Redaktor seçimi

FİRƏNGİZ ƏLİZADƏYƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA

1 iyul 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasında Xalq artisti, UNESKO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin 75 illiyinə həsr olunmuş yubiley elmi-sessiya keçirildi. “Firəngiz Əlizadənin yaradıcılıq səhifələri” adlı sənədli filmi nümayiş olundu. Sənədli filmdə bəstəkarın əsərlərinin məşhur, tanınmış orkestrlər, musiqiçilər tərəfindən ifası, elm və incəsənət xadimlərinin Firəngiz xanım haqqında söylədikləri ürək sözləri öz əksini tapırdı. Filmdə istifadə olunmuş materiallar bəstəkarın yaradıcılığının müxtəlif illərini əhatə edirdi. Xalq artisti Habil Əliyevin, Arvo Pyatın, Mstislav Rostropoviçin, Qalina Mikeladzenin, İrina Şostakoviçin və bir çox elm xadimlərinin Firəngiz xanım haqda çıxışları filmə daxil edilmişdi.

Bəstəkarın film boyunca “Habilsayağı”, “Dərviş”, “Gitara üçün Fantaziya”, “Muğam Sayağı”, “Nağıllar”, “Dəniz”, “İthaf”, “Nasimi Passion”, “İntizar” operasından fraqmentlər təqdim olundu. Bu əsərlər “Amsterdam Royal Concertgebouw” konsert zalında, Almaniya, İsveçrə, Paris, Portuqaliya, Argentina, Tbilisi, Sankt-Peterburq şəhərlərinin konsert zallarında böyük təntənə ilə səslənib.

Filmdə 2007-ci ildə bəstəkara UNESKO-nun “Sülh” artisti, 2019-cu ildə isə “Ağa Xan” mükafatları ilə təltifi də yer almışdı.

İlk giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyli açaraq Firəngiz xanımı yubileyi münasibəti ilə təbrik edib, film haqda öz ürək sözlərini söylədi. Bəstəkarın əsərlərinin dünyanın məşhur ifaçıları, simfonik orkestrləri tərəfindən ifa olunmasını, böyük alqışlarla qarşılanmasını qeyd etdi. İsa Həbibbəyli Firəngiz Əlizadənin yaradıcılığını Azərbaycanla dünya musiqisinin arasında mənəvi körpüyə bənzətdi. Bu mənada o, bəstəkarın fəaliyyətinin dünyəvi əhəmiyyətə malik olduğunu, Şərqlə Qərb arasında bağlılıq və dostluq əlaqələrini daha möhkəmləndirərək yüksək ideyaların ifadəçisi kimi dəyərləndirdi.

İsa müəllim özünün məzmunlu çıxışından sonra sözü akademik İradə Hüseynovaya verdi. İradə Hüseynova öz çıxışında Firəngiz xanımın zəngin yaradıcılıq fəaliyyətini xüsusi vurğulayaraq, bəstəkara yaradıcılıq uğurları arzuladı.

Növbəti çıxış Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadəyə təqdim edildi. Ətregin Salamzadə Firəngiz xanımın pedaqoji fəaliyyətini, musiqişünas kimi də yaradıcı fəaliyyətini xüsusi vurğuladı.

Elmi sessiyada AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Azərbaycan xalqının görkəmli bəstəkarı”, professor Həcər Babayeva “Firəngiz Əlizadə və Azərbaycançılıq”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülarə Vəzirova “Firəngiz Əlizadənin yaradıcılığının əsas mərhələləri” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova “Firəngiz Əlizadənin balet musiqisi” mövzusunda məruzələr ilə çıxış etdilər.

Bütün bu çıxışlardan sonra Azərbaycan musiqişünaslıq elminin görkəmli nümayəndəsi, akademik Zemfira Səfərova çıxış edərək həm elmi sessiyanın əhəmiyyətini, həm də Firəngiz Əlizadə yaradıcılığını yüksək qiymətləndirdi. O hətta Firəngiz xanıma yubiley münasibəti ilə özünün və ailəsinin adından ünvanlanan məktubu oxudu.

Sessiyanın sonunda bəstəkar Firəngiz Əlizadə çıxış edərək bütün iştirakçılara öz təşəkkürünü bildirdi. Üzeyir Hacıbəyli ənənələrinin davamçısı kimi əzmlə çalışacağını, Azərbaycan musiqi mədəniyyətini bütün dünyada layiqincə təbliğ və təmsil edəcəyini vurğuladı.

Nəsirova Fidan
Ü.Hacıbəyli adına BMA-nın Elmi-tədqiqat
laboratoriyasının elmi işçisi,
musiqişünas

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button