Siyasət

Ermənistan ordusunun “regional güc mifi” məhv olub

Armenianreport erməni silahlı qüvvələrinin uçurumun kənarında qaldığını yazır

Ermənistan ordusunun uğursuzluğunun kökündə dayanan səbəblərdən biri də bu ölkənin hərbi rəhbərliyinin səriştəsizliyi ilə yanaşı, həm də hərbi təchizatı cəhətdən də köhnə sursatlara, texnikalara malik olmasıdır. Artıq bu barədə açıq danışılır, ordudakı özbaşınalıqlardan tutmuş digər bir çox məsələlərə qədər tənqidi fikirlər bildirilir. O cümlədən, uzun illər Rusiyanın Ermənistana verdiyi silahların, texnikaların hər birinin köhnəlmiş olduğu, habelə istifadəyə yararsızlığı haqqında vurğulanır.

Erməni analitiki Tevos Arşakyan: “Günah həm də ölkənin və silahlı qüvvələrin əvvəlki rəhbərliklərindədir”

Bu mövzu haqqında Ermənistanın aparıcı saytlarından biri – Armenianreport yazıb. Saytın siyasi analitiki Tevos Arşakyanın yazdığına görə, Rusiya ordusu ümidsiz şəkildə köhnəlib – həm silahları, həm də silahlanması nöqteyi-nəzərindən. Analitik sual edir ki, belə olan halda nəyə görə Ermənistan ordusu Rusiya ordusuna orientasiya olunmalıdır?

“Yanvarın 28-də Ermənistan, həmçinin dünyanın bir çox ölkələrinə səpələnmiş erməni xalqı özünün ordu gününü qeyd edirdi. Ermənistanın kiçik ölkə olduğunu nəzərə alsaq, bu, sadəcə, bütün silahlı qüvvələrdəki hərbi qulluqçuların peşə bayramları deyil. Bu təhlükəsizliyin və müstəqilliyin bayramıdır”, deyə yazan erməni müəllif qeyd edir ki, bu ordu özünün 30 illiyinə kifayət qədər ağır emisoyalı və ağır fiziki vəziyyətdə yanaşdı: “Burada günahların hamısı yalnız mövcud hakimiyyətdə deyil. Buna isə biz öz materialımızda qayıdacağıq. Günah həm də ölkənin və silahlı qüvvələrin əvvəlki rəhbərliklərindədir”.

Tevos Arşakyan burada 90-cı illərin ordusunu xatırladır və qeyd edir ki, həmin vaxtdakı silahlı qüvvələr güclü idi və s. Lakin sonradan baş verənlərin niyəsini izah etməyə çalışan müəllif sual edir ki, əgər ordu həqiqətən də güclü idisə niyə müharibədən məğlub vəziyyətdə çıxdı? Cavabı isə belədir: “Ona görə ki, Koçaryanın, Sarqsyanın və Paşinyanın bütün hökumətləri silahlı qüvvələri təhlükəsizlik qarantı və dövlətçilik timsalı kimi görmürdülər, ona ayrılmaz və vahid orqanizm kimi baxmırdılar, əksinə, şəxsi mənfəətlərinin mənbəsi kimi görürdülər”.

Hərbi rəislər – müdafiə nazirləri, baş qərargah rəisləri və müxtəlif idarələrin generalları, polkovnikləri oliqarx idilər

Tevos Arşakyan əlavə edir ki, 2000-ci illərdə Ermənistan oliqarx və zənginlərdə doldu və onlar kimlər idilər? Hərbi rəislər – müdafiə nazirləri, baş qərargah rəisləri və müxtəlif idarələrin generalları, polkovnikləri. “Onlar ordu üzərində varlanırdılar, siyasilər ordunun üzərində öz piarlarını aparırdılar, ordu isə öz növbəsində korrupsiyalar, kriminallar vasitəsi ilə parçalanırdı. Axı mən nədən danışıram – son vaxtlara qədər hərbi xidmətdə olan yaxınlarımıza, qohumlarımıza alt paltarları, corablar, şəxsi gigiyena vasitələri və pul göndərənlər bizlər deyildikmi?”, deyə müəllif sual edib və bildirib ki, dövlət büdcəsindən bu kimi vasitələr üçün vəsaitlər ayrılırdı, lakin bu vəsaitlər orduya gedib-çıxmırdı: “Bütün bu illər ərzində bizə müdafiə istehkamlarının tikintisi, müasir silahların alınması, müdafiə xərcləri barədə yalanlar sırınırdı, üstəlik etiraz edərək küçələrə çıxan əsgər anaları təzyiqlərə məruz qalırdılar. Yəni ordunun problemləri arxa plana atılırdı.

Situasiyanı dərinləşdirən daha bir amil ölkə və silahlı qüvvələr rəhbərliyinin üç onilliklər boyunca orduda islahatların aparılmaması və qərb nümunələrinə uyğunlaşdırmaması oldu. Ümumilikdə erməni ordusu sovet-rus tipində qalıb. Ona görə də təyin edilən rəhbərlər məhz Moskvaya orientasiya olunmuş sovet-rus ali məktəblərində təhsil almış şəxslər olub”.

Mövcud hakimiyyət də əvvəlki hakimiyyətlər tərəfindən buraxılmış səhvləri düzəltməyə tələsmir

Müəllif Azərbaycanı nəzərdə tutaraq bu illər ərzində Türkiyənin və İsrailin müdafiə sənayesi ilə əməkdaşlıq etdiyini yazıb və bildirib ki, bu texnologiyalar müasir qərb hərbi sisteminə uyğunlaşdırılıb. Ermənstanın isə bu kimi faktlara etinasız yanaşması bəlli nəticələrə gətirib-çıxardı. Tevos Arşakyan əlavə edib ki, bütün baş verənlərə rəğmən, mövcud hakimiyyət də əvvəlki hakimiyyətlər tərəfindən buraxılmış səhvləri düzəltməyə tələsmir. Belə ki, indiki hökumət nəinki Rusiyanın ordu strukturundan imtina etmir, əksinə, silahlı qüvvələrə olan Rusiya təsiri saxlanılır, bunun əvəzinə isə ölkənin suverenliyi və təhlükəsizliyi Moskvaya həvalə edilir. O cümlədən, 44 günlük müharibədən sonra belə Moskvanın Ermənistana təsirləri qalmaqda və artmaqdadır.

Müəllif hakim “Vətəndaş sazişi” partiyasının deputatı Eduard Ağacanyanın “Ermənistan Rusiya ilə xüsusilə hərbi sferada əməkdaşlığını dərinləşdirmək məqsədindədir” fikrini əsas gətirib. Ağacanyanın sözlərinə görə, 44 günlük müharibədən sonra Rusiya Ermənistanda təhlükəsizlik sisteminin qurulmasında həlledici açar rolunu oynayır və Ermənistan Moskva ilə bu sahədə əməkdaşlığını dərinləşdirmək niyyətindədir.

Analitik yazar: “Biz Moskva ilə sıx hərbi-texniki əməkdaşlığa Rusiyanın Ermənistandakı mövcudluğuna ümid edirdik, deyirdik ki, bu, Azərbaycana və Türkiyəyə qarşı etibarlı qalxan olacaq”

“Yəni hər şey köhnədə olduğu kimi qalacaq – hərbi nizamnamədən tutmuş hərbi ekiperovkalara və təchizata qədər. Rusiya yalnız özünün nüvə silahlarının sayına görə güclüdür, başqa heç nə ilə. Onun onilliklərlə hərbi planlanma məsələləri, taktiki metodları, strateji prinsipləri dəyişilmir. Dünyada gedən bütün texnoloji dəyişikliklər Rusiyadan yan keçib. İndi aydın görünür ki, bunlar Ermənistanın da üzərindən yan keçəcək”, deyə Tevos Arşakyan yazır.

Erməni siyasi analitiki sual edir ki, baş verən məlum olaylardan, hadisələrdən sonra Rusiya ilə hansı hərbi əməkdaşlıq dərinləşməsindən söhbət gedə bilər ki?

“Ermənistan onsuz da ərazisinin mühüm hissəsini Rusiyaya etibar edərək təhlükəsizliyini təmin etmək qərarını verib, Rusiyaya hərbi bazasını təqdim edib, Özü də pulsuz. Biz Moskva ilə sıx hərbi-texniki əməkdaşlığa Rusiyanın Ermənistandakı mövcudluğuna ümid edirdik, deyiridik ki, bu Azərbaycana və Türkiyəyə qarşı etibatlı qalxan olacaq. Lakin nəticədə biz satılmış vəziyyətdə qaldıq. Moskva bizi Bakı və Ankaraya dəyişdi”, yazan erməni analitiki bundan sonra ordunun NATO-ya doğru irəliləməli olduğunu bildirib.

Lakin göründüyü kimi, heç Qərb hərbi sistemi də Ermənistan ordusuna ciddi baxmır və bu gün ölkədəki mövcud vəziyyət də buna əsas və imkan vermir. Ona görə də, bir daha əminliklə ifadə etmək olar ki, Ermənistan ordusu məhv olub və onun ayağa qalxması, ümumiyyətlə, üfüqdə də görünmür/sia

Rövşən RƏSULOV

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button