Siyasət

Rus sülhməramlıları Azərbaycandan necə və nə vaxt çıxacaq?

Rusiya sülhməramlılarının Qarabağda öz missiyasını yerinə yetirdikdən sonra Azərbaycandan çıxarılması barədə, tanınmış hüquqşünas, Qarabağ qazisi Vüqar Dadaşov maraqlı yazı ilə çıxış etmişdir. Həmin yazını olduğu kimi oxucularımıza təqdim edirik.

“Rusiyanın Azərbaycana sülhməramlı adı ilə ordu yeritməsi və bunun sonradan Gürcüstanda, Moldovadakı kimi böyük problemə çevrilməsi ehtimalından hər bir Azərbaycan vətəndaşının narahatçılığı təbiidir. Rus sülhməramlıların Azərbaycandan çıxarılması məsələsi ilə bağlı subyektiv fikirlərim və şəxsi qənaətim var. Gəldiyim nəticəni əsaslandıran bir neçə məqamlara toxunmaq istərdim.

Moldovada keçirilən Prezident seçkilərində qərb yönümlü İnkişaf və Həmrəylik Partiyasının (İHP) sədri Maya Sandu, Rusiya adamı kimi tanınan Moldova Prezidenti İqor Dadaonu üstələyərək Moldovanın yeni Prezidenti seçilib. “Avropa həqiqətləri” adlı qəzetə müsahibə verən Maya Sandu Moldovada Dnestryanı konfliktinin həlli üçün Rusiyanın bölgəyə yeritdiyi sülhməramlıların tam çıxarılmasından sonra mümkün olacağını deyib. Moldovanın keçmiş prezidenti İqor Dadon yeni seçilmiş Prezident Maya Sandunun bəyanatını “böyük səhv” adlandırıb.Yeni seçilmiş prezident Maya Sandunun bəyanatına Rusiya senatoru Aleksey Puşkov münasibət bildirərək: “Dnestryanı bölgədə yaşayanların 220 mini bizim vətəndaşlardır, onların maraqları və təhlükəsizliyi Moldova prezidentinin bəyanatından daha vacibdir” – deyə bildirmişdir.

Baş verən proseslər göstərir ki, Rusiya ətrafında halqa daha da daralır. Bir müddət əvvəl Türkiyə və Ukrayna prezidentlərinin görüşündə əldə edilmiş razılaşmaya görə, Türkiyə Ukraynanı öz müasir texnoloji silahları ilə təchiz etməyə başlayıb. Artıq Ukrayna Prezidenti Zelenskiy Rusiyanın faktiki işğal etdiyi Donbas və Krım məsələsini yeni yanaşma ilə daha doğrusu, müharibə yolu ilə həll etməyə israrlı olduğu göstərir.

Rusiyanın faktiki bir kalonuna çevrilmiş Ermənistanda da vəziyyət Rusiyanın əleyhinə işləyir. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq avro inteqrasiyanı davam etdirəcəkdir. Xüsusən də bu proses, Ermənistanın Azərbaycan qarşısında faktiki olaraq kapitulyasiya sənədinə imza atdıqdan sonra daha da güclənib. Ermənistan əhalisinin müəyyən hissəsi Ermənistanın Azərbaycan qarşısında kapitulyasiya səbəbini Rusiyanın Ermənistana kömək etməməsi ucbatından məğlub edilməsi kimi qiymətləmdirməsidir. Digər tərəfdən, kapitulyasiya aktına imza atan Paşinyanın öz hakimiyyətini saxlaması onu göstərir ki, Paşinyanın avro inteqrasiya kursunu dəstəkləyənlər əhali arasında çoxluq təşkil edir və Rusiyadan birdəfəlik üzülüşmənin yolları axtarılır.

Rusiyanın Gürcüstanda da zəif mövqeyi tükənməkdədir. Gürcüstanda Parlament seçkilərinin nəticələrindən sonra səngiməyən mitinqlər onu göstərir ki, əhali Rusiya fiquru İvanaşvili partiyasına inamı tam itirib və Saakaşvilinin Gürcüstanda hakimiyyətə gəlmə ehtimalı artmaqdadır. Ümumiyyətlə Gürcüstanda qərb yönümlü siyasətçilərin tam hakimiyyətə yenidən gəlmə ehtimalı olduqca yüksəkdir.

Putin Belarusiyada Prezident seçkisində faktiki olaraq qalib gəlmiş Tixanovskaya əvəzinə Lukaşenkonu qalmasını təmin etməklə belorus xalqının sözünü və seçimini əhəmiyyətsiz etdiyindən Rusiyaya qarşı narazı olanların sayını kəskin artırıb. Belarusiyanın və hətta Lukaşenkonun Rusiyaya loyallığı sözün əsl mənasında sabun köpüyü kimidir.

Göründüyü kimi, Rusiyanın öz maraq dairəsi hesab etdiyi keçmiş SSRİ ölkələrində siyasi mövqeyi tamamilə sarsılıb. Beynəlxalq arenada da Rusiya dövlətinin təcrid edilməsi davam etməkdədir.

ABŞ-da “qırğı siyasət” nümayəndəsi Co Baydenin Prezident seçilməsi, ABŞ dövlətinin anti Rusiya siyasətinin güclənməsi deməkdir. Diqqət edək, Co Bayden keçmiş SSRİ ərazisində Rusiyanın yaratdığı konfliktlərin həmin dövlətlərin ərazi bütövlüyü daxilində həll edilməsinin vacibliyini vurğulaması Rusiya siyasətinin özünün hesab etdiyi “arxa bağçasından” qovulacağına işarədir.

Qərb mətbuatı xüsusən də Almaniya mətbuatı, Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətinin son dövrlərini yaşadığı barədə geniş analitik yazılar dərc edir. Verilən məlumata əsasən Putin gələn il hakimiyyətdən gedəcəkdir. Sözsüz ki, Rusiya daxilində də Putinin aqressiv siyasəti, daha doğrusu Barak Obama demişkən “himayədar (krışa), rüşvət, şantaj, hiylə və qeyri qanuni üsul ilə fəaliyyət göstərən biri kim” əhalinin faktiki narazılığına səbəb olmuşdur. Narazılıqlar hədindən artıq özünü açıq şəkildə büruzə verir, narazılıqlar regionlarda isə daha çoxdur və əhali mitinqlər keçirməyə məcburdur. Vladivostokda aylarla keçirilən və hələ də səngiməyən mitinqlər buna misaldır. Xarici sorğulara əsasən Rusiyada müxalifətçi Navalnıy timsalında qərbyönlümü siyasəti dəstəkləyən əhalinin sayı 30%-dən çoxdur.

Rusiya SSRİ dövründən dünyada əsasən ağır silahları ilə mövqe tutmuşdur. Yeni texnoloji dövrdə ağır silahların effektliyi böyük sual altına düşüb. Türkiyə Rusiyaya qarşı yaxın şərqdə nümayiş etdirdiyi hərbi üstünlüyü eləcədə, Azərbaycanın Ermənistan üzərində, daha doğrusu rus silahı üzərində qələbəsi onu göstərir ki, Rusiya artıq adı çıxmış həmin hərbi potensiala malik deyil və siyasətini artıq güc dili aparmaq imkanı çox zəifləyib. Tarixi gedişat onu göstərir ki, Rusiya dünyada eləcədə keçmiş SSRİ ərazisində yaratdığı Abxaziya, Osetiya, Dnestryanı, Qarabağ, Krım, Donbas kimi konfliktlərlə özü öz hökmünü yazmışdır. Yeri gəlmişkən bir məqamı qeyd edim ki, 1-ci dünya müharibəsində çar Rusiyası qalib ölkələrdən olduğu halda, bolşevik inqilabı ilə faktiki məğlub tərəf kimi müharibədən çıxdı. İlk baxışdan Rusiya KİV-ləri Azərbaycana Qarabağa rus sülhməramlıların yeridilməsini Rusiyanın qələbəsi kimi təqdim və təbliğ etsələr də əsl həqiqətdə Azərbaycan və Türkiyə öz istəklərini yerinə yetirdi, Azərbaycan torpaqlarını işğaldan azad etdi, Türkiyənin Qafqaza girməsini təmin edildi. Ən başlıcası isə, 10.11.2020-ci il tarixdə imzalanmış üç tərəfli bəyanatla Azərbaycan Rusiyanın köməkliyi ilə Ermənistanı Azərbaycan ərazilərinin işğalçı tərəfi kimi təsdiq edən hüquqi sənədi əldə edə bildi. Bununla da Ermənistanın hərbi təcavüzünə görə Azərbaycan Respublikasının təzminat tələbi hüquqi baza və tutarlı sübutla təmin edildi. Bundan başqa, Putin Qarabağda sülhməramlı prosesləri ilə bağlı müsahibələrində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini dəfələrlə səsləndirib. Təbii ki, Azərbaycan Ermənistana qarşı təzminat tələbi irəli sürərkən, ermənilər bu tutarlı sübutları yaratmaqda Rusiyanı günahlandıracaq və buda öz növbəsində ermənilərin Rusiyaya qarşı nifrətini artırmış olacaq.

Ümumiyyətlə, Putinin daxili idarə etmə sistemində də beynəlxalq siyasi arenada da dar təcrübəli, məhdud təcrübəsindən heç vaxt kənara çıxmayan biri kimi özünü təsdiqləyib. Putinin Abxaziyada, Osetiyada, Krımda, Donbasda, eyni ssenari üzrə hərəkət etmişdir. Prezident seçkilərində Rusiyaya loyal rəhbərlərin Venesuelada, Belarusiyada hakimiyyətdə saxlanması üçün də eyni mexanizmlər tətbiq edilmişdir. Putin müxtəlif situasiyaları bir formul üzrə həll etməyə çalışdığından hesablamış olduğu siyasi nəticəni əldə edə bilmir. Putinin əldə etdiyi, ancaq müvəqqəti xarakterli hərbi taktiki üstünlüklərdür hansı ki, strateji baxımdan perspektivdə məğlub vəziyyətə gətirir.

Uzun müddətli perspektivdə Rusiyanın indiki sərhədləri daxilində mövcudluğu mümkünsüz görünür, ancaq hər bir halda yaranmış müasir geosiyasi vəziyyətdə də Azərbaycan dövlətinin öz milli maraqlarını qorumaq iqtidarında və regional güc mərkəzinə çevrilmək imkanları realdır. Dünya ölkələrini və əsasən də Rusiya, İran kimi qonşuları olan Azərbaycan dövləti ərazi bütövlüyünün qorunması üçün bu dövlətləri neytrallaşdıra bildisə, BMT TŞ-nın daimi üzvü ermənipərəst Fransanın mövqeyini tam dəyişdirə bildisə və müharibədən zəfərlə çıxıb dünya ictimaiyyətinə özünü qalib ölkə kimi təqdim etməyi bacardısa və eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminatında xüsusi mövqeyə malikdirsə, təmənnasız qarşılıqlı milli bağlara söykənən Türkiyə, Pakistan kimi müttəfiqləri varsa, deməli Azərbaycan dövləti öz milli maraqlarını qorumaq iqtidarındadır.

Odur ki, Azərbaycan dövləti nəinki Rusiya sülhməramlıların Azərbaycandan çıxarılmasını rahatlıqla təmin edə bilər və hətta Cənubi Qafqazın söz sahibinə çevrilə bilər. Nəzərdə tutulan məqsədləri əldə etmək üçün müvafiq siyasi şəraitin yetişməsi çox böyük olmayan mütləq zaman məsələsidir. Əminliklə deyə bilərik ki, rus sülhməramlılarının daha doğrusu rus ordusunun Azərbaycandan çıxarılmasının 3-cü dəfə də şahidi olacayıq.”

Vüqar Dadaşov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button