Siyasət

Rusiya zəiflədiyini hiss edir.. (?).buna səbəb olan amillər!

Son zamanlar dünyada, əsasən postsovet ölkələrində baş verən hadisələr Rusiyanın zəiflədiyi görüntüsünü yaradır. Bu sadəcə belə görünür yoxsa həqiqətən belədirmi? Yazıda məqsədimiz bu sualın cavabını tapmaqdır.

Bəs nədir bölgədə Rusiyanın ehtiyyatlı davranmasına səbəb? Biz sırf cənubi Qafqaz zonası və Afrika qitəsində Rusiyanın mövqeyinə baxdıqda əsas əngəlin, eləcə də əsas müttəfiqin də eyni dövlət, yəni Türkiyə olduğunu görürük. Artıq Rusiyanın təsir dairəsini genişləndirmək üçün dəfələrlə Türkiyə ilə hesablaşmağa məcbur olduğunu sezmək olur. Müəyyən dövrlərdə Türkiyə ilə münasibətlər enişli-yoxuşlu vəziyyət alıb. Əsasən bu iki dövlətin Afrikada, daha dəqiq desək Suriyada maraqlarının zidd olduğunu görürük ki, bu münaqişə sırf iki dövlət arasında yox, eləcə də NATO dövlətləri ilə Rusiya münaqişəsi çərçivəsinə daşınır. Diqqətlə bu münaqişəni izləsək görərik ki, Türkiyə hər ABŞ ilə bir stola oturduqda Rusiya Əsəd rejimi ilə Suriyada Türkiyəyə qarşı təzyiqlər edir.

Rusiya hakimiyyəti beynəlxalq aləmdə təsirinin zəiflədiyini yaxud zəifləmə ehtimalının olduğunu yaxşı bilir. Ona görə də Türkiyə ilə münasibətlərin pisləşməsi bölgədə NATO-nun da təsirinin genişlənməsi deməkdir. Bu yöndən Rusiya artıq postsovet dövlətləri ilə müstəmləkə-ağa münasibətləri yox müttəfiq münasibətlərinin qurulmasını təmin etməlidir. Azərbaycan-Rusiya əlaqələri bu yöndən böyük inkişaf səviyyəsinə çatıb ki, biz bunu ikinci Qarabağ müharibəsi fonunda gördük.

Bəs digər postsovet dövlətləri ilə münasibətlər necə tənzimlənir? Cənubi Qafqazın digər dövlətləri olan Ermənistan və Gürcüstan da həmişə Rusiya ilə hesablaşmağa məcburdur. Bu faktı Rusiya 2008-ci ildə Gürcüstanla müharibədə gürcüstan hökumətinə, 2020-ci ildə Qarabağ müharibəsi ilə Ermənistan hökumətinə diktə etmişdir. Hazırki “müvəqqəti” Ermənistan hakimiyyəti isə sanki bunu anlamaq istəmir. Rusiya tərəfi Qarabağ müharibəsində məğlub olan Paşinyandan bir çox şərtlərin pozulmaması barəsində öhdəlik almağa çalışır. Çünki qərbpərəst Paşinyan hansısa havadarına güvənib hansısa şərti pozsa bu Rusiyanın, birbaşa olaraq isə Putinin nüfuzuna zərbədir. Qərb havadarları isə daima Paşinyanı hansısa şərti pozmasını israr edir edir ki, bu yuxarıda qeyd etdiyim kimi Rusiyanın sülhü bərqərar etmək qabiliyyətinə şübhə yaradacaq.
Rəsmi Bakıya gəldikdə isə onu deyə bilərik ki, Azərbaycan hakimiyyəti Rusiya ilə balanslı münasibətlər qurulmasının tərəfdarıdır. Çünki, bölgənin siyasi xəritəsi bizi Rusiya ilə uzaqlaşmanın hansı nəticələr verəcəyini göstərir. Məsələn, Rusiya ilə münasibətlərin tamam kəsilməsi Azərbaycanın bölgənin ən güclü dövləti ilə düşmən münasibətlərin yaranmasına səbəb ola bilər, o da öz növbəsində Paşinyan hakimiyyətinin acınacaqlı vəziyyətini göz önünə gətirir.

Onu qeyd etməliyik ki, Rusiyadan üz döndərmə siyasətini təkcə Paşinyan həyata keçirmək istəmir. Digər postsovet ölkəsi olan Moldova da son seçkilərdən sonra Rusiyaya qarşı sərt mövqe tutub. Yeni prezident Maya Sandu öz müsahibəsində Rusiyanın Kırım siyasətini tənqid edib, eləcə də Rusiyanın Dnestryanı ərazisini tərk etməyə çağırıb. Əlbəttə, Moldova hakimiyyəti bu münaqişəni tək həll edə bilməz. Bu onu göstərir ki, yeni hakimiyyət avropayönümlü siyasətlə Dnestryanı ərazisi ilə bağlı problemi həll etməyə çalışacaq. Belə ki, Rusiyanın bir tərəfdə Kırım kimi münaqişə ocağına çevrilə biləcək ərazisi, digər tərəfdə isə Dnestryanı ərazisi durub. Bütün bu proseslər Rusiyanın şərqi avropadan da əlinin boşalmasına gətirib çıxara bilər. Rusiyanın əsas məqsədi isə bu münaqişələrin hamısının Avropanın iştirakı olmadan həll etməyə çalışmaqdır.

Son olaraq belə demək olar ki, Rusiya artıq postsovet ölkələri ilə əlaqələrdə daha diqqətli olmalıdır. Çünki, münasibətlər artıq müstəmləkə münasibətləri çərçivəsindən çıxıb. Edilən istənilən yanlış Rusiya üçün müvəffəqiyyətsizliyə gətirib çıxara bilər. Bu müvəffəqiyyətsizlik isə bölgədə Avropa və Amerika təsirinin böyüməsinə, Rusiyanın isə geosiyasi mövqeyini zəiflədə bilər. Əlbəttə, son olanlar belə bir təəssürat yaranır ki, hazırki Rusiya Avropa və Amerika təsirinin genişlənməsinə icazə verməyəcək. Bu daha çok onun Türkiyə ilə münasibətlərindən asılıdır.

Müəllif: Emin Qasımov 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button