Araşdırma

Kəlbəcəri tərk etmək istəməyən erməni keşişlər fitnə-fəsad mənbəyi kimi..

Erməni keşişlər Xudavəng monastırını tərk etməyiblər. Bu barədə bütün ermənilərin katolikosu II Qaregin deyib. O, keşişlərin bu addımını dəstəklədiyini bildirib. Hazırda Xudavəng monastırı Rusiya sülhməramlılarının nəzarətindədir. Qeyd edək ki, Xudavəng monastırı Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşir. Elmi mənbələrdə adı həm də Dadivəng kimi keçir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Xudavəng monastırı Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksidir. Monastıra dini və dünyəvi xarakter daşıyan ondan çox müxtəlif ölçü və dizayna malik tikili daxildir. Həmin tikililər müxtəlif tarixi dövrlərdə, müxtəlif şəxslərin sifarişi və himayəsi ilə inşa edilib. Kompleksin ən erkən tikilisi VIII-IX əsrlərə aid edilən Qədim bazilikadır. Xatırladaq ki, erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv edib və kilsənin maddi-mədəni irsinə nəzarət Qriqorian Kilsəsinin ixtiyarına keçib. Bundan sonra ermənilər bu abidələrin “tarixən” özlərinə aid olduğunu utanmadan bəyan edirlər.
Ermənilərin katolikosu II Qareginin keşişləri bu cür qızışdırıcı mövqeyi onun dini missiyasına uyğun gəlirmi?

“Qriqorian kilsəsi Tanrıya, İsa Məsihə deyil, vazgenşünaslığa, zori balayançılığa, daşnaksütunçuluğa xidmət edir”

İlahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin Xudavəng monastrını tərk etməməsi ilk növbədə işğaldan azad edilən və edilməli olan torpaqlar barədə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış bəyanata ziddir: “Çünki orada ermənilərin qarşısına həmin rayonların boşaldılması şərti qoyulub. Boşaldılması deyərkən də burada bütün insanların əraziləri tərk etməsi nəzərdə tutulur. Digər tərəfdən də onlar həmin monastrı özlərinə xas hesab edirlər. Keşişlərin oranı tərk etmək istəməməsi heç də onların dinə və tanrıya bağlılığından irəli gəlmir. Bu yalnız fitnə törətmək və orada qalmaqla, nəinki təkcə o dini abidənin, hətta bütün həmin ərazilərin guya onlara məxsus olması iddiasını yaşatmaq üçündür. Əgər 2-ci Qaregin də bunu dəstəkləyirsə, artıq bu o deməkdir ki, onlarda din tamamilə siyasiləşib və Qriqorian kilsəsi Tanrıya, İsa Məsihə deyil, vazgenşünaslığa, zori balayançılığa, daşnaksütunçuluğa xidmət edir. Yəni artıq o inancda barışıq, sülh və insanlıq naminə bir şey qalmayıb. Ən əsası da, o monastırın əsla ermənilərə aidiyyəti yoxdur. Ora Alban məbədidir. Erməni keşişləri əslində özlərinə xas olmayan Allah evini də zəbt edib, qəsb ediblər. Bunun özü də xristian inancına görə böyük günahdır.
Hesab edirəm ki, bu haqda Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə də lazımi addımları atmalı, dünya dini liderləri ilə əlaqə saxlamalıdır. Erməni həyasızlığı artıq dini müstəviyə də keçir. Bizim məscidləri murdarlayan bir qəbilə indi necə o kilsələrdən çıxmaya bilər? Görünən odur ki, məlum bəyanata qədər ordumuz düşmənin izini-tozunu da kürüyə- kürüyə gedirdi, lakin bəyanatdan sonra Rusiyanın əli ilə onların nəinki izi-tozu, hətta özləri də qalmağa başlayıblar. İndi gərək bu kimi məsələlərə Rusiya əncam qılsın. Əks halda yeni bir dini qarşıdurma da yarana bilər. Onsuz da ermənilər əzəldən bu yöndə də bizlə savaşıblar. Mənim fikrimcə, qəti şəkildə erməni keşişlərini nəinki o monastırdan, bütün qaytarılmış torpaqlarımızdan çıxarmaq lazımdır. Çünki o keşişlər din xadimi, ruhani deyillər. Əlimi Qurana basaram ki, orada qalan keşişlər erməni terror təşkilatlarının üzvü, ən yaxşı halda Ermənistan xüsusi xidmət orqanlarının rütbəli şəxsləridir”.
Müsahibimiz hesab edir ki, biz  öz torpaqlarımızda belələrinin timsalında “canlı bomba”lar saxlamamalıyıq.
Məhəmmədəli QƏRİBLİ

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button