Cəmiyyət

Razi Nurullayev MCP-nin qadın üzvləri ilə görüşdü – FOTO

Milli Cəbhə Partiyası – MCPnın sədri, deputat Razi Nurullayev MP partiyanın bir qrup qadın üzvləri ilə görüşüb.Görüşdə Partiya sədrinin birinci müavini Rafiq Daşdəmirli, Qadınlar Şurasının sədr əvəzi Almaz Mammedova da iştrirak ediblər.

Tədbiri giriş sözü ilə Rafiq Daşdəmirli açaraq qadınlar şurasının partiyanın inkişafında mühüm rol oynadığını deyib. Bu baxımdan o, bildirib ki, Qadınlar Şurasını gücləndirmək partiyanın prioritet məsələlərindəndir.

Daha sonra çıxış edən Razi Nurullayev, qadınların cəmiyyətdəki rolunun əhəmiyyətindən danışıb. Deputat bu baxımdan qızların təhsil almasının çox önəmli olduğunu vurğulayıb:

“Azərbaycanda uşaqların yetişdirilməsində, tərbiyəsində əsas mühüm rolu qadınlar oynayır. Qız uşaqlarının təhsilli olması Azərbaycanın, cəmiyyətin inkişafı, Azərbaycanda sağlam ailələrin, vətəndaşların olması deməkdir”.

MCP sədri bildirib ki, qızlar üçün ali təhsil ya pulsuz olsun, ya da vəsaiti dövlət ödəsin:

“Xüsusən kənd və rayon yerlərində yüz minlərlə gənc qızın həyatı dözülməzdir və gələcəyə ümidləri başqasına bağlıdır. Ümidləri və arzuları normal və imkanlı bir şəxslə ailə həyatı qurmaqdır. Biz onların hamısına ali təhsil verməklə həyatlarını müsbətə doğru dəyişə, həm də ölkəmizdə inkişafa nail ola bilərik. Mən bu təklifi Milli Məclisdə bir daha səsləndirəcəm, bunun üzərində ciddi işləyirəm”.

Deputat qeyd edib ki, qızların ali təhsil haqqını dövlət ödəsə, onlar təhsildən kənarda qalmazlar:

“Elə yerlər var ki, hələ də qızları məktəbə buraxmırlar. Biz həvəsləndirici tədbirlər görsək, qızlar da təhsil alar, ölkənin bütün yerlərində kişilərlə bərabər rəqabətli iş yerləri tuta və ictimai-siyasi həyatda rollarını artıra bilərlər. Əgər buna nail ola bilsək, Azərbaycan inkişaf etmiş ölkələr sırasına qoşular”.

Deputat sonda vurğulayıb ki, qadınların cəmiyyətin formalaşmasındakı rolunu artırmaq, ölkənin hər yerində bütün qızları təhsilə cəlb etmək, Milli Cəbhə Partiyasının əsas hədəflərindəndir.

Sonra tədbir qarşılıqlı müzakirə formasında davam edib. Qadınlar şurasının heyyətindən Almaz Məmmdova, Sədaqət Əliyeva, Esmira Günəş, Firuzə İsmayılova, Əzizə Məmmədova, Sevinc Salehli, Şəlalə Babayeva və digərləri çıxış edərək fikirlərini bölüşüb, partiya sədrinə suallar ünvanlayıblar. Sonda partiyanın Qadınlar Şurasının genişləndirilməsi, gücləndirilməsi istiqamətində görüləcək işlərdən, qarşıda duran tapşırıqlardan, vəzifələrdən danışılıb, təkliflər verilib, tövsiyyələr edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button