Siyasət

Sülh razılaşmasından nə itirdik, nə qazandıq? – ANALİZ

Heç də hər şey hərbi meydanda həll olunmur, əsas məqsəd nəticədir, amma əsas məsələ də bu nəticəni nəyin bahasına əldə etməkdir

2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi möhtəşəm qəhrəmanlıq nümunəsi və əldə edilən böyük qələbə hamıya məlumdur. Qısa müddətdə Qarabağın 30 faizi azad edildi. Lakin tərəflər arasında bağlanmış sülh razılaşması ilə döyüşlər dayandı və məğlub olmuş Ermənistan qalan 70 faizlik hissəni sülh yolu ilə tərk edəcəyi haqda öhdəlik götürdü. Artıq bu prosesə başlanıb. Bəs müharibə davam etsəydi vəziyyət necə olacaqdı, hansı qazanclarımız, hansı itkilərimiz ola bilərdi? Hansı yol əlverişli idi – hərb, yoxsa sülh?

Ermənistanın kimin yanında olmasının nəticəsi

Problemin həll olunması Ermənistanın kimin yanında olmasının da böyük təsiri oldu. Amerika və Rusiya arasında 1-cini seçən ermənilər yol verdikləri çox kobud səhvin əvəzini ağır ödədi. Müharibə dövründə 2 variant var idi.

1. Ermənilər uduzduqlarını görüb Paşinyanı devirəcəkdilər və onda artıq sülh şərtləri indiki kimi, Ermənistanın tam kapitulyasıyası şərtləri və bizim tam qələbəmiz formasında olmayacaqdı. Hakimiyyətə Rusiyayönümlü adam gətirə və vəziyyəti öz xeyirlərinə çevirə bilərdilər. Amerika və Fransanın Ermənistanın tərəfində olduğu başdan məlumdur, beləcə Rusiya da daxil hər 3 fövqəldövlət Ermənistanın tərəfində olacaqdı. Belə vəziyyətdə biz daha çox güzəştə getməyə məcbur qalacaqdıq.

2. Baydenin, yəni Paşinyanın birbaşa ağasının Amerika prezidenti seçilməsi Ermənistanın əlini gücləndirəcəkdi. Amerika və Fransa milyardlarla pul xərcləyib rəngli inqilabda başa gətirdikləri Paşinyan hakimiyyətinin devrilməməsi və Ermənistanın əllərindən çıxıb Rusiyanın nəzarətinə keçməməsi üçün ciddi addımlar ata bilərdilər. Belə ki, ermənilərə minlərlə peşəkar “nayomnik”, müasir PUA-lar da daxil olmaqla minlərlə silah-texnika və xeyli maliyyə ayıra bilərdilər ki, Qarabağ itirilməsin, Paşinyan dəstəsini ermənilər devirməsin və o da hakimiyətə gətirilməsinin əsas məqsədini- KTMT-dən çıxaraq Rusiya bazasını ölkədən çıxarmasını, təmin etsin.

Artıq son aylarda Paşinyan özü açıq deyə bilməsə də, dolayı yolla bəzi erməni siyasətçilərinə bazanın çıxarılmasının vacibliyini dedirdirdi, özü isə əl altdan bunun üçün müvafiq hazırlıq işləri aparırdı. Rusiyanın hələ Sovet dövründən Ermənistanda yerləşən NATO-ya qarşı hərbi bazasının nə dərəcədə strateji əhəmiyyətə malik olmasını geniş izah etməyə ehtiyac yoxdur. Bu baza Rusiya üçün təkcə cənub istiqamətində NATO-dan müdafiə sistemi deyil, həm də Yaxın Şərqə birbaşa hərbi nəzarət və lazım gəldikdə müdaxilə platsdarmıdır. Belə bir bazanın çıxarılması Qərb istiqamətində hərbi yolları bağlanan Rusiyanın cənuba da hərbi yolunun bağlanması deməkdir. Üstəlik, Gürcüstandan sonra, Ermənistanda da Amerikanın əyləşməsi Rusiya üçün cənub istiqamətinin tam itirilməsi deməkdir.

Rusiya da bu təhlükəni görürdü. Ermənistandakı Amerikan hakimiyyətinin devrilməsi yalnız bir halda mümkün ola bilərdi – ermənilər üçün həyati əhəmiyyətli bir faciə baş verdikdə – müharibədə uduzduqda və Qarabağı qaytarmağa məcbur olduqda. Qarabağın itirilməsindən sonra Paşinyan hakimiyyəti devriləcək və Rusiya Ermənistanı geri qazanmış olacaq. Bunu Rusiya üçün təmin edən yeganə qüvvə Azərbaycan ola bilərdi, məhz bu səbəbdən Rusiya bu məsələdə Bakının tərəfində oldu. İlham Əliyev isə ələ düşmüş bu unikal vəziyyətdən məharətlə istifadə edərək Qarabağı geri qaytardı. 2 ölkənin maraqları üst-üstə düşdüyündən Ermənistanı əvvəl müharibədə ağır məğlubiyyətə, sonra isə təslimçi sülhə məcbur etdilər.

Qarabağ müharibəsi: kim nə qazandı, kim nə itirdi?

Prosesin əsas tərəfləri arasında konkret nəticə bu olur ki, Azərbaycan Qarabağı, Rusiya isə Ermənistanı qaytarır. Hər şeyi itirən Ermənistanın yeganə “qazancı” odur ki, Qarabağın kiçik bir hissəsində yerli ermənilərin bizim hakimiyyətiniz altında, qanunlarımıza tabe olacaq vətəndaşımız kimi yaşamasına icazə verilir.

Regionda yeni əməkdaşlıq platformasının yaradılacağı ehtimalı yüksəkdir. Bundan isə, bütün regon dövlətləri fayda əldə edəcək. O cümlədən, işğalçı və terrorçu siyasətindən əl çəkərsə, çökməkdə olan Ermənistan da.

Region dövlətlərinin qazandıqlarına qısaca nəzər salaq.

Türkiyənin qazancı – Naxçıvan ərazisindən Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya birbaşa çıxış əldə edir. Bundan başqa, Türkiyə Qarabağda sülhməramlı missiyada, sülhyaratma işində iştirak edir və bununla da regiuonda hərbi və siyasi nüfuzunu artrır. Üstəlik, yaxın gələcəkdə regional əməkdaşlıqdan, nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə edəcək.

İran da nəsə uduzmur, əsas qazancı isə odur ki, Ermənistan vasitəsilə burnunun ucuna girmiş Amerika oradan çıxmalı olur. Bundan başqa, o da Türkiyə kimi regional əməkdaşlıq platformasından xeyli iqtisadi dividentlər əldə edəcək. Sanksiyalar altında və yarımblokada şəraitində qalaraq iqtisadiyyatı zəifləyən ölkə üçün bu çox əlverişli nəfəslikdir.

Gürcüstanın əsas qazancı odur ki Cavaxetiya məsələsi getdi tarixin arxivinə, çünki müharibədən hərbi və iqtisadi cəhətdən darmadağın çıxan Ermənistan çox uzun müddət özünə gələ bilməyəcək ki, potensial etnik qarşıdurma ocağını alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada bilsin. Amma ölkənin strateji əhəmiyyəti və gəlirləri bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək, Türkiyə və Azərbaycanın Gürsüstandan asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq platformasına qoşulsa daha çox fayda əldə edə bilər.

Bu region ölkələrinin burada qazandığı və itirdikləridir. İndi isə fövqəldövlətlərin vəziyyətinə baxaq.

Amerika, Avropa və Rusiya nə qazandı, nə itirdi?

Amerika ən çox itirən ölkədir. Qarabağın əldən çıxmasına görə, ermənilər Paşinyanı devirəcək və ölkə Amerikanın əlindən tam çıxacaq. Yəni, Yaxın Şərqdə Türkiyə kimi müttəfiqini itirmiş, indi isə Qafqazda Ermənistanı da itirən və yalnız Gürcüstanın ümidinə qalan Amerikanın regionda mövqeləri və nüfuzu zəifləyir. Qarabağ kimi problemin həllində oyundan kənarda qalır və regiona təsir nüfuzu azalır.

Rusiyanın ən böyük qazancı itirdiyi Ermənistanı yenidən Amerikanın əlindən alıb geri qazanmış olur. Bundan başqa, həm regonda, həm dünyada nüfuzu, imici yüksəlir, “qan tökülməsini dayandırdım, 30 ildir dünyanın həll edə bilmədiyi ən çətin problemi həll etdim, özü də sülhlə”- demək haqqı qazanır. Ona görə də, Moskva çalışacaq ki, razılaşmanın müdəəaları pozulmasın və hər şey düzgün yerinə yetirilsin. Əks təqdirdə Rusiyanın beynəlxalq nüfuzuna xələl gələcək, imici daha da korlanacaq.

Fransanın timsalında Avropa da oyundankənar qaldı, regiona təsirini və nüfuzunu itirdi. Bundan əlavə, Azərbaycan Fransanın qatı ermənipərəst mövqeyini unutmayacaq, regional iqtisadi və nəqliyyat layihələrində bunu nəzərə alacaq.

Britaniya heç nə qazanmasa da, heç nə itirmədi. Azərbaycanı siyasi olaraq dəstəkləməsi iqtisadi olaraq qazandıqlarının əvəzi idi.

Ermənistanda divlərin döyüşü: kim qazanacaq?

Hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və gərgin mübarizə aparırlar. Ermənilər gec də olsa ayıldılar və Paşinyanı devirməyə çalışırlar, burada əlbəttə Rusiyanın da müxalifətə dəstəyi var. Lakin Amerika buna imkan verməməyə və “Mənim addımım” partiyasının hakimiyyətdə qalmasına çalışır. Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Artıq Bayden də Paşinyana kömək edə bilməz.

Amerikanın tapşırığı ilə sülhün Ermənistan tərəfindən pozulma cəhdləri Rusiyanın beynəlxalq nüfuzuna və imicinə böyük zərbə olacağından Moskva buna görə Yerevanı daha sərt cəzalandıra bilər.

Onu da qeyd etmək lazımdır ki, Sazişi imzalamaqla Ermənistan özünü tərəf kimi rəsmiləşdirdi və son 30 ildə Azərbaycana vurulan (müxtəlif qiymətləndirmələrə görə 50-300 milyardlıq) zərərə görə təzminat tələbi üçün də Bakıya hüquqi əsas verdi.

Prezident və xalqın birliyi Qələbəni təmin etdi

Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində Qarabağı ən yaxşı variantla, mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir. İlham Əliyev böyük şahmat taxtasında sonuncu gedişlə “Mat” elan edərək qalib gəlmişdir. Bunu bütün dünyada, hətta düşmən dövlətin rəsmi və ictimai şəxsləri də etiraf edirlər.

Qələbəni minlərlə artıq şəhid vermədən, düşmən Qarabağı tam xarabalığa çevirmədən, bütün meşələri yandırmadan, Sərsəng su anbarını partladıb ekoloji və sosial fəlakət törətmədən, “Metsamor”un radiaktiv tullantılarını Qarabağa səpmədən, şəhərlərimizə əlavə yüzlərlə raket düşmədən, daha yüzlərlə mülki vətəndaşımız ölmədən, davam edəcək müharibəyə milyardlarla manat artıq xərc çəkmədən, həmçinin, ölkəmizin uzaqda qalan anklav hissəsinə- Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol əldə edərək… dünyada sülhsevər imici yaradaraq, regiona ən böyük təsir imkanı olan Rusiyanı və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi və adını qızıl hərflərlə tarixə yazdı.

1-ci Qarabağ müharibəsində dövlət-ordu-xalq birliyi olmadı və ona görə də uduzduq. 2-ci Qarabağ müharibəsində isə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü və xalqla dövlətin birliyi qalib gəldi.

Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik ortada olmayan strateji faydalarını da görəcək.

Bu birlik qorunub saxlanacaq. Ölkəmiz tamam dəyişəcək. Son vətəndaşa qədər hamı “Fəxr edirəm ki Azərbaycanlıyam” sözünü ürəkdən deyəcək.

Azərbaycan dünyaya Günəş kimi doğacaq.sia.az

Elçin Bayramlı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button