İqtisadiyyat

Pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi qaydaları-ARAŞDIRMA

Tanınmış iqtisadçı alim AMEA-nın İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Yadigarov Təbriz Abdulla oğlu əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə istehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi qaydaları, həmçinin minimum əmək haqqı və yaşayış minimumunun həcminin artırılmasının əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, makroiqtisadi göstəricilərin yüksəlməsinə təsir edərək, dünya ölkələri arasında ölkəmizin rəqabətqabiliyyətlilik indeksi üzrə mövqeyinin daha da yaxşılaşmasına təsir edəcəyi haqqında yazısını təqdim edirik.

İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar olaraq əhalinin pul gəlirlərinin indeksləşdirilməsi Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 17 iyun tarixli qərarına müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 saylı qərarı ilə təsdiq edilmişdir. Bu qanuna müvafiq olaraq büdcədən maliyyələşən müəssisə, idarə və təşkilatların işçilərinin pul gəlirlərinin indeksləşdirilməsi bedcə vəsaiti hesabına, təsərrüfat hesabı prinsipləri əsasında fəaliyyət göstərən bütün müəssisələr öz maliyyə vəziyyətlərini nəzərə almaqla həyata keçirilir.

İndekslşdirmə haqqında qanuna müvafiq olaraq vətəndaşların Azərbaycan Respublikası ərazisində əldə etdikləri və birdəfəlik xarakter daşımayan pul gəlirləri: əmək haqqı, dövlət pensiyaları, təqaüdlər və bütün növ sosial müavinətlər daxildir. İndeksləşdirmə əsasən əvvəlki indeksləşdirmə anında artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5%-lik həddi keçdikdə tətbiq edilir. Yəni, əhalinin pul gəlirlərinin indeksləşdirilməsi hər növbəti rüb bitdikdə son indeksləşdirmə anından başlayaraq artan yekunla hesablanmış istehlak qiymətləri indeksinin 5%-lik hüdudu keçməsi halında indeksləşdirmənin aparılması üçün əsas kimi müəyyən edilir.

İndeksləşdirmə ilə əlaqədar olaraq artan pul gəlirlərinin miqdarı indeksləşdiriləcək gəlirin miqdarının istehlak qiymətləri indeksinə (gəlirin təshihinə səbəb olan istehlak qiymətləri indeksi) vurulması yolu ilə müəyyən edilir və müvafiq olaraq gəlirlərin indeksləşdirilməsi üzrə pul kompensasiyalarının ödənilməsi üzrə xərclər əmək haqqı, pensiya, müavinət və təqaüd üzrə xərc maddələrinə aid edilir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatlarına əsasən 1993-2019-cu illər istelkak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri 1993-cü (1229,1%), 1994 -cü (1763,5%), 1995-ci (511,8%), 1996-cı (119,9%), 2004-cü (106,7%), 2005—ci (109,6%), 2006-cı (108,3%), 2007-ci (116,7%), 2008-ci (120,8%), 2010-cü (105,7%), 2011-ci (107,9%), 2016-cı (112,4%) və 2017-ci (112,9%) illərdə 5%-lik həddi keçmiş, həmin dövr üzrə o biri illərdə isə 5%-lik həddən aşağı olmuşdur. Bu isə onu göstərir ki, 1993-2019-cu illər istelkak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymət indeksləri 5%-lik həddi, keçmiş illərdə rüblər üzrə ilin əvvəlindən və son indeksləşdirmə anından başlayaraq artan yekunla hesablanan istehlak qiymətləri indeksinin dəyişməsinin statistikası əsasında 5%-lik həddi keçən rübün bütün ayları indeksləşdirilməlidir.

Qeyd etmək lazımdır ki, əmək haqqının aylıq minimum əmək haqqının 4 mislindən artıq olan hissəsi indeksləşdirilmir. Pul kompensasiyasının hesablanmasında tətbiq edilən təshih əmsallları da buna uyğun olaraq müəyyən edilmişdir. Aylıq minimum əmək haqqının hüdudlarında 100%. yəni, təshih əmsalı vahidə (1) bərabər götürülür. Aylıq minimum əmək haqqının 1 mislindən 2 mislinədək 80% (0,8), 2 mislindən 3 mislinədək 60%(0,6), 3 mislindən 4 mislinədək isə 40% (0,4) qəbul edilir.

Məsələn, 2017-ci ildə istehlak qiymətləri indeksi 112,9% olmuşdur. Fərz edək ki, 2017-ci ilin yanvar ayında işçinin əmək haqqı 450 manat, 2017-ci ilin 1-cü rübündə istehlak qiymətlərinin indeksi isə 112,9% olmuşdur. Qanunvericiliyə əsasən işçinin indeksasiya ilə əlaqədar pul kompensaiyası minimum əmək haqqının dəfələrlə artırılan miqdarı şəklində aşağıdakı kimi bölüçdürüləcəkdir (minimum əmək haqqı 2017-ci ildə 116 manat olduğundan).

Minimum əmək haqqının birinci mislinin miqdarı-116 manat

Minimum əmək haqqının ikinci mislinin miqdarı -116 manat

Minimum əmək haqqının ikinçi mislinin miqdarı -116 manat

Minimum əmək haqqının dördüncü miqdarı-102 manat

Cəmi indeksləşdiriləcək gəlir məbləğö 450 manat

Göründüyü kimi 2017-ci ilin 3-cü rübündə istehlak qiymətlərinin indeksi (112,9%) əvvəlki son indeksləşmə anı ilə müqayisədə 5%-lik həddi keçərək 12,9% təşkil etmişdir ki, bu da indeksləşdirməni həyata keçirməyə imkan veririr. Ona görə də yanvar ayından başlayaraq aylıq gəlir ilin əvvəlinə artan yekunla istehlak qiymətləri indeksinə (112,9%) uyğun olaraq təshih edilir. Bu halda indeksləşdirmə nəticəsində artmış pul gəlirlərinin miqdarı aşağıdakı kimi olacaqdır.

Pul kompensasiya = (116*(1+(0,129*1))+(116*(1+0,129*0,8))+ (116*(1+0,129*0,6))+102*(1+(0,129*0,4)) =130,96+127,97+124,98+121,98= 505,89 manat

Umumi pul gəliri=450+506=956 manat olacaqdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 1992-ci il 1 sentyabr tarixli 479 saylı qərarı ilə təsdiq edilmiş İstehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar olaraq əhalinin pul gəlirlərinin indeksləşdirilməsi qaydasına görə hesablamalar aylıq minimum əmək haqqı hüdudlarında müəyyən edilir. Yaşayış minimumu haqqında Azərbaycan Respublikasının qanununun 2.0.5. maddəsinə görə isə yaşayış minimumunun təyinatına əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasının həyata keçirilməsi də daxildir. Yaşayış minimumu – minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.  
Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əmək haqqının minimum məbləğinin, pensiyaların baza hissəsinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir.

Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası 2006-cı ilin oktyabrından – 30 AZN , 2007-ci ilin fevralından – 50 AZN, 2008-ci ilin yanvarından – 60 AZN,2008-ci ilin avqustundan – 75 AZN,2010-cu ilin sentyabrından – 85 AZN 2011-ci ilin dekabrından – 93,50 AZN,2013-cü ilin sentyabrından -105 AZN,2017-ci ilin yanvarından – 116 AZN, 2018-ci ilin yanvarından – 130 AZN,2019-cu ilin martından – 180 AZN, 2019-cu ilin sentyabrından – 250 AZN   olmuşdur.   

Qeyd etmək lazımdır ki, istehlak qiymətlərinin ümumi indeksinin hesablanmasında Laspeyser düsturundan istifadə edilir. Bu indeks Laspeyser düsturuna daxil olan -bazis dövründə istehlak məcmusunda mal vahidlərinin (xidmətlərin göstərilməsihallarında) sayı,

– hesabat dövründə istehlak məcmusunda mal vahidlərinin (xidmətlərin göstərilməsihallarında) qiymətı və – bazis dövründə istehlak məcmusunda mal vahidlərinin (xidmətlərin göstərilməsi hallarında) qiymətı əsasında müəyyən edilir

Beynəlxalq əmək təşkilatlarının (BƏT) istehlak qiymətlərinin indeksinin hesablanmasına dair tövsiyyələrində də bu düsturdan istifadə edilir. Laspeyser düsturu hesabat dövründə malların qiymətlərinin dəyişməsi nəicəsində onların nə qədər bahalaşacağı və ya uzuzlaşacağını göstərir.

Əsas istehlak əmtəələrinin məcmusuna daxil olan üç əsas yarımqrup üzrə ərzaq, qeyri-ərzaq və pullu xidmətlər məcmusu əsasında istehlak qiymətlərinin aylıq indeksi hesablanır.

Bu hesablamada hər bir yarımqrupun bazis dövrünün istehlak məcmusunun dəyəri təmsiledici malların qiymətlərinin indeksinə vurulmaqla, bazis dövrününün istehlak məcmusunun dəyərinin hesabat dövrünün qiymətləri ilə məbləği müəyyən edilir. Sonda isə istehlak qiymətlərinin ümumi aylıq indeksi, bazis dövrününün istehlak məcmusu dəyərinin hesabat dövrünün qiymətləri ilə ümumi məbləğinin bazis dövrünün istehlak məcmusunun ümumi dəyərinə nisbəti ilə müəyyən edilir.

Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarına əsasən 2020-ci lin 01 yanvar tarixindən etibarən yaşayış minimumu ölkə üzrə 190 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üşün isə 170 manat məbləğndə təsdiq edilmişdir. Yaşayış minimumunun, eyni zamanda minimum əmək haqqı məbləği, əmək qabiliyyətli əhali, pensiyaçılar və uşaqlar üçün ərzaq məhsulları, qeyri-ərzaq məhsulları və xidmətlərin norma üzrə natural ifadədədə həcminin hazırkı qiymət və şəraitə uyğun olaraq dəyər ifadəsindəki məbləğini mütləq qaydada üstələməlidir. Statistik məlumatlara əsasən Moskva şəhərində yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 18530 Rubl (414,18 manat), pensiyaçılar üçün 11428 rubl (255.44 manat), uşaqlar üçün isə 14009 rubl (313,13 manat) təşkil edir.

Tədqiqatlar göstərir ki, təsərrüfat subyektlərinin fəaliyyət növündən asılı olmayaraq bütün dövlət və qeyri-dövlət müəssisələrində əməyin ödənilməsinin vahid taarif sistemi iqtisadiyyatın bütün sahələrini əhatə etməklə yenidən işlənməsi və eyni peşə və vəzifə sahiblərinin əmək haqqı sistemində mövcud olan qeyri-bərabərliyin kəskin fərqləri minimumlaşdırılması məqsədəuyğundur;

-hər bir müəssisənin kateqoriyasından və istehsal gücündən asılı olaraq vahid ştat cədvəlləri üzrə bütün işçilərin say normativləri və taarif dərəcələri əsasında ölkədə mövcud olan minimum əmək haqqına uyğun əmsallar üzrə əmsallaşdırmalara əsasən vəzifə və taarif əmək haqqlarının təyin edilməsi büdcə üzrə vergi daxil olmalarının artmasına və şəfaflığın təmin edilməsinə şərait yarada bilər;

– Azərbaycan Respublikası üzrə yaşayış minimumunun məbləğinin dünya praktikası üzrə hesablama qaydasına uyğun olaraq ərzaq, qeyri-ərzaq və pullu xidmətlərin müvafiq qaydada natural ifadədə müəyyən edilmiş normalarına əsasən yenidən hesablanması, bütün kateqoriyadan olan əhalinin pul gəlirlərinin istehlak səbəti ilə müqayisədə artmasına səbəb ola bilər ;

– əhalinin həyat səviyyəsinin yüksəldilməsi məqsədi ilə istehlak mallarının və xidmətlərinin qiymət artımı ilə əlaqədar olaraq Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi qaydaları elmi əsaslarla mütəxəsislər tərəfindən təkmilləşdirilərək müzakirə edilməsi daha məqsədəuyğundur;

Bütün bu tədbirlərin uğurla həyata keçirilməsi iş və xidmətlərin dəyərinin artmasına təsir edərək, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, ölkə üzrə adambaşına düşən ÜDM-in, UMM, MG-in,əhalinin pul gəlirlərinin, pul aqreqatlarının, o cümlədən geniş pul kütləsinin (M3), orta aylıq əmək haqqının və s. artması ilə nəticələnərək dünya ölkələri arasında Azərbaycan Respublikasının rəqabətqabiliyyətlilik indeksi üzrə mövqeyinin daha da yaxşılaşmasına təsir edəcəkdir.

AMEA-nın İqtisadiyyat İnstitutunun
“Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi,
iqtisad elmləri üzrə fəlsəfə doktoru Yadigarov Təbriz Abdulla oğlu

Analoq.az

Daha çox
Back to top button
Close