Cəmiyyət

Tanınmış jurnalist Polad Bülbüloğluna görə ölkə başçısına müraciət ünvanladı-“Hörmətli cənab Prezident, sizdən bir vətəndaş kimi xahiş edirəm…”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bir neçə gün öncə Rusiyanın RBK telekanalına verdiyi müsahibəsində “Türkiyə sülhməramlıları Qarabağa yeridilməyəcək” – deməsi və “Russia Today” xəbər agentliyində keçirdiyi mətbuat konfransında Qarabağda yaşayan erməni əhalisi üçün mədəni muxtariyyət ola bilər”, – deməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Polad Bülbüloğlunun bu fikirlərinə münasibət bildirib. Prezidentin köməkçisi qeyd edib ki, məsələnin mahiyyətinə varmadan Azərbaycanın Rusiyadakı səfirinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı söylədikləri qəbuledilməzdir. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri və digər rəsmi şəxsləri ölkənin rəsmi mövqeyinə və Prezident İlham Əliyevin yürütdüyü siyasətə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər”.

Tanınmış jurnalist Aygün Muradxanlı “Facebook” sosial şəbəkəsində səfir Polad Bülbüloğlu ilə bağlı ölkə başçısına müraciət ünvanlayıb.

Analoq.az tanınmış jurnalistin ünvanladığı müraciəti olduğu kimi təqdim edir: “Hörmətli cənab Prezident, sizdən bir vətəndaş kimi xahiş edirəm, Azərbaycanın milli maraqlarını satan Bülbüloğlunu dərhal geri çağırıb diplomatik rütbədən məhrum edəsiniz. Öz fəaliyyəti ilə rəşadətli ordumuzun qələbələrini nəticəsizliyə sürükləyın Bülbüloğlu Azərbaycan böyükelçisi deyil, başqa bir ölkənin məmuru kimi davranır. Çox çətinliklə əldə edilən birliyimizi pozmağa yönələn bu cür addımlar heç bir halda cavabsız qalmamalıdır. Məgər Azərbaycan əsgəri canı, qanı bahasına Qarabağda tarix yazdı ki, Azərbaycan ermənilərə mədəni muxtariyyət versin? Sizin çıxışlarınızdan, siyasi mövqeyinizdən, xalqın iradəsindən xəbərsiz bir şəxsin Rusiya kimi vacib ölkədə səfir olmağa mənəvi haqqı yoxdur”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button