Elm və təhsil

“Bəhlul” jurnalı ilk dəfə transfonelitersiya edilərək çap edilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Dilbər Rzayeva tərəfindən ilk dəfə transfonelitersiya edilən “Bəhlul” jurnalı kitab formatında çap olunub. Azərbaycan mətbuatının 145 illiyi münasibətilə hazırlanan nəşr Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli (protokol № 4) qərarı ilə işıq üzü görüb. Kitabda Ön söz, lüğət, qeydlər və izahların müəllifi də Dilbər Rzayevadır.

“Bəhlul” jurnalının ilk transfonelitersiyanın redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Rauf Sadıxovdur. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru, dosent Elmira Qasımova nəşrin rəyçiləridir. 146 səhifədən ibarət kitab “Ulu” nəşriyyatında çap olunub.

Bu məcmuə Bakıda 1907-ci il may ayının 19-dan həmin ilin 4 noyabrınadək nəşr olunmuş cəmi 9 nömrəsi işıq üzü görmüş “Bəhlul” satirik jurnalının ərəb qrafikalı əlifbadan transfonelitersiyasıdır. “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirən “Bəhlul” jurnalının naşir və redaktoru Ələsgər Əliyev olmuşdur.

Jurnalda “Teleqraf xəbərləri”, “Ümumi xəbərlər”, “Elan”, “Poçt qutumuz” və sair kimi rubrikalara və bəhri-təvil, felyeton, şeir, sual-cavab və başqa janrlara rast gəlinir. Həmçinin “Duzəxi”, “Mirzə Dığ-dığı”, “Naxələf”, “Heyrəti”, “Yuxulu”, “Ə.Düdük”, “Dərdmənd”, “Bambulu”, “Tamaşa bağı”, “Fırıldaq”, “Titrətməli”, “Ə.M”, “Ağızları qıfıldayan”, “Maryak”, “Carübüddövlə”, “Bitli bədən”, “Laübali”, “İpləmə”, “Zurnaçı”, “Şalvarün-Zakirin”, “Müahidi Qədim”, “Əqrəb”, “Qeydkeş” və s. gizli imzalardan da istifadə edilmişdir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button