünas alim oktyabr ayının 9-da ABŞ dövlətinə məxsus, ərəb dilində fəaliyyət göstərən “Hurra” televiziya kanalında, Bakı vaxtı ilə 22:30-dan canlı yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistandan dəvət olunmuş qonaqların da iştirak etdikləri teledebata qatılıb. Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı tarixə və beynəlxalq hüquqa əsaslanan faktlar gətirməklə Ermənistanı təmsil edən opponentini üstələyib. Bununla yanaşı, Elnur Mustafayev debat zamanı müharibənin Ermənistan ərazisində deyil, bütün hüquqi və beynəlxalq qərarların təsdiq etdiyi Azərbaycan ərazisində getdiyini, həmçinin Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə BMT-nin Azərbaycan lehinə 4 qətnamə çıxardığını, bəyanatlarda Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini dərhal tərk etməsi məsələsi tələb edildiyi, işğal nəticəsində bir milyondan çox dinc azərbaycanlı əhalinin qaçqın düşdüyünü, bundan əlavə erməni hərbi birləşmələrinin 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı Xocalı soyqırımını həyata keçirdiyini və regionda sülhün yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması ilə mümkün olacağını geniş ərəbdilli izləyici kütləsinə çatdırıb.

Elnur Mustafayev oktyabr ayının 10-da ərəb dünyasının kifayət qədər nüfuzlu TV kanallarından biri, Livan Respublikasına məxsus “Məyadin” televiziya kanalına müsahibə verib. Elnur Mustafayev öz müsahibəsində Azərbaycanın şanlı ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlar və erməni işğalından azad olunmuş ərazilər haqqında məlumat verib. Bununla yanaşı, Şərqşünaslıq İnstitutunun əməkdaşı müsahibədə Azərbaycanın qədim ərazisi olan Qarabağın Ermənistan dövləti tərəfindən işğal edildiyi, işğal nəticəsində bir milyondan çox azərbaycanlı əhalinin qaçqın düşdüyünü və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.

Eyni gündə Elnur Mustafayev BBC Arabic kanalında yayımlanan “Axşam xəbərləri” verilişində Ermənistan və Rusiyadan qonaqların iştirakı ilə 25 dəqiqə çəkən teledebatda iştirak edib. Azərbaycanlı şərqşünas tarixə və beynəlxalq hüquq prinsiplərinə əsaslanan faktları qeyd etməklə öz üstünlüyünü nümayiş etdirib. Elnur Mustafayev öz çıxışında müharibənin Ermənistan ərazisində deyil, Azərbaycan ərazisində getdiyini, müharibə başlandığı gündən etibarən Azərbaycanın şanlı ordusunun döyüş meydanında qazandığı uğurları, Ermənistan dövlətinin atəşkəsdən istifadə edərək hər bir vəchlə öz mənfur niyyətlərini həyata keçirmələrini izləyicilərə çatdırıb. Elnur Mustafayev həmçinin beynəlxalq təşkilatların və bütün dövlətlərin Azərbaycan ərazi bütövlüyünü tanıdığını, münaqişənin həllinin yalnız erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarının tərk etməsi ilə mümkün olacağını qeyd edib. Debatda Ermənistanı təmsil edən qonağın əsassız iddiaları aparıcı tərəfindən də etirazla qarşılanıb.

Şərqşünas alim oktyabrın 11-də BBC Arabic kanalında səhər saat 09:00-da yayımlanan “Xəbərlər” verilişinə müsahibə verib. Elnur Mustafayev müsahibədə Ermənistan hərbi qüvvələrinin Gəncə şəhərini raket və ağır silahlardan atəşə tutması və hücum nəticəsində 9 sivil vətəndaşın həlak olması, içərisində qadın, uşaq olmaqla 36 nəfərin yaralanması haqqında məlumatları ərəb dünyasına çatdırıb. Azərbaycanlı şərqşünas öz müsahibəsində Ermənistan tərəfinin humanitar atəşkəsi pozduğunu, hərbi təxribatlara əl atmaqla digər dövlətləri müharibəyə cəlb etmək niyyətlərini və digər məsələləri qeyd edib.

Elnur Mustafayev həmin gün BBC Arabic-in 15:00 “Xəbərlər”ində də efirə qoşulub. O, ermənilərin raket və ağır silahlardan açdığı atəş nəticəsində Gəncə şəhərinə dəyən mənəvi və maddi zərərlər haqqında ətraflı məlumat verib. Elnur Mustafayev öz müsahibəsində Ermənistan dövlətinin əl atdığı hərbi təxribat və terror haqqında məlumatları ərəb dünyasına çatdırıb.

Həmin gün İraqın Nücəba TV kanalı da Elnur Mustafayevlə müsahibəni izləyicilərinə çatdırıb. Şərqşünaslıq İnstitutunun əməkdaşı fürsətdən istifadə edərək İraq xalqına, o cümlədən İraqda yaşayan türkmənlərə Azərbaycan xalqı adından dəstəklərinə görə öz minnətdarlığını bildirib. Daha sonra, Elnur Mustafayev İraq xalqına Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ətraflı şəkildə çatdırıb.

Oktyabrın 11-də Elnur Mustafayev Bakı vaxtı ilə 22:00-da mərkəzi Londonda yerləşən “əl-Arabi” kanalında Rusiya və Ermənistandan dəvət olunmuş qonaqlarla birlikdə teledebatda da iştirak edib. Azərbaycanlı şərqşünas debat zamanı Rusiya və Ermənistandan dəvət olunmuş ekspertlərin əsassız danışıqlarına cavab olaraq, tarixi və diplomatik faktları qeyd etməklə geniş ərəbdilli izləyici kütləsini maarifləndirib. Bununla yanaşı, o, Qarabağın beynəlxalq qərarlar çərçivəsində Azərbaycana məxsus olduğunu, həmçinin tarixi faktların da bu ərazilərin Azərbaycanın qədim torpaqları olduğunu, ermənilərin bu ərazilərə Gülüstan və Türkmənçay müqaviləsi əsasında gəldiyini, müharibə başlandığı gündən etibarən Azərbaycan ordusunun uğurlar əldə etdiyini və münaqişə ilə bağlı digər məsələləri ətraflı şəkildə qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button