Ədəbiyyat

Paxıllıq-HEKAYƏ

Ərazisinə, evlərin və sakinlərinin sayına görə rayonun ən böyük kəndi olan bu kənd də digər kəndlər kimi müasir, abad bir kənddir. Kəndin bazar-dükan, çayxana, mədəniyyət sarayı, əczaxana və s. yerləşən, “Kənd içi” adlanan mərkəzindən asfalt yol keçir. Bu yol şəhərlə rayon mərkəzini birləşdirən, kənddən səkkiz-on kilometr aralı keçən ana yoldan ayrılıb gəlir və gedib qonşu kəndə dirənir.
Kənddə bir-birinə yaxın iki çayxana var.

Hərəsinin də öz müştəriləri. Oqtayın çayxanasına əsasən cavanlar, Cəmşidin çayxanasına isə əsasən ağsaqqallar, yaşlılar gedir. Ona görə “əsasən” deyirəm ki, qohumluq, simsarlıq, qonşuluq, “salamməleyk”dən asılı olaraq orta yaşlıların bir hissəsi bu, digər hissəsi digər çayxanaya gedir. Hə iki çayxananın çinar və palıd ağacları olan geniş ərazisi var ki, may ayından başlayaraq ta ki, soyuqlar düşənədək çay masaları bu ağacların kölgəsinə düzülür. Kənd içi adətən qələbəlik olur və bir növ “məlumat mərkəzi”dir. Yarımca saat kənd içində olmaq, çayxanaların birində ikicə stəkan çay içmək kifayətdir ki, kənddəki, rayondakı, dünyadakı son hadisələrdən xəbər tutasan.
Artıq bir aydır ki, kənd içində, çayxanalarda söhbət yalnız ermənilərin sərhəddə törətdikləri növbəti təxribatlara cavab olaraq qoşunlarımızın bütün cəbhə boyu genişmiqyaslı əks hücum əməliyyatları ətrafında gedirdi.

Qulam kişi, Süleyman əmi, Yunis dayı kəndin ən yaşlı, hörmətli ağsaqqallarındandır. Tez-tez Cəmşidin çayxanasında birlikdə çay içir, söhbət edirlər. Onlardan səkkiz-on yaş kiçik olmağına baxmayaraq Abasqulu da, tez-tez çayxanada onlarla birlikdə oturur. Söhbətləri tutur.

Müharibə başlayandan üç-dörd gün keçmiş kənddə mühüm bir hadisə yaşanmışdı. Həmin gün adlarını çəkdiyimiz dörd ağsaqqal birlikdə Cəmşidin çayxanasında palıdın kölgəsində çay içir, söhbət edirdilər ki, kəndin icra nümayəndəsi, yaşlıların hələ də “kənd soveti” adlandırdıqları Seyfəddin masaya yaxınlaşıb salam verdi. Qulam kişi:
– Otur görək, ay Seyfəddin, təzə nə xəbər var? Ordan bir stəkan da gətir – Cəmşidə tərəf səsləndi.

Seyfəddin stul çəkib əyləşdi. Cəmşid gətirdiyi stəkanı onun qarşısına qoyub ortadakı çaynikdən çay süzüb samovarın yanına qayıtdı.
– Elə sizləri görmək istəyirdim. Yaxşı ki, buradasınız. Rayondan, hərbi komissarlıqdan zəng etmişdilər. Yəqin ki, səfərbərlik elan olunduğundan xəbəriniz var. Bizim də kənddən üç nəfəri çağırırlar.
Aralığa çökmüş sükutu Yunis dayı pozdu:
– Kimləri?
– Sadığın oğlu Şükürü, Məhərrəmin oğlu Niftalını, bir də… Seyfəddin çaydan bir qurtum alıb yerində qurcalandı.
– Ürəyimizi üzmə görək.
– Bir də Xəccənin oğlu Şahini. Sabah, səhər saat onda hərbi komissarlıqda olmalıdılar.
– Özləri bilirmi?- kimsə soruşdu.
– Hələ yox. Mənə də indicə zəng edib dedilər.
– Hər birimizin borcudur. Vətənə canımız fəda. Sağ-salamat gedib qayıtsınlar. Qələbə muştuluğu ilə. Ancaq niyə elə onlar? Şahini Xəccə arvad nə müsibətlə böyüdüb- Süleyman əmi dilləndi.

Kənddə hamının “Xəccə” çağırdığı, Qulam kişi gilə qonşu olan Xədicə xala bir ildir ki, əsgəri xidmətdən qayıtmış oğlu Şahini və qızı Səmayəni təkbaşına böyüdüb boya-başa çatdırmışdı. Rəsmi nikahları hələ qalsa da, Şahin onbeş yaşında olarkən əri kənddən çıxıb getmişdi. Deyilənə görə rayonda nikahdankənar saxladığı arvad var imiş, onu da götürərək başqa rayona köçmüşdü. Kəndlə, qohum-qardaşla, Xədicə ilə heç bir əlaqəsi yox idi. Öldü – qaldısını da heç kim bilmirdi.
– Əvvəla, Şahin də, o biriləri də əvvəlcədən gedib könüllü olaraq cəbhəyə getmək istədikləri barədə hərbi komissarlığa müraciət etmişdilər. İkincisi…
– Bəyəm kənddə könüllü olaraq cəbhəyə getmək üçün yazılmayan əli silah tutan kimsə qalmışdı ki? Təkcə onlar deyildi ki – Abasqulu söhbətə qarışdı.
– İkincisi, düzdür demək olar ki, hamı könüllü getmək istədiyini bildirib. Ancaq ümumi deyil, qismən səfərbərlik elan olunub. Mənim də səbəblər barədə dəqiq məlumatım yoxdur. Gümanlarım var. Fikirləşirəm ki, çağırılanların üçü də əsgərlikdən nisbətən təzə gəlib. Hələ yadırğamayıblar. Bir də ki, bu uşaqlardan biri əsgərlikdə topçu, biri minaları təmizləyən, Şahin isə komandir otdeleniya olub – tağım komandiri. Deyirəm yəqin onlara ehtiyac var. Nə qədər ərazilərimizdən düşməni qovmuşuq. Allah bilir oralara düşüb partlamamış, ermənilər tərəfindən basdırılmış nə qədər bombalar, minalar var.

Seyfəddin bir az fasilə verdi. Çaydan bir-iki qurtum içib dilləndi:
– Qulam kişi, indi mən bu xəbəri başqalarını demirəm, Xəccə xalaya necə çatdırım?
Ancaq nahaq yerə deməyiblər ki, yerin də qulağı var. Heç bir saat keçməmiş artıq kənddə hamı sabah kimlərin cəbhəyə yollanacaqlarını bilirdi. Və sabahı gün kənd içində böyük qələbəlik var idi. Cəbhəyə gedənləri yola salırdılar. Hər kəs sifətlərindən sevinc, qürur yağan bu üç gəncin əlini sıxmağa, qucaqlamağa çalışır, uğurlar, qələbə müjdəsi arzulayırdı. Nəhayət Qulam kişi dilləndi:
– Yaxşı, gecikərsiniz, vaxtdır, əyləşin maşına. Sizə uğurlar. İnşaallah tezliklə qələbə ilə, sağ-salamat qayıdasınız.
Yola salınanları ən son qucaqlayıb öpən Xədicə xala oldu. Əvvəl digər iki gənci, sonra isə Şahini qucaqladı. Qonşu kənddə ərdə olan bacısı Səmayə də axşamdan gəlmişdi. İndi qardaşının qolundan tutub ona sığınmışdı. Xədicə oğlunun üzündən öpüb başını sinəsinə sıxaraq saçlarını dərindən iyləyib dedi:
– Oxqay! Anan sənə qurban, bala. Düşmənə arxa çevirsən, südümü sənə halal eləmərəm. Ürəyində isə nədənsə başqa şey fikirləşdi: “Bircə öyrənə bilmədim ki, balamın istəklisi varmı. Elə hər soruşanda zarafata saldı, “Hələ tezdir”, “Baxarıq”, “Narahat olma” deyib bir dürüst cavab vermədi. Bir istədiyi olsa idi mənə də deməsə heç olmasa bacısına, ya dostlarının birinə deyərdi yəqin.”
Maşını olanlardan hər kəs cəbhəyə gedən bu üç gənci öz maşını ilə aparmaq istəsə də, onlar həmyaşıdları İsmayılın “Niva”sına əyləşdilər. Digər maşınlarla müşayiət etmək istəyənlərə Qulam kişi icazə vermədi:
– Qələbəlik yaratmayın. Qoy vayennilər işlərini rahat görsünlər. Yəqin rayonun digər kəndlərindən də çağırılanlar var. İndi onların hərəsini bir dəstə maşın yola salmağa gəlsə basabas yaranmazmı?
Digər ağsaqqalların da məsləhəti ilə cəbhəyə gedənləri rayonla şəhəri birləşdirən ana yola qədər ötürüb qayıtmağa icazə verildi. Gurultulu alqış, çəpik səsləri yola düşən maşınların mühərriklərinin səsini eşidilməz etdi…
Gənclərin cəbhəyə yola salınmasından bir həftə keçmişdi. Cəmisi bir həftə. Bu müddət ərzində qoşunlarımız ciddi uğurlara imza atmışdı. Düşmənin otuz ilə yaxındır ki, tikib bərkitdikləri, fəxrlə “keçilməz”, “dəfolunmaz” adlandırdıqları neçə-neçə istehkamları, çoxlu sayda hərbi texnikası, canlı qüvvəsi əsgərlərimiz tərəfindən darmadağın edilmiş, nə qədər də texnika və silah-sursat qənimət kimi götürülmüşdü – düşmən bütün bunları döyüş meydanında qoyub qaçır, geri çəkilirdi. Hətta düşmən bölmələrindən birinin döyüş bayrağını da qəhrəman əsgərlərimiz ələ keçirmişdi. Strateji əhəmiyyət daşıyan yüksəkliklərin artıq əksəriyyəti qoşunlarımızın nəzarətində idi.
Kənddə, kənd içində də bütün söhbətlər məhz döyüşlər barədə idi. Hər tərəfdən:
– Axşam baxdın Az.Tv-də? Gördün düşmən meyitlərini?
– Ermənin kalonunu gördün necə vurduq?
– Dığaların təpəsinə mərminin necə düşdüyünü…
– Hə, hə, istədilər qaçıb akopa girsinlər, uspet eləmədilər.
Seyfəddin poçtun qarşısındakı palıdın altında söhbət edən gənclərə yaxınlaşıb gülə-gülə salam verdi. Sifətindən sözlü olduğu açıq sezilirdi. Bir daha gəncləri süzüb dilləndi:
– Görürəm ki, əsas xəbərdən, son xəbərdən xəbəriniz yoxdur.
İnternet məhdudlaşdırıldığından saatbasaat yenilənən xəbərləri televizordan öyrənir və axşamüstü çayxanalarda bölüşürdülər. Gündüzlər hərə öz işində gücündə olurdu. Hamının ona maraqla baxdığını görən Seyfəddin isə müəmmalı şəkildə susurdu.
– Di yaxşı, hə?- gənclərdən biri dilləndi.
– Şanlı ordumuz Suqovuşanı azad edib!
– Suqovuşan?
– Ayıb olsun. Bu oranın tarixi adıdır ki, ermənilər dəyişib Madagiz qoymuşdular. Ali baş komandanımız bu münasibətlə ordumuzun oranı azad etmiş komandirini təbrik etmiş və bu təbrikin bütün şəxsi heyətə çatdırılmasını tapşırmışdır. Elə bu gündən də Madagizin Suqovuşan adlandılıdığını elan etmişdir.
– Ura! Eşq olsun şanlı ordumuza! Eşq olsun Ali Baş Komandanımıza – Prezidentimizə!- gənclər əl çalıb alqışladılar.
Axşamüstü bugünkü iş-gücünü başa vurub kənd içinə çıxan, çayxanalarda çay içib söhbət edənlərin hamısı bu mühüm qələbə xəbərinin sevincini bölüşürdü. Həmin günün axşamı isə kəndin müxtəlif istiqamətlərindən eşidilən səs-küy getdikcə artmağa, birləşəməyə, daha da yüksəkdən gəlməyə başladı. Camaat ev-ev, məhəllə-məhəllə küçəyə axışırdı. İndicə televizorda əvvəl azad edilmiş yeddi kənddən əlavə bu gün Tərtər, Cəbrayıl və Füzuli rayonlarına aid olmaqla ümumilikdə daha yeddi kəndin ordumuz tərəfindən azad olunduğu rəsmi olaraq elan edilmişdi. Camaat coşan sevincini bölüşmək üçün axışırdı küçəyə. Hər tərəfdən alqış və ordumuzun, dövlətimizin, vətənimizin – Azərbaycanın ünvanına “var olsun”, “yaşasın” kimi şüarlar səslənirdi. Bu coşqu hər kəsi ruhlandırır, sevincinə sevinc qatır, onsuz da yüksək olan qələbəyə inam hissini daha da artırırdı – bu xalqı, bu milləti, sarsılmaz xalq-ordu-dövlət birliyini yenmək mümkün deyil!
Adətən bazar günləri kənd içi bütün günü və daha qələbəlik olurdu. Bu gün də bazar günü idi. Bir aydan artıq idi ki, müharibə davam edirdi. Artıq Zəngilan, Füzuli, Qubadlı, Cəbrayıl şəhərlərində üçrəngli bayrağımız dalğalanırdı. Şanlı ordumuzun uğurları barədə cəbhədən gələn sevindirici xəbərlər bir-birini elə sürətlə əvəz edirdi ki, bir xəbərin sevincini doyunca yaşamamış, bölüşməmiş ikinci, daha gözəl xəbər gəlirdi.
Amma… Hər kəs bilir ki, müharibə itkisiz olmur və onun sərt qanunları var. Nə qədər qələbə sevinci yaşasan da, itkilərə də hazır olmalısan. Çayxanalardakı sevinc dolu söhbətləri də bu bazar gününün itki barədə bir xəbəri – Şahinin həlak olduğu xəbəri kəsdi, söhbətlərin mövzusunu dəyişdi:
– Xəccə arvad bilirmi?
– Bilir, bilir.
– Yazıq arvad görəsən eşidəndə nə edib.
– Heç nə. Bircə onu deyib ki, ürəyimə dammışdı, yuxumu qarışdırmışdım. Bir də deyib ki, oğlumun necə öldüyünü mütləq öyrənməliyəm. Əgər düşmən qabağından qaçıbsa, bədbəxtliyimə, nankor və qorxaq övlad böyütdüyümə görə öz halıma ağlayacağam, onun ölümünə yox.
– Vallah mən bir şey başa düşmədim. Axı bir həftə, on gün qabaq Şahin evlərinə zəng etmişdi. Bizim qarı da Xəccə gildə olub. Kef-əhvaldan sonra Xəccə onun vəziyyəti ilə maraqlanıb, Şahin də deyib ki, narahat olma, mən arxadayam. Xəccə də: “Ayıb olsun sənə, səni oraya aparıblar ki, arxada gizlənib başını girələyəsən?!” deyə ona acıqlanıb,- Qulam kişi köks ötürüb əlavə etdi,- arxada idisə necə şəhid olub bəs.
Bir gün sonra nahardan az keçmiş kənd sakinlərinin demək olar ki, hamısı kənd içində idi. Şahinin cənazəsini gətirəcəkdilər. Əllərində çiçək olanlar da vardı. Yuxarı sinif şagirdləri əllərində Şahinin şəklini, üçrəngli bayrağımızı tutmuşdular. Kənardan baxan elə bilərdi ki, hansısa mötəbər bir qonağı qarşılamağa yığışıb bu camaat. Hamı nigarançılıqla ana yoldan gələn yola boylanırdı. Bir azdan kimsə “gəlirlər” deyib aşağı tərəfləri göstərdi. Camaat arasında bir canlanma yarandı. Azca keçmiş cənazəni qarşılamağa getmiş bir neçə kənd maşını ucadan siqnal verə-verə, arxalarınca da qara rəngli üstüörtülü bir maşın kənd içinə daxil oldu. Camaata çatıb dayandılar. Qara rəngli maşından düşən hərbi geyimli kapitan:
– Allah şəhidimizə rəhmət eləsin. Evlərini göstərərsinizmi?- camaata müraciətlə dilləndi.
– Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq komandir, buradan evlərinə qədər çiynimizdə aparacağıq – Yunis dayı cavab verdi.
– Nə deyirəm ki, ağsaqqal, məsləhət sizindir, ancaq biz də dəfndə iştirak etmək, əsgər yoldaşları ilə ona son borcumuzu vermək, məzarı üstündə yaylım atəşi açmaq istəyirik,- deyə kapitan maşının arxasına keçib qoşa qapısını taybatay açdı. İçəridə olan dörd əsgər Azərbaycanın ay-ulduzlu, üçrəngli bayrağına bükülmüş tabutu camaata verdi. Heç kim haray-həşir, ah-vay etmirdi. Camaat tabutu görüncə gurultulu alqış sədaları ucaldı. Hər kəs bir addım da olsa aparmaq üçün tabuta çiyin verməyə can atırdı. Ağsaqqallardan kimsə:
– A bala, yavaş, tələsməyin, növbə ilə…
Alqış və səsləndirilən şüarlar onun səsini eşidilməz etdi. Bu alqış səsləri, şüarlar düz Xədicə arvadın qapısına qədər davam etdi. Nəhayət darvazadan daxil olub tabutu əvvəlcədən həyətdə qoyulmuş uzun stulun üstünə qoydular. Camaat aralandı və Xədicə arvad yaxınlaşdı. Ancaq tabuta yox, kapitana yaxınlaşdı:
– Düzünü de, bala, oğlum necə ölüb? Arxadan vurulmayıb ki?
– Oğlunuz ölməyib, ana, şəhid olub. Özü də qəhrəmancasına. Yaralanmış əsgərimizi döyüş meydanından uzaqlaşdırmağı əmr edərək düşmənin qarşısını kəsib. Uzun müddət atışandan, təkbaşına neçə düşmən əsgərini məhv edəndən, çiynindən və sol qolundan yaralanandan sonra da, əsgərlərimiz köməyə gələnədək mövqeyini tərk etməyib, təslim olmayıb və köməyə gələn əsgər yoldaşlarının qolları arasında şəhid olub. Səfərbər olunanlar arxada, ehtiyatda saxlanılsalar da, şəhid Şahin Bayramov gəldiyi gündən dəfələrlə komandanlığa müraciət edərək bu əraziləri yaxşı tanıdığını, döyüşmək istədiyini bildirib döyüşə göndərilməsini dönə-dönə xahiş etmiş və gəldiyinin üçüncü günü ön xəttə göndərilmişdi.
– Düzünü de, oğul, axı o mənə arxada olduğunu demişdi.
– Bilirəm, ana. Sizi narahat etməmək üçün demişdi. Mənim telefonumla zəng vurmuşdu. Cəbhə xəttində telefondan istifadəyə icazə verilmir. Şahin ayağından yüngül qəlpə yarası almışdı. Arxaya, hospitala gətirmişdik. Yarasını sarıyandan sonra vəziyyətinin yaxşı olduğunu deyib, həkimlərin də razılığını alıb döyüşə qayıtmağını israrla xahiş etdi. Mən heç olmasa bir həftə qalmağını istəsəm də, dediyindən dönmədi. Zəngi də elə hospitalda olanda etmişdi.
Yalnız bundan sonra Xədicə arvad tabuta yaxınlaşdı, sığallayıb öpdü və qucaqlayıb üzünü onun üstünə qoyaraq pıçıldadı:
– Haqqım, südüm sənə halal olsun bala! Məni xəcil eləmədin. Vətənimizin, xalqımızın başı sağ olsun.
…Dəfindən qayıdarkən Qulam kişi və Süleyman əmi arxada, Abasqulu isə qabaq oturacaqda bir maşına əyləşdilər. Asfalt yola çıxanda Abasqulu arxaya tərəf çevrilib:
– İkiniz də məni yaxşı tanıyırsınız. Özünü tərifləmək olmasın, bilirsiniz ki, heç vaxt heç kimin heç nəyində gözüm olmayıb, heç kimin paxıllığını çəkməmişəm, həmişə qonşumun ikiinəkli olmasını arzulamışam… Məndən ağsaqqalsınız, üzüm ayağınızın altına… Bilirsiniz ki, mənim üç qızım var. Allaha şükür üçünün də ailəsi, uşaqları, ev-eşiyi, dolanışıqları… Heç vaxt oğlum olmadığına yanmamışam, Allah verənlə razılaşmış, “qızlar da olmasa idi necə olardı” deyə düşünmüş, qismətimə şükür etmişəm. Ancaq düzünü deyim ki, bu gün ilk dəfə paxıllığım tutdu. Xəccə arvada paxıllıq etdim. İlk dəfə oğlum olmadığına heyifsiləndim. Düşündüm ki, kaş mənim də oğlum olaydı. Tək bircə oğlum olaydı və o da bu vətən, bu millət yolunda şəhidlik zirvəsinə ucalaydı – deyib dərindən köks ötürdü və cavab gözləmədən yönünü dəyişib qabağa çevrildi…

Bakı, 03 noyabr – 2020.

Adəm Asnı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button