Qarabağ

Azərbaycan-Ermənistan: Sülh sazişinin izahı və strateji əhəmiyyəti – ANALİZ

Qarabağın müharibə yolu ilə azad olunması yaxşı idi, yoxsa sülhlə? Cavab birmənalıdır!

Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşması və bu kontekstdə imzalanmış ilkin bəyanat ümumi müddəaları özündə ehtiva etdiyindən bir çox suallar açıq qalıb ki, bu da, bəzi vətəndaşlarımızda narahatlıq yaradır. Bu yazıda sazişin detalları və onun strateji əhəmiyyətini izah etməyə çalışacağıq.

Müharibəni sonadək aparmaq nə vəd edirdi?

İşğal olunmuş Qarabağ bölgəsi 12 rayondan ibarət olan təxminən 15 min kv km-lik böyük bir ərazidir. Bu ərazi dünyadakı təxminən 30 ölkədən böyükdür. Bu 25-30 il ərzində Ermənistan Qarabağda çox güclü istehkamlar, müdafiə sədləri, saysız tələlər qurmuşdu.

Azad olunan əksər yaşayış məntəqələrində evlər, binalar, obyektlər demək olar ki tamamilə sökülüb. Bu materiallar ilə saysız hesabsız tunellər, kazarmalar, bunkerlər tikiblər. Çox güclü müdafiıə sistemləri, minalanmış sahələr yaradılmışdı. Bunları ordu ilə keçmək çox nəhəng itkilərə və böyük vaxt itkisinə səbəb ola bilərdi.

Lakin Azərbaycan komandanlığı əməliyyatları elə hazırlayıb həyata keçirdi ki, ən minimum itki ilə ən maksimum nəticə əldə edildi. Azərbaycan əsgərləri düşməni elə darmadağın etdi ki, heç bir müdafiə sistemi köməyinə gələ bilmədi. Qısa müddətdə 300-ə yaxın kənd, qəsəbə, şəhər azad olundu, əksər strateji nöqtələr ələ keçirildi.

Lakin nəzərə almaq lazımdır ki, Ermənistanın faktiki olaraq ümumilikdə 100 minə yaxın ordusu var idi ki, onun da ən pis halda 80 mini durur. 80 minlik ordu hissələri, üstəgəl PKK-dan və sair yerlərdən gətirilmiş minlərlə muzdlu döyüşçü müharibə davam edəcəyi halda uzun aylar müqavimət göstərəcəkdi, biz sonda qalib gəlsək belə, minlərlə əlavə şəhid verəcəkdik. Sərt şaxtalı qış boyu əsgərlərimiz çox çətin və təhlükəli relyefdə- dağlarda, meşələrdə çox ağır vəziyyətə düşəcəkdi. Gəncə və sair şəhərlər raket atəşlərinə məruz qalacaqdı, yüzlərlə mülki şəxs də həlak olacaqdı.

Qarabağı bizə xarabalıq halda, meşələrin tam yandırıldığı bir vəziyyətdə, hər yeri minalanmış vəziyyətdə, torpağın hər yeri təhlükəli kimyəvi maddələrlə və “Metsamor” AES-in radiaktiv tullantıları ilə zəhərlənmiş halda təslim edib çəkiləcəkdilər. “Sərsəng” su anbarı partladıla və 2-3 rayon su altında qala, on minlərlə insanımızın da evləri, torpaqları su altına qala bilərdi. Bunlar ermənilərin edə biləcəklərinin heç də hamısı deyil. Bir sözlə, qələbə sosial, iqtisadi, ekoloji fəlakət və çoxsaylı insan itkiləri müqabilində qazanılacaqdı.

Ən çətin problemi necə həll etdik?

Qarabağ probleminin həlli dünyada ən çıxılmaz vəziyyət kimi görünürdü. Burada elə bir formul tapmaq mümkün deyildi ki, həm hər iki tərəf razı qalsın, həm beynəlxalq hüquq və ədalət bərqərar olsun. Azərbaycan isə məsələni elə həll etdi ki, həm özünün bütün istəklərini yerinə yetirdi, həm də ermənilərin bütün bəhanələrini əlindən aldı.

Qarabağ problemi bizim əvvəllər təklif etdiyimiz kimi və baza prinsiplərinə əsasən, 5+2 və Qarabağa yüksək muxtar statusla həll edilmədi. Biz Qarabağın dağlıq hissəsinə dünyadakı ən yüksək statusu təklif edirdik, demək olar ki, yarımmüstəqil dövlət statusu. İndi isə Azərbaycan bütün Qarabağı geri qaytardı- yarısını döyüşlə azad etdi, yarısını isə sülhlə qaytarmağa məcbur olurlar. Heç bir statusdan da söhbət getmir.

Ermənistanın bütün rəhbərləri, ictimai xadimləri əmindirlər ki, ermənilər özləri orada yaşamaq istəməyəcək və yaxın vaxtda Qarabağda erməni qalmayacaq. Məsələn, Ermənistanın keçmiş hərbi naziri Ohanyan da sazişi təslim aktı adlandırıb və hər şeyin itirildiyini bəyan edib: “Sazişdəki şərtlərə görə, Dağlıq Qarabağ Azərbaycanın sadəcə Ermənistana dəhlizi olan yığcam bir ərazisinə çevrilir. Proses ona aparıb çıxaracaq ki, oralarda erməni qalmayacaq. Deməli, son nəticədə, sülhməramlıların fəaliyyəti faydasız olacaq”.

Qələbəni nəyin müqabilində qazandıq?

Bütün bu qələbə ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun, qəhrəman hərbçilərimizin hesabına əldə olundu. Qısa müddətdə Qarabağın 30 faizi gərgin döyüşlərlə azad edildi. Lakin müharibəni təkcə dövlət, təkcə ordu aparmır. Arxa cəbhədə də müharibə gedirdi. Xalqımız orduya maddi-mənəvi dəstəyi ilə, informasiya müharibəsindəki zəhməti ilə, kibermüharibədəki zərbələri ilə Ermənistanın hərbi, siyasi, iqtisadi, texnoloji cəhətdən çökməsində böyük rol oynadı.

Nəticədə, Ermənistan təslimçi sülhə razı olmaq məcburiyyətində qaldı və bizim bütün tələblərimiz artıqlaması ilə yerinə yetirilmiş oldu. Azərbaycan Qarabağın böyük hissəsini (azı 70 faizini) itki vermədən, dağıdılmadan əldə etdi.

İlham Əliyevin güclü sərkərdəlik qabiliyyəti, böyük siyasi-diplomatik təcrübəsi, ağıllı iqtisadi strategiyası sayəsində həm döyüş meydanında, həm də siyasi meydanda qələbə əldə olundu.

Bu Qələbənin əhəmiyyətini saymaqla bitməz. Qarabağın azad olunmasının ölkəmizə verəcəyi böyük iqtisadi faydalar isə tamam başqa yazının mövzusudur və bu məsələləri əvvəlki yazılarmızda qeyd etmişik.

Sülh razılaşmasında nələr əldə etdik?

İşğal olunmuş Qarabağın bütün ərazisi faktiki olaraq da Azərbaycan tərkbinə qayıdır. Keçmiş Dağlıq Qarabağ vilayətinə aidiyyatı olmayan 4 rayon (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) tamamilə, keçmiş vilayətə daxil olan Hadrut rayonu (indiki Xocavəndin yarısı) və Şuşa şəhəri tamamilə, keçmiş Martuni və Ağdərə rayonlarının da bir hissəsi işğaldan azad edilib, 3 rayon da sülhlə geri qaytarılır (Ağdam, Laçın, Kəlbəcər).

Cənab Prezidentin çıxışında adı çəkilməyən rayonlardan bəziləri rayon kimi mövcud deyil, məsələn, Ağdərə rayonu ləğv edilərək ərazisi Kəlbəcər, Ağdam və Tərtər rayonlarına verilib. Əsgəran rayonu da yoxdur, ləğv olunub. Hətta keçmişdə ermənilərin yaşadığı 2 rayon- Martini və Hadrut da yoxdur, bunlar hazırda bir rayonda birləşib Xocavənddə.

Bəzi rayonların adları ona görə xüsusi çəkilir ki, onlar əhalidən də tam boşaldılmalıdır. Söhbət ermənilərin sonradan köçdükləri, vaxtilə yalnız azərbaycanlıların yaşadığı rayonlardan gedir. İlk növbədə bu rayonların azərbaycanlı əhalisi öz evlərinə qayıdacaq. Ermənilərin vaxtilə yaşadığı bəzi rayonlardan isə mülki erməni əhalisi qovulmur, yaşamalarına icazə verilir, Azərbaycan vətəndaşı kimi, Azərbaycan qanunlarına tabe olaraq.

Yerli ermənilərin azərbaycanlılarla qarışıq yaşaya biləcəkləri çox kiçik ərazi qalır- Xankəndi şəhəri və ətrafı, Ağdərə (keçmiş Mardakert) rayonunun çox hissəsi, Xocavənd rayonunun yarısı (keçmiş Martuni rayonu). Ermənilər cəmi 3 min kv km-lik ərazidə yaşaya bilərlər. Qarabağın azad edilmiş 15 min kv km-lik ərazisinin yalnız 3 min kv km-də, yəni beşdə birində- 20 faizində. O da bizimlə qarışıq halda.

Laçın koridorunun heç bir xüsusi statusu olmayacaq, bura Azərbaycan ərazisidir. Sadəcə, ermənilərin Qarabağın dağlıq hissəsində yaşadıqları ərazidən Ermənistana və əksinə təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Buna görə də, Ermənistan bizə Naxçıvana koridor verir və ölkəmizin bütünlüyü birbaşa əlaqə cəhətdən təmin olunur. Bu yol həm də Türkiyə ilə Azərbaycanı, Rusiyanı, Orta Asiya ölkələrini birləşdirən mühüm quru yolu olacaq.

Qarabağda etnik balans necə olacaq?

Münaqişə başlamamışdan əvvəl Qarabağın bölgəsinin ümumi əhalisinin 76 faizi azərbaycanlılar, 23 faizi ermənilər olub. Qarabağ bölgəsindən qovulmuş 700 mindən artıq azərbaycanlı köçkün öz yurdlarına qayıdır. Bunların bir hissəsi də ermənilərin yaşamasına icazə verilən yerlərdə- keçmişdə yaşadıqları şəhər və kəndlərdə məskunlaşacaq. Yəni, ermənilərin yaşadığı bu kiçik ərazi hər tərəfdən Qarabağa qaytarılacaq 1 milyona yaxın azərbaycanlı ilə əhatə olunur.

Ermənilərin keçmiş vilayətdə sayı təxminən 120 min nəfər olub. Onların yarıdan çoxu keçən 30 ildə Amerika, Rusiya, Avropa ölkələrinə köçüb. Yerdə qalan 50-60 minlik erməni 1 milyona yaxın azərbaycanlının yaşadığı bölgədə yaşamalı olacaq, əlbəttə yaşamaq istəsə. Sonradan, Livandan, Ermənistandan, Fransadan… Qarabağa köçürülənlər bura aid deyil. Onlar Qarabağın yerli əhalisi olmadığına görə ərazini tərk etməli olacaqlar. Artıq bu böyük kütləvi köç başlayıb.

Ermənilərə yaşamaq icazəsi verilən bütün yaşayış məntəqələrində Azərbaycan hakimiyyəti bərpa ediləcək, Azərbaycan dövlət idarələri və ictimai təşkilatları, həmçinin hüquq-muhafizə orqanları fəaliyyət göstərəcək, Azərbaycan bayrağı dalğalanacaq, Azərbaycan qanunları hakim olacaq. Dövlət dili Azərbaycan dilidir.

Vasitəçi və sülhməramlılar niyə vacibdir?

Rusiya SSRİ-nin varisi və regionda nüfuz sahibi olan fövqəldövlət kimi münaqişənin həllində əsas rol oynamalı idi. Amerika və Fransanın aşkar və qəti şəkildə Ermənistanı müdafiə etməsi və Rusiyanın isə neytral mövqe tutması fonunda bundan yaxşı variant yox idi.

Ermənistanda Paşinyan hakimiyyətini Amerikanın rəngli inqilabla dövlət başına gətirdiyi və Vaşinqtondan idarə olunduğu məlumdur. Baydenin qatı ermənipərəst olması və demokratlar adı ilə tanınan qlobalistlərin Paşinyanın birbaşa ağaları olması Ermənistanın əlini gücləndirəcəkdi.

Rusiyanın mövqeyi və maraqları, hazırki situasiyada bizim tərəfimizdə idi. Bundan da məharətlə istifadə etdik. İndi Qarabağ həm de-yure, həm de-fakto Azərbaycanındır.

Sülhməramlı kontingentin gəldikdə, bu missiyanın konkret vəzifə və səlahiyyət dairəsi olur. Hansı ölkələrin nümayəndələrindən ibarət olmasına baxmayaraq, BMT mandatı ilə, dəqiq təlimatla hərəkət edə bilərlər. Sülhməramlılar ordu deyil, bir növ müşahidəçi komissiyadır. Sülhməramlılar 5 il müddətinə Qarabağın kiçik bir hissəsində və Laçın dəhlizi boyu 5 km-lik hissədə yerləşdirilir və təhlükəsizliyin təmin olunmasına nəzarət edəcək.

Sülhməramlı missiyada Rusiya ilə yanaşı Türkiyə də iştirak edəcək. Bu isə qarşıya çıxan problemlərin 2 dost dövlət tərəfindən birgə həllini şərtləndirəcək. Missiyanın mövcudluğu ermənilərin sülhü və razılaşmanın şərtlərini poza bilməməsini, onların qanunlara riayət etməsini təmin edir…

Beləliklə, çox qısa müddətdə Azərbaycan problemi həll etdi və torpaqlarını qaytararaq ərazi bütövlüyünü bərpa etdi. Bu müharibədə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü. Xalqla dövlətin birliyi qalib gəldi. Qələbəmiz bir daha Mübarək!sia.az

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button