Cəmiyyət

Seçki Müşahidə və Təhlil Qrupu aralıq hesabatını açıqladı

7 fevral 2024-cü il tarixinə təyin edilmiş Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərinin monitorinqinin həyata keçirilməsi məqsədilə yaradılmış Seçki Müşahidə və Təhlil Qrupu koalisiyası aralıq hesabatını yayıb. Hesabatda prezident seçkilərinin vaxtından əvvəl keçirilməsinin səbəbləri, seçki öncəsi ölkədəki ictimai-siyasi vəziyyət, söz, mətbuat azadlığı, seçki məntəqələrinin, eləcə də yerli və xarici müşahidəçilərin ümumi statistikası, KİV və rəqəmsal media platformasında aparılmış monitoriniqin ilkin nəticələri öz əksini tapıb. Bununla yanaşı, hesabatda prezidentliyə namizədlərin təşviqat aparmaq və maliyyə almaq kimi imkanlarını seçki məcəlləsinin bəzi maddələrinin, həmçinin ölkədəki real siyasi vəziyyətin çərçivəyə aldığı vurğulanır.
Hesabatın nəticəsinə qeyd edilir ki, Seçki məcəlləsinin 181.1-ci maddəsinin prezidentliyə namizədliyin qeydiyyata alınmasına dair tələbinin real vəziyyətə əsaslanmaması, paralel olaraq potensial namizədlərin resurslarını nəzərə almaması rəqabət imkanlarını məhdudlaşmasına gətirib çıxarır. Namizədlərin çıxışları üçün nəzərdə tutulmuş ödənişsiz efir vaxtının azlığı, eləcə də ödənişli efir qiymətlərinin heç də bütün namizədlər üçün münasib olmaması təbliğat imkanlarının qeyri-bərabər olmasının göstəricisi kimi qiymətləndirilir. Vurğulanır ki, Seçki qanunvericiliyində namizədlər üçün hüquqi şəxslər tərəfindən əlavə maliyyə dəstəyi cəlb olunması imkanları nəzərdə tutulsa da, ölkədəki real siyasi mühit buna imkan vermir.
Koalisiya növbədən kənar prezident seçkilərinə dair yekun hesabatında seçki prosesinin təkmilləşdirilməsinə dair təkliflərlə çıxış edəcəyinin bildirir.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button