Cəmiyyət

Ağdamlı jurnalist: Ağdam bizə necə qayıtdı?

Ağdam bizə qayıtdı.

Daha heç kim onu Xirosimaya bənzətməyəcək, yox, daha o heç ruhlar şəhəri də deyil…

2008-ci ildə “Lonely Planet” jurnalı, Şotlandiyanın nüfuzlu “The Press and Journal” nəşri Ağdamı  həmin Xirosimaya bənzətmişdi.  2010-cu ildə Əl-Cəzirənin  internet nəşri Ağdamı “ruhlar şəhəri” adlandırmışdı.

Ağdam bizə qayıtdı… Bu qayıdışın yolları hamar olsun deyə, minlərlə can qurban oldu… Düz 27 il hər il şəhidlər verdik… Mücadilə etdik, hirsimizi içimizə boğduq… Həmişə alınmadı…

Ramil Səfərov bayrağımıza kəm baxan marqaryanları cəhənnəmə vasil elədi… Mübariz İbrahimov səbirsizləndi, səngəri aşıb tək başına düşmənə qan uddurdu, ər kişiliyin nə olduğunu sübut elədi…

2016-cı ildə aprel döyüşlərində ərənlərimiz düşmənə Azərbaycanın gücünü göstərdilər…

Ağdam bizə qayıtdı… O qayıdışı yaşamaq üçün Füzulidə sinə hərbə meydan oldu, Cəbrayılda hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu, namusunu hifz etmək üçün Zəngilanı bağrımıza basdıq, BAYRAĞINI yüksəltmək üçün Qubadlıdan geçdik… ŞUŞAda ucaltdıq bayrağımızı!

Ağdam bizə qayıtdı… Gözəl şəhərim sən qayıdana qədər, sənin yoxluğunda təkcə səni yox, üç doğmamı da itirdim… Atamı, anamı, qardaşımı… Bilirəm ki, indi onların ruhları şaddır!

Bu gün kabusa son qoyuldu!  Dəyişdi hər şey!  “Kabuslar şəhəri” Ali Baş Komandanın diplomatiya cəbhəsində və döyüş meydanındakı hünəriylə, rəşadətli ordumuzun qüdrəti ilə düşmən tapdağından azad edildi. Ağdam bizə qayıtdı…

Bütün yaralar sağalacaq… Hər şey özünə dönür, dönür hər şey… Ağdam da üzü dönüklərdən deyil, heç kim bilməsə də o bilirdi ki, onun yollarının qansız-qadasız etmək üçün nə qədər qan tökülüb… Nə qədər insan qanınını qaşığa qoyub dünyanın hər yerində küçələrə, meydanlara çıxıb “AZƏRBAYCAN, QARABAĞ, AĞDAM” deyib…

Hər şey bərpa olunacaq, hər şey: çox dəyərli tarixi-etnoqrafik abidə olan İmarət, Muğam-Poeziya Teatrı, Qarabağda yeganə açıq məbəd olan Ağdam məscidi, dünyada ikinci olan Ağdam çörək muzeyi, məşhur Muğam mərkəzi, məşhur Kəhrizlərimiz, məşhur Ağdam bazarı, məşhur Çay Evi, qızıl balıq təsərrüfatları…

“Qarabağ bülbülləri”nin səsi yenə göylərə ucalacaq! “Natəvan qızlar bayramı” yenə dünyaya səs salacaq!

…Daha Ağdama “tini, küçəsi olmayan şəhər” deyilməyəcək. Daha Ruhlar şəhəri olmayacaq! Xirosima ilə də müqayisə edilməyəcək! Ağdam elə yenə də doğma, isti, qonaqlı-qaralı, qürurlu, varlı-hallı, güvənəcəyimiz AĞDAM olacaq. Həm ötkəm, həm səxavətli, həm qonaqpərvər, həm də mərd Ağdam…

Ağdam bizə qayıtdı və… Sən olasan gülüstan, sənə hər vaxt can qurban, AZƏRBAYCAN!

P.S. İndi mən bir anlıq itirdiklərimi unudub, qızımın əlindən tutub Ağdamı qarşılamağa gedirəm…

Mətanət Ağamirli Əməkdar jurnalist. //olaylar.az//

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button